Bakıya gətirilən ən bahalı avtomobilləri məmurlar alıb - Araşdırma

28.01.2016 15:43     A-reaksiya     2133

Bakı Metropolitenində, Hesablama Palatasında, «Qaçqınkom»da bahalı maşın həvəskarları əyləşib

Prezident İlham Əliyev məmurlara xarici avtomobillərdən düşüb, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "LİFAN"a minməyi tövsiyə etdi. Bu avtomobillərin qiyməti markasından asılı olaraq 7-22 min manat civarındadır. Hələ 2014-cü ildən MR Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvanda "LİFAN" markasından başqa avtomobillərin sürülməsinə qadağa qoyub. Bizdə bu avtomobilləri dövlət daha çox əlillərə verir. Azərbaycanda dövlət qurumlarına xidməti avtomobillərin alınmasına büdcədən vəsaitlərin ayrılması barədə ən son məlumat 2011-ci ilə aiddir. 2006-cı ildən 2011-ci ilədək bu məqsədlə dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib. Bundan sonra həmin statistika aparılmayıb. Odur ki, adətən bu statistikaya istinad olunur. Həmin sahədə bir neçə il əvvəl araşdırma aparan jurnalist Anar Xanbəyli deyirdi ki, xidməti avtomobillər təkcə büdcədən ayrılmış vəsaitlə yox, həm də büdcədən kənar, yəni qazanılan pullarla alınır və o halda büdcə təşkilatlarının avtomobil parkının yenilənməsinə həmin dövrdə yarım milyard dollardan çox vəsait xərclənib. Jurnalist məmurların xidmətində olan avtomobilləri də araşdırmışdı. Bəlli olmuşdu ki, nazirlər, komitə sədrləri əsasən "Mercedes S-klass" və "BMW-745" markalı avtomobillərdə gəzirlər. Azvision.az saytının yazdığına görə isə, Azərbaycanda vəzifəli şəxslərin xidməti avtomobillərinin qiyməti 80 mindən 200 min avroyadək dəyişir. 2013-cü ildə rayon və şəhər icra hakimiyyəti başçılarına Almaniya istehsalı olan son model BMW-lər paylanılıb. Avtomobillərin dəyəri 100 min manatdan bahadır. Sayt yazır ki, bizdə əksər hallarda komitə sədrləri və nazirlərin də xidməti avtomobilləri "BMW 750"dir. Amma onların bəziləri dövlətin ayırdığı xidməti avtomobillərdən çox şəxsi maşınlarını istifadə edirlər. Milli Məclisin komitə sədrləri üçün də yeni avtomobillər alınıb. 11 komitə sədrinin xidməti avtomobili "Mercedes E-Class"dır. Qiyməti 70-100 min dollar arasında dəyişir. Dövlət orqanları və şirkətlərin rəhbər şəxslərinin xidməti avtomobilləri arasında Almaniya istehsalı olan "Audi"lərin sayı artıb. "SOCAR-ın bütün rəhbər şəxslərinin xidməti avtomobilləri "Audi A8" və "Audi A6" modelləridir. Daxili İşlər Nazirliyində də rəhbər şəxslər üçün "Audi"lər alınıb. A6 modelinin satış qiyməti 46,500-69,500 manat, A8 modelinin qiyməti isə orta hesabla 156 min manat olub, qiyməti 200 min manata qədərdir. 
 
"Bizim Yol" qəzeti Dövlət Statistika Komitəsinin saytında büdcədən xidməti avtomobillərin alınmasına vəsait ayrıldığı barədə statistikanı araşdırıb. Məlum olur ki, belə bir statistika mövcud deyil. Sadəcə ölkədə olan minik avtomobillərinin illər üzrə sayı verilib, onların arasında təkcə şəxsi minik avtomobilləri ayrıca göstərilir. Buradan bəzi ipucları əldə etmək olar. Məsələn, 2014-cü ildə 1,100,124 minik avtomobilinin 1,048,094-ü şəxsi minik avtomobili olub. 52,030 avtomobilin də xidməti və şirkətlərə aid olduğunu bizə güman etmək qalır. 2000-cı ildə 332,026 minik avtomobilindən 319,297-si şəxsi, 12,729-u qeyri-şəxsi olub. 2001-2005-ci illərdə çox da sürətli olmayan artan templə qeyri-şəxsilərin sayı 12,250-dən 15,268-ə çatıb. 2006-cı ildə birdən-birə iki dəfəyə yaxın artım qeydə alınıb - 23,631 ədəd. Bu say 2007-ci ildə 27,555, 2008-ci ildə 31,493, 2009-cu ildə 33,360, 2010-cu ildə 36,025, 2011-ci ildə 38,850, 2012-ci ildə 42,163, 2013-cü ildə 43,777, 2014-cü ildə 52,030 olub. Keçən ilə dair məlumat yoxdur. Məmurlar çox bahalı avtomobilləri tenderdə almırlar, daxili müqavilə ilə götürürlər. Buna sübut Satınalmalar Üzrə Dövlət Agentliyinin keçirilmiş müsabiqələrin reyestr məlumatlarıdır. Aparılan araşdırmalarda məlum olur ki, 2010-2014-cü illərdə 36,025-dən 52,030-ə qədər artan qeyri-şəxsi avtomobilə qarşı cüzi sayda tender keçirilib. 
 
Məsələn, 2010-cu ilin baza məlumatlarına görə Maliyyə Nazirliyinin Cəlilabad rayon Maliyyə İdarəsi "Performance Center Co" MMC-dən 15,000 manatlıq nəqliyyat vasitəsi alıb. Nazirliyin Şabran və Ağdam rayon idarələri də eyni qiymətə, eyni şirkətdən nəqliyyat götürüblər. Binəqədi Rayon İcra Hakimiyyəti 15,480 manata Şəfiyev Şahin adlı fiziki şəxsdən, Əmlak Məsələləri Dövlət Komitəsinin "Hyundai Avto Azerbaijan" MMC-dən 29,900 manata nəqliyyat vasitəsi aldığı yazılır. Bu, bir nəqliyyat vasitəsinin dəyəridir, çünki cəmdə qeyd olunmayıb. Səhiyyə Nazirliyi Qubadlı Rayon Mərkəzi Xəstəxanası "Performance Center Co" MMC-dən 16,000 manata avtomobil alıb. Qax Rayon İcra hakimiyyəti 35,000 manata Elnur  Mustafayevdən nəqliyyat götürüb. Fiziki şəxslərdən, şirkətlərdən alınan avtomobillər təzə, yoxsa "ikinci əl" olub, aidiyyatı qurumlar buraxılış illərinə baxıb müəyyənləşdirə bilərlər. Təhsil Nazirliyi Müəllimlər İnstitutu Gəncə Filialı 18,000 manata "Mx-Co" MMC-dən maşın alıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Okean Avto" MMC-dən 29,492 manatlıq alış-veriş edib. Abşeron Rayon İcra Hakimiyyəti fiziki şəxs Vüqar Hüseynovdan 68,300 manat, "Flaqman A" MMC-dən də 49,980 manat dəyərində nəqliyyat vasitələri satın alıb. Dövlət Yerquruluşu Layihə İnstitutunun "Qrand Motors" MMC-dən əldə etdiyi nəqliyyat vasitələrinin dəyəri 287,635 manatdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Ramiz Mirzəyevdən 24,750 manata avtomobil alıb. Maliyyə Nazirliyi Qusar Rayon üzrə Maliyyə İdarəsi "Performance Cenlr Co" MMC-dən 15,000 manat "Chevrolet" Niva avtomobili əldə edib. Zərdab rayon İH də həmin şirkətdən bu maşından alıb.  
 
İdarə və təşkilatlar daha çox avtomobillərin ehtiyat hissələri, təmirinə pul sərf edib, bir də onların sığortasına. Bunların bəziləri bazada əksini tapıb. Məsələn, Mərkəzi Bank əsas vəsaitlər, nağd pul və nəqliyyat vasitələrinin sığortalanmasını 234,995 manata "Paşa Sığorta"ya həvalə edib. MB nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsinə də "Urud" firmasına 123,000 manat verib. Nəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması çox vaxt nəqliyyatın özündən baha-başa gəlib. "Bakıelektrikşəbəkə" ASC "Sintez" MMC-dən 604,152 manatlıq avtomobil hissəsi alıb. Daxili İşlər Nazirliyi 451,705 manatlıq avtomobil ehtiyat hissələri, 403,805 manatlıq da avtomobil şinləri alıb və beləliklə 855,510 manat ehtiyat hissələrinə gedib. Vergilər Nazirliyi 22 min manatlıq avtomobil yağı alıb, amma nə vaxt avtomobil alıb, tender məlumatı yoxdur. Maraq üçün təkcə bir ildə ehtiyat hissələrinə xərclənən pulları hesabladım. Nəzərdən qaçırmadımsa 2,722,307 manatı müxtəlif təşkilatlar ehtiyat hissələrinə xərcləyib. Amma nəzərə alsaq ki, idarə və təşkilatların çoxu satınalmanı dövlət qurumunun xəttilə aparmır, müqavilə ilə həll edir, bu rəqəmin dəfələrlə çox olduğunu düşünmək olar. Tenderlərin məzmunundan çıxış edərək deyə bilərəm ki, dövlət qurumlarında ucuz avtomobilləri rəsmiləşdirib, bahalı avtomobillər üçün hissələr alırlar. Üst-üstə götürəndə tenderlərdə alınan avtomobilin dəyəri, hissələrə xərclənən vəsaitlərdən azdır - 658,315 manat nəqliyyat vasitəsinə qarşı 2,722,307 manatlıq ehtiyat hissəsi. Guya məmurlar köhnə avtomobil istifadə edirlər, əsas vəsaiti də onların təmiri və hissələrinə xərcləyirlər. Əslində belə deyil, avtomobilləri 4-5 il sürüb balansdan çıxarırlar. Sonrakı illərdə də eyni statistika təkrarlanıb, daha çox ehtiyat hissələri alınıb, sığortalanmaya pul gedib. Yüksək sığorta məbləği əsasən bahalı maşınlara sərf olunur, 10-15 min manatlıq avtomobillər göstərilən sığorta məbləği ilə ziddiyyətlidir.   
"Azərsu" ASC bir ildə 6,630,618 manatlıq xidməti və xüsusi təyinatlı maşın alıb. 2011-ci ildə "Revanş" MMC adlı şirkətdən 209,654 manatlıq "KİA Sportage" avtomobilləri alınıb. Bu avtomobillərin Azərbaycanda rəsmi distribütoru eyniadlı şirkətdir, "Revanş" MMC-nin isə internetdə boş bir "Facebook" səhifəsindən başqa haqqında məlumat yoxdur. "Grand Motors" MMC-dən də 1,000,074 manatlıq minik və yük avtomobili əldə edilib. Sonra təzədən "Grand Motors" MMC, "AS Texnika" MMC, "Gəncə Avtomobil Zavodu" İB, "İmprotex Truck and Buses" MMC-yə də 5,420,890 manatlıq bir sifariş verməklə su təchizatı və kanalizasiya sisteminin istismarına tələb olunan xüsusi təyinatlı maşın və mexanizmlər satın alınıb. Sonrakı ildə "Toyota" avtomobilinin alınması da yenə 56,451 manata ("Revanş" MMC) başa gəlib. 2013-cü ildə də 70 min manat, daha sonra 59,000 manata "Toyota Avalon" markalı avtomobil alıb. 
 
2013-cü ildə Ədliyyə Nazirliyi Penitensiar xidməti 45,430 manata "Toyota Highlander" avtomobili əldə edib. Manat nüfuzdan düşmədən əvvəl bu qabaritli avtomobil həmin civarda idi. Lyuks avtomobildir, nazirlik onu hansı səbəbdən alıb, bilmirəm. Gənclər və İdman Nazirliyi 145,000 manata nəqliyyat vasitələri icarəyə götürüb. Dövlət Sosial Müdafiə Fondu minik avtomobillərinə 552,249 manat sərf edib. DİN 235,281 manatlıq ehtiyat hissəsi, 64 min manatlıq da "Niva" markalı avtomobil alıb. Daha sonra yenə avtomobil ehtiyat hissəsi "İlqar-MR" MMC-yə düz 500,851 manatlıq tender qazandırıb. Bu firmanın adı "dövlət qurumlarından iri məbləğdə tender götürənlərin siyahısı"ndadır. Nazirlik 171,690 manata şin və akkumulyator batareyaları, 339,984 manata da sürtkü materialları alıb. Əlavə olaraq yenə 624,182 manat şinlərə, müxtəlif adda ehtiyat hissələrinə də 800,709 manat ("Muravto" MMC) xərcləyib. "Xırda xərclər"i sadalamıram. Bakı Metropoliteni iki "Kia Optima" və bir "Toyota Lexus" markalı avtomobilə 213,580 ("Duet" firması) manat verib. Avtomobilin birinin qiyməti 71,193 manata düşür xanımlar və cənablar! Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi belə "Nurgün Avto" MMC-dən 34,200 manata avtomobil alıb. Dövlət Sərhəd Xidməti 787,428 manata minik avtomobilləri, zirehli və inşaat texnikaları üçün avtoşinlər, 200,927 manata minik, 339,984 manata da yük avtomobillərinə ehtiyat hissələri alıb. Səhiyyə Nazirliyi "Mercedes Vito" və "Mercedes Sprinter" markalı təcili yardım avtomobillərinə ehtiyat hissələri və kuzov şüşələrinə 235,955 manat sərf edib. "Meliorasiya və Su Təsərrüfatı" ASC minik avtomobillərinə 295,000 manat, kiçik tonnajlı yük avtomobillərinə də 522,500 manat ("Grand Motors" MMC) xərcləyib. 
 
2014-cü ildə Hesablama Palatası "Toyota Bakı Mərkəzi" MMC və "Lexus Bakı" MMC-dən 200,000 manatlıq nəqliyyat vasitələri alıb. Palata onun-bunun büdcəsini yoxlayır, vəsaitlərin səmərəli xərclənib-xərclənmədiyinə qiymət verir, özü isə gedib harada bahalı avtomobillər var, onlardan yapışıb. Dövlət Sərhəd Xidməti 7 ədəd Niva "Shevrolet" avtomobili üçün "Performance Center co" MMC-yə 94,380 manat ödəyib. 
 
Ötən il İqtisad Universitetində 73,800 manata nəqliyyat vasitəsi alınıb. Burada da yenə cəmdə işlənmədiyinə görə bir avtomobilə bu qədər vəsait sərf olunub, yoxsa bir neçəsinə, bəlli deyil. Alınan avtomobillərin ümumi dəyərini hesablamıram, çox vaxt qiymət milyona da çatmır. Həm də yüksək çinli məmurların xidmətində olan bahalı avtomobillər burada əksini tapmır. Əvəzində təmiri, ehtiyat hissələri, sığortasına milyonlar ayrılır. MB yenə "Paşa Sığorta"da 271,445 manatlıq sığorta aparıb, 400,219 manat bir dəfə, 336,528 da sonra nəqliyyat vasitələrinə texniki xidmətin göstərilməsinə sərf edib. "Təmiz Şəhər" ASC şinlərə 292,014, digər ehtiyat hissələrinə də 291,000 manat xərcləyib. Əslində digər qurumların MB-dən fəqli olduğunu düşünmürəm, sadəcə Vergi, Maliyyə, Gömrük, Neft Fondu, Dövlət Neft Şirkəti, Nəqliyyat Nazirliyi kimi pullu təşkilatlar avtomobillərini tenderlərdə almırlar. Ya da Agentlik bütün təşkilatların keçirdikləri satınalmaları web-saytında yerləşdirmir. Əks halda dəqiq rəqəmlərə çıxardıq. Təkcə texniki qulluq və sığortadan anlamaq olur ki, məmurlar necə bahalı avtomobillərdə gəzirlər. Bu araşdırmadan bəlli olur ki, avtomobil ehtiyat hissələri də dövlət idarələrində pul "silmək" üçün istifadə edilən xərc maddələrindən biridir, ya da elə bahalı avtomobillər sürürlər ki, iri məbləğlər xərcləməyə məcbur qalırlar.   
  
Məmurlara tövsiyə olunan avtomobilə gəlincə, nə qədər sağlamdır, bu başqa məsələdir. İnternet resurslarında apardığım kiçik bir araşdırmadan bəlli olur ki, baş verən bir çox qəzalarda xarici avtomobillərdəkindən fərqli olaraq "LİFAN"ın sürücü və sərnişinləri ağır yaralanıb, ya da həyatlarını itiriblər. Məmurların onu "sevəcəklərinə" inanmıram. Prezidentin sözündən sonra qınağa boğulub bəlkə alarlar, hətta şəhərdə də o avtomobillərlə görünərlər, amma rayonlara istirahətə gedəndə qiymətli həyatlarını "LİFAN"a etibar edəcəklərini düşünmürəm. 

Şərhlər