Neft erasi bitir. Demokratiyanin yolu açılacaqmı?

01.02.2016 22:26     A-reaksiya     1765

Düzdür, nöqtə qoymaq hələ tezdir. Hətta prezidentin özü neft erasının bitdiyini və artıq post-neft erasında yaşadığımızı desə də, insanların gözü yenə də neftin qiymətindədir, hələ də ümid edirlər ki, neft yenə də kəskin bahalaşacaq və ölkəyə dollarların axını başlayacaq...

Əslində, bu gün baş verənlər onlar üçün sürpriz olmamalı idi. Hələ bir neçə il bundan əvvəl mütəxəssislər, politolqolar deyirdilər və yazırdılar ki, müəyyən müddətdən sonra neftin hasilatı aşağı düşəcək və dollar axını kəskin şəkildə enəcək...

Amma o vaxt heç kim, hətta hökumət də bu proqnozlara əhəmiyyət vermirdi.

 

Nəinki əhəmiyyət vermir, hətta özünün dost sandığı ölkələrə böyük məbləğlər hədiyyə edir, müddətsiz və faizsiz kreditlər verir, məmurlar da çıxıb “100-150 milyon dollar nədir ki?” deyirdilər...

Təsəvvür edin, indi dollarla kredit götürmüş insanlara kömək üçün bir neçə yüz milyon dollar tələb olunur, amma bu məbləğ tapılmır...

Neft erasının bitməsi təkcə dünyada neftin kəskin ucuzlaşması ilə bağlı deyil. Hasilat aşağı düşür və qlobal miqyasda alternativ enerjiyə maraq artır. Ona görə də, lap bir mahnıda deyildiyi kimi: “ötən günlərimi qaytaraydılar”...

Həm də neft təkcə dollar yağışı deyildi, o, tənbəl iqtisadiyyat demək idi, eləcə də, qeyri-azad ölkə demək idi, çünki neftin gəlirləri artıdıqca siyasi rejimin dostlarının da sayı artır, rejimə dəstək verənlər çoxalır, hamı özünün lobbiçilik xidmətini təklif edir, siyasi rejimin özünün aça bilmədiyi qapıları bu rejimim təmsilçilərinin üzünə açırdılar...

Budur, artıq rejimi saxlamaq üçün tələb olunan vəsait tapılmır. Bir az haşiyə çıxmaq olsa da, deyim ki, birinci neft müqaviləsi imzalananda yazmışdım ki, demokratiya uzun müddətə bitir...

Bu müddət düz 22 il davam etdi. Doğrusu, hələ də “Demokratiya erası gəlir!” deyə yaza bilmirəm. Ona görə ki, neft bir qədər ucuzlaşsa da, hələ ki kürü var, siyasi sistemin, necə deyərlər, topu-topxanası var, valyuta ehtiyatları var. Bunlar bir müddət çağdaş siyasi rejimi və indiki avtoritar siyasi münasibətləri saxlamaq iqtidarındadır...

Fəqət, neft “bosslar”ının ölkəyə marağı azalır. Onlar nə qədər mümkünsə qazanıb, ciblərini doldurublar. Demək olardı ki, daha onlara Azərbaycan və ya onun siyasi sistemi lazım deyil.

Fəqət, hələ qarşıda qaz var. Hökumət, böhrana baxmayaraq, bu layihəni həyata keçirməkdə israrlıdır.

Yadıma gəlir, neft dövrünün ilk illərində üç neft ölkəsini – Nigeriyanı, İranı və bir də ki, Norveçi müqayisə etməyi sevirdim. Azərbaycan Norveçdən bahalığı, İrandan sərt siyasi sistemi və Nigeriyadan da neft gəlirlərini qeyri-effektiv xərcləməyi götürdü. Bəli, biz yaxşılıqları götürməyi sevmirik və harada pis şey varsa, birinci onu götürürük...

İndi nə demək olar? Demokratiya olacaqmı? Bəri başdan deyim ki, demokratiyanı xaricdən umanlar hələ bir müddət gözləməli olacaqlar. Azadlıq və demokratiya üçün cəmiyyət güclü olmalıdır. Güclü cəmiyyət isə yoxdur...

Yalnız kritik anlarda insanların yadına düşür ki, bəs axı müxalifət də vardı və ağıllarına gələn ilk sual da bu olur ki, müxalifət niyə etiraz etmir?..

Fəqət, unudurlar ki, daha müxalifət yoxdur. Müxalifətin, siyasi partiyaların və ictimai strukturların yalnız adı qalıb...

Hətta bu adı da onlara çox görürlər. Bu yaxınlarda dedilər ki, siyasi partiyaların hüquqi statusuna bir də baxmaq və siyasi həyatda iştirak etməyən partiyaları bağlamaq lazımdır.

Bunu eşidəndə məni açığı, gülmək tutdum. Belə başa düşdüm ki, bəzilərini hətta partiyaların adları qorxudur. Qorxurlar ki, insanlar nə vaxtsa bu adların ətrafında toplaşa bilərlər...

Ona görə də, demokratiya ilə bağlı elə də nikbin deyiləm. Düzdür, ictimai fəallıq qəliz məsələdir, bir də görürsən ki, adi bir detal insanların səbr kasasını daşdırır. Fəqət, belə fors-major situasiyaları nəzərə almasaq, ciddi bir şey görünmür...

İstisna deyil ki, Qərbdən mövcud siyasi sistemi sıxışdırmaq cəhdləri olacaq və maliyyə yardımları hansısa şərtlərlə ediləcək. Məsələn, bu günlərdə deyildi ki, guya ölkə Valyuta Fondundan və Dünya Bankından yardım almaq istəyir. Gəl ki, tez bir zamanda bu xəbər ən yüksək səviyyədə təkzib olundu...

İndi biz əsl həqiqətin nə olduğunu bilmirik. Birçə onu bilirik ki, xarici maliyyə donorları həmişə müəyyən şərtlər irəli sürürlər, bu şərtlərin bir hissəsi də siyasi islahatlarla bağlı olur...

Şərhlər

Çox oxunanlar