Qarabağa səfər edənlər postlarda yoxlanacaq - Rəsmi

19.01.2022 16:09     Sosreaksiya     282

Yanvarın 24-dən etibarən Ağdam və Şuşaya müntəzəm avtobus marşurutları təşkil olunacaq. Polisin əsas funksiyası marşrutda olanların təhlükəsizliyin təmin etmək olacaq.

Bunu Trend-ə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, başqa rayon və şəhərlərimizə gedərkən yollar necə təhlükəsizdirsə, azad edilən torpaqlarımız da təhlükəsizdir.

"Sadəcə müharibə təzə bitdiyindən marşrutların hərəkət edəcəyi istiqamətlərin bəzi yerlərində mina və partlamamış sursatlar var. Bu istiqamətlər üzrə gedən şəxslərin portaldan qeydiyyatdan keçməsinə baxmayaraq polis postlarında təkrar yoxlanılacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, 24 yanvar tarixindən etibarən Bakı-Şuşa və Bakı-Ağdam istiqamətində müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Bakı-Şuşa-Bakı marşrutunun birtərəfli qiyməti 10.40 manat, Bakı-Ağdam-Bakı marşrutunun birtərəfli qiyməti 9.40 manat təşkil edəcək. Həmçinin yanvarın 24-dən Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətində də marşrutlar açılacaq.İşğaldan azad edilmiş ərazilərə sərnişin marşrutlarına biletləri “Yolumuz Qarabağa” portalından əldə etmək olacaq. Vətəndaşlar portala daxil olduqdan sonra "ASAN login" vasitəsilə bilet ala biləcəklər.

Reaksiya.az

Şərhlər