Tam məxfi: BBC-də kommunistləri necə axtarırdılar - FOTOLAR

29.01.2016 16:07     A-reaksiya     3727

“Sıralarımıza satqınlar soxulub, - yazırdı Waldron Smithers, - Baxmayaraq ki, mən söz azadlığının sıxışdırılması əleyhinəyəm, amma onlarla xain kimi rəftar edilməlidir”.

Bu məktub indiyədək Churchill-in qovluqlarından birində saxlanırmış və indi, üstündən 60 il keçəndən sonra milli arxivdə ictimaiyyət üçün açılıb. Qəhvəyi karton qovluğun üstündəki yazıya görə, bu sənədlər “müəyyən müddətə” qapalı qalmalıymış.

Tarixçilərin firkincə, bu onunla bağlıdır ki, Mİ5 əks-kəşfiyyat xidmətinin Soyuq müharibə dövrünə aid fəaliyyətilə bağlı sənədlər yalnız bir neçə il bundan əvvəl açıqlanıb.

Image copyrightRex Features
Image captionSmithers Churchill-i ölkədə kommunist fəaliyyətinin geniş araşdırılmasına çağırırdı

1952-ci ildə Smithers Churchilli hər hansı İngiltərə hakiminin və ya kral müvəkkilinin sədrliyi altında xüsusi komitə yaradılmasına çağırırdı. Bu komitə ölkədəki kommunist fəaliyyətinin geniş təhqiqatını aparmalı və nəticələr barədə baş nazirə məruzə etməli idi.

Bu həmin vaxtlar idi ki, ABŞ-da senator Joseph McCarthy yüksək vəzifəli şəxslərlə kommunistlərin müxtəlif amerika idarələrinə, ilk növbədə dövlət strukturlarına soxulması mümkünlüyünə dair dinləmələr keçirirdi.

“Mister Goldberg – yəhudi kommunist”

Smithersi daha çox Kommunist partiyasının BBC-dəki tərəfdarları narahat edirdi: “Müharibə olsa, radioyayın mexanizminin məhrəm sirlərinə bələd olan bu dostlar-cığırdaşlar, yayını əngəlləmək üçün yarım saatın içində bütün naqilləri kəsə və ya avadanlığa ziyan vura bilərlər”.

Image copyrightGetty
Image captionChurchill Mİ5-ə BBC-də kommunist baxışlara malik olanların aşkar edilməsini tapşırmışdı

O məktubuna, onun fikrincə kommunist və ya onlara tərəfdar olan BBC əməkdaşlarının siyahısını da əlavə etmişdi. Bunların əksəriyyəti yenicə yaradılmış Rus xidmətində işləyirdi. Onların arasında “materialların seçilməsinə nəzarət edən və özü də kommunist olan yəhudi mister Goldberg” də vardı.

Söhbət uzun illər mühüm və nüfuzlu fiqur olmuş və BBC Rus xidmətinə rəhbərlik etmiş Anatoli Goldbergdən gedirdi.

Bu məktub Churchilli o qədər narahat etmişdi ki, o adların siyahısı əlavə edilmiş sənədi Daxili İşlər Nazirliyi vasitəsilə Mİ5-ə göndərmişdi.

Nazirliyin cavabında bildirilirdi ki, baş nazirin narahatçılığına əsas yoxdur: “Təhlükəsizlik xidmətinin yaxşı ölçülüb-biçilmiş rəyi bundan ibarətdir ki, BBC üzərində kommunizm təsiri çox zəif ifadə olunur və təhlükəsizliyə hədə təşkil etmir”.

Mİ5 uzun illər ərzində BBC heyətinin yoxlanışlarını aparıb: Agentliyin gəldiyi nəticəyə görə korporasiyanın 12 min 200 nəfərlik kontingenti arasında cəmi 147 kommunist, ehtimalən kommunist və kommunistlərə rəğbətli vardı. Daxili işlər naziri hesab edirdi ki, Smithers-in təklif etdiyi miqyasda təhqiqatın aparılması “heç bir faydalı məqsədə xidmət etmədən böyük hay-küy yarada bilərdi”.

Image captionMİ5-in məlumatında bildirilirdi ki, Goldberg kommunistlərlə görüşüb

Bununla parelel olaraq Mİ5 Smithersin tərtib etdiyi siyahı barədə rəy də vermişdi. Bu rəyə görə, bu siyahıdakılardan kimlərinsə Kommunist Partiyası sıralarında olmasına dair heç bir dəlil yox idi. Rəydə bu da bildirilirdi ki, Anatoli Goldberg sovet İnformbürosunda işləyən bir tanınmış kommunistlə görüşüb, lakin məsələ bundan o yana keçməyib.

"Paylarını yaxşı vermirdi"

BBC Rus xidmətinin keçmiş başçısı Peter Frenkel Anatoli Goldbergi yaxşı tanıyırdı. “O heyrətamiz həmsöhbət idi, bu sahədə tanıdıqlarımın arasında ən yaxşısıydı” – deyir Frenkel. O deyir ki, Goldbergin Londondakı sovet jurnalistləri ilə görüşməsi onu təəccübləndirmir: “Bu onun işinə aid bir məsələ idi. Özünə gəldikdə isə, o kommunist deyildi”.

Frenkelin sözlərinə görə, Goldberg Mİ5-lə hər hansı problemləri olduğunu deməmişdi. Lakin o bilirdi ki, bir çoxları onun tonunu həddən ziyadə zəif hesab edirdilər. Yəni “onların payını yaxşıca vermirdi”.

“Goldbergin metodları daha səliqəli idi, - deyir Frenkel, - Adamları dinləyər, sonra suallar verərdi, məsələn, “İnqilab filan-filan şeyləri gətirməliydi...Gətirdimi?”

Goldbergin yanaşması uğurlu idi. Hesab olunurdu ki, BBC-nin Rus xidməti onun Vaşinqton tərəfindən maliyyələşdirilən həmkarı ilə müqayisədə daha böyük etimad doğurur, daha geniş auditoriya cəlb edirdi. Əlbəttə, bunu ölçmək üçün xüsusi bir cihaz yox idi. Amma Mİ5 və Forin ofis məqsədlərinə qismən də olsa, çatdılar: Goldberg 1957-ci ildə postundan uzaqlaşdırıldı, lakin BBC-də şərhçi kimi işləməkdə davam etdi.

Image captionBritaniyanın xüsusi xidmətləri Goldbergdən şübhələnmişdi

Peter Frenkel danışırdı ki, onun Rus xidmətindəki sələfi, Mİ6-nın keçmiş kəşfiyyat zabiti Aleksandr Liven Mİ5-dən olan keçmiş həmkarları barədə çox da yüksək fikirdə deyildi. O Frenkelə məsləhət görürdü ki, heyətin onlar tərəfindən yoxlanmasına çox da etibar etməsin və daha çox Rus xidməti əməkdaşlarına arxalansın. Çünki onlar casusu “dərhal hiss edərdilər”.

Churchill Smithers-ə cavabında yazırdı: “Mən əmin edilmişəm ki, siz kommunist təsirinin miqyasını şişirdirsiniz. Bundan əlavə hər hansı ciddi təhlükəyə qarşı müvafiq planlar artıq mövcuddur”.

Image captionChurchill Smithers-ə yazırdı ki, o BBC üzərindəki kommunist təsiri ilə bağlı narahatlığında ifrata varıb

100 nəfər

Bununla yanaşı, baş nazirin bu məsələyə şəxsi marağı qalırdı. Bir il sonra o Nazirlər Kabinetinin katibi Norman Brook-a BBC əməkdaşları arasında, hələ də nə qədər kommunistin və onlara rəğbətlinin qaldığını öyrənməyi tapşırmışdı.

Cavab belə idi: 100 nəfər. Onlardan 60-ı nisbətən aşağı vəzifələrdə olanlardır. Daha məsul vəzifələr tutan 40 nəfərin arasından 31 nəfəri xarici yayınla məşğuldur. Onun sözlərinə görə, BBC-nin baş direktoru İan Jacob-a bu adamların proqramların məzmununa təsir riskləri barədə xəbərdarlıq edilmişdi. Lakin Brook bunu da yazırdı ki, Jacob belə bir halın ən kiçik əlamətləri barədə ayıq-sayıqdır. Onun sözlərinə görə, Jacob-a bu məsələdə kömək edən o idi ki, direktor kimlərin şübhə altında olduğunu və hansı vəzifələri tutduqlarını dəqiq bilirdi.

Image captionİan Jacob “kökünü kəsmək siyasətinə” qarşı olub

İan Jacob və Daxili İşlər Nazirliyinin başçısı “kökünü kəsmək siyasəti”nin əleyhinə idilər, çünki onların fikrincə, adamların siyasi baxışlarına görə işdən çıxarılmasının yarada biləcəyi “siyasi qasırğa xeyirdən çox ziyan gətirə bilərdi”.

Siyasətçilər və BBC haqqında “Solçular və Satqınlar” kitabının müəllifi Jean Sitton hesab edir ki, bu, sırf Britaniya yanaşmasıdır: qovmaqdansa, müşahidə altında saxlamaq. Onun sözlərinə görə, bu gün BBC, hökumət və Mİ5 arasında bu qədər yaxınlıq həyəcan yaradardı, lakin bütün bunlar İkinci Dünya Müharibəsinin nəticəsi idi. Sitton deyir ki, məsələn, Churchill və Jacob çiyin-çiyinə işləyirdilər:

“Onların hər ikisi böyük ümummilli fəlakət zamanlarından keçmişdilər...Onların hər ikisini eyni təhlükələr narahat edirdi...Onların dünya baxışları eyniydi. Bu mənada Mİ5-in fəaliyyəti onlarda, bütün ömrü boyu axşam telexəbərlərində işləmiş birisi kimi nigarançılıq hissi yaratmırdı.

Şərhlər