Niyə Rusiya şirkətləri neftin ucuzlaşmasından ziyan çəkməyib? - TƏHLİL

28.01.2016 20:36     A-reaksiya     1759

Rusiyanın neft şirkətləri xam neft qiymətlərinin azalmasından demək olar ki, ziyan çəkməyiblər.

Ötən il onlar hasilatı rekord 534 milyon tona çatdırıblar ki, bu da 2014-cü ildə olduğundan 1, 5 dəfə çoxdur. Dekabr ayında hasilat gündə 10,8 milyon barrel olub və bu, tarixi maksimum sayılır.

Hələki neft şirkətləri investisiyaların kəskin azalmasından şikayətlənməyiblər, əksinə bir çox analitiklər qeyd edirlər ki, şirkətlər xərcləri, ən azı rublla artırmaq niyyətindədirlər. Onların sözlərinə görə, yaxın bir neçə ildə hasilat artmaqda davam edəcək.

Faktiki olaraq, Rusiya vergi sisteminin sayəsində neft sahəsindəki iş şəraiti dəyişməyib. Ekspertlərin dediyinə görə, istər bir barrelin 45, istərsə də 100 dollar olduğu şəraitdə bu belədir.

Lakin 2018-2019-cu illərdən sonra, vergi sistemi lap dəyişsə də, hasilat hər halda azalacaq.

Amma əgər hökumət vergi qanunvericiliyini dəyişsə, onda bu sahəyə ağır zərbə dəyəcək. Bu halda ən bədbin ssenari işə düşə bilər: şirkətlər investisiya yatırmayacaq, köhnə yataqlar tükənəcək, yeniləri isə inkişaf etdirilməyəcək və Rusiyanın alver etmək üçün heç nəyi olmayacaq.

Devalvasiya niyə neftçilərə əl verir?

Neft şirkətləri devalvasiyadan ona görə udublar ki, onların rublla xərcləri azalıb. Sberbank Investment Research firmasının analitiki Valeri Nesterov BBC Rus xidmətinə deyib ki, şirkətlər qazma işlərinə, Rusiya istehsallı avadanlığın alınmasına və başqa işlərə daha az pul xərcləyiblər. Əslində rubl xərclərinə şirkətlərin ümumi xərclərinin 90 faizi düşür.

Ekspertin fikrincə, Rusiyada ötən il neft hasilatının artımına imkan yaradan da elə rublun zəifliyi olub. Devalvasiya şirkətlərə milli valyuta ilə xərclərini artırmaq imkanı verib. Ötən il şirkətlərin rublla kapital qoyuluşu 20 faiz artıb. Hərçənd bu rəqəm dollarla xərclərdə 25 faiz azalıb.

Fitch agentliyinin hesablamasına görə, Rusiyada bir barrel neftin hasilatı 10 dollardan aza başa gəlir. BP və Total şirkətləri üçün bu rəqəm 20 dollardan çoxdur. Əməliyyat xərclərinə nəqliyyat, inzibati və başqa xərclər daxil deyildir.

Nesterovun hesablamasına görə, Rusiyanın köhnə yataqlarında hasilatın maya dəyəri 7, yeni yataqlarda isə 12 dollardır. Lakin əgər bura nəqliyyat xərcləri, vergilər və başqa xərclər də əlavə olunarsa, bu rəqəmlər 20-30 dollara çatar.

Rusiya neft şirkətlərinin vergiyəqədərki gəliri ilk doqquz ayda 29 faiz azalıb və bu zaman Brent markasından olan neftin qlobal qiyməti 48 faiz düşüb.

Neft şirkətləri nə qədər vergi ödəyir?

Rusiya neft şirkətləri üç əsas vergi növü üzrə ödənişlər edirlər: gəlir vergisi, ixrac rüsumu və faydalı qazıntıların hasilatı üzrə vergi. Ən böyük ödənişlər son iki vergi növünün payına düşür. Bu ödənişlər hasilatın və ixracatın həcmlərindən asılı olaraq dəyişir. Faktiki olaraq, Ruisiya büdcəsi neft şirkətlərini itkilərdən qoruyur, hərçənd qiymətlər qalxdıqca gəlirin əsas hissəsi də dövlətə çatır.

Moskvadakı EY neft-qaz mərkəzinin direktoru Denis Borisov BBC-yə izah edib ki, belə vergi rejimi və devalvasiya sayəsində sahənin iş şəraiti, neft qitymətlərinin 45 dollar olduğu situasiyada, qiymətin 100 dollar olduğu vaxtlardakı kimi qalır.

Fitch reytinq agentliyi bildirib ki, hazırda Rusiyanın neft sahəsi üçün ən böyük təhlükə vergi qanunvericiliyinin dəyişdirilməsi olardı. Bu da deyilməlidir ki, faydalı qazıntıların hasilatı vergisi artırılsa da, eksport rüsumu dondurulub. Agentliyin qənaətinə görə, belə vəziyyət hələki ciddi ziyan vura bilməz. Şirkətlər bütünlükdə 5-7 faiz itkiyə məruz qala bilərlər.

Lakin agentlikdə başqa variantları da mümkün sayırlar. Məsələn, əgər neft qiymətləri uzun müddətdə 35 dollardan aşağı olarsa, hökumət vergiləri artıra bilər. Bu isə öz növbəsində investisiya qoyuluşunun azalmasına və itkilərə, habelə orta müddətdə Rusiyanın neft hasilatında azalmaya gətirib çıxara bilər.

Belə bir riskin olduğunu Nesterov da qeyd edir: 2012-2014-cü illərdə neft və qaz gəlirləri büdcənin təxminən yarısını təşkil edib. Və burada 40 faiz məhz neftin payına düşüb. Onun fikirncə, belə bir şəraitdə hökumət artmaqda olan büdcə kəsirini bağlamaq üçün mənbə axtarır. Belə bir ehtimal var ki, bu mənbə yenə də neft sahəsi olacaq. Bu il vergilər çox güman ki, qaldırılmayacaq, lakin 2017-ci ildə bunun baş verməsi mümkündür.

Rusiyada neft hasilatı azalmağa başlayacaqmı?

Analitiklərin əksəriyyəti əmidir ki, yaxın illərdə neft hasilatı keçmişlərdə yatırılmış investisiyalar sayəsində artmaqda davam edəcək.

Bank of America Merrill Lynch firmasından Karen Kostanyan BBC-yə deyib ki, son 5-6 ildə şirkətlər Şərqi Sibir, Xəzər və başqa regionlarda yataqların inkişaf etdirilməsinə təxminən 100 milyard dollar investisiya qoyublar. Hazırda məhz bu yataqlar işləməyə və Qərbi Sibir və Uraldakı tükənən yataqları əvəz etməyə başlayıb.

Kostanyanın dediyinə görə, bundan başqa yetkin yataqlara rublla investisiyalar, devalvasiyaya görə 10 faiz artıb. Yeni qazma texnologiyaları tətbiq etməklə bu yataqları yenə də inkişaf etdirmək olar.

Ekspert ümumilikdə güman edir ki, 2018-ci ilədək Rusiyada hasilat dəyişməyəcək və ya neft qiymətlərinin uzun müddətdə 30 dollardan aşağı qaldığı şəraitdə hətta kiçik artım da müşahidə olunacaq, daha sonra isə hasilat azalacaq. Bu vəziyyətdən yalnız vergi rejimini dəyişməklə qaçmaq olar.

O həmçinin hesab edir ki, neft qiymətləri uzun müddətdə 30 dollardan aşağı həddə qalarsa, hasilata yönəlik investisiyalar azalmağa başlayacaq.

Nesterov hesab edir ki, hasilat artımı 2019-cu ilədək davam edə bilər, bir şərtlə ki, neftin qiyməti gələn il 50 dollaradək qalxsın. Bu halda şirkətlər yeni layihələri reallaşdıra bilərlər.

Sberbankın proqnozlarına görə, bu il neft hasilatı yeni layihələr sayəsində 1 faiz arta bilər. Bunlardan ən əsaslısı bu yaxınlarda istismara verilmiş Yarudey yatağıdır. Bu yataq neft hasilatına bir ildə 3, 5 milyon ton artım verə bilər.

Nesterov bunu da vurğulayır ki, potensial olaraq Rusiya ildə 700 milyon ton neft istehsal etmək iqtidarındadır. Lakin belə yüksək hasilatda nə iqtisadi məna, nə də ehtiyac var. Hökumət neft hasilatını 2035-ci ilədək 530 milyon ton həddində saxlamağı planlaşdırır.

Lakin neft şirkətlərinin bəzi qiymətləndirmələrinə görə hasilat 300 milyon tonadək azala da bilər, deyir Nesterov. İndinin özündə investisiya artımını sanksiyalar və xarici maliyyələşdirmənin olmaması məhdudlaşdırır.

Borisovun məlumatına görə, ötən il ən böyük hasilat artımını Başneft (2 milyon ton), habelə Tatneft və Gazprom nümayiş etdiriblər.

Şərhlər