İqtisadi inkişaf naziri Tarif Şurasına bərabət qazandırdı

06.12.2016 14:47     A-reaksiya     1761

Şahin Mustafayev: “Bu qərar əhalinin 2/3-nə təsir etməyəcək, qənaəti stimullaşdıracaq” 

 

 
İqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisdəki büdcə müzakirələrində Tarif Şurasının elektrik enerjisi və qazın tarifləri ilə bağlı son qərarından da bəhs edib. Nazir qurumun qərarına bərabət qazandıraraq bildirib ki, yeni tariflər əhalinin böyük əksəriyyətinin xərclərinə təsir etməyəcək. 
 
Ş.Mustafayev deyib ki, mavi yanacağın qiymət artımı əhalinin 60 faizinə təsir göstəməyəcək, çünki onlar illik 1500 kubmetrlik limiti keçmirlər: “Mavi qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisinin tariflərinə də baxılmasını zəruri edib. Abonentlərin 70 faizinin orta illik sərfiyatı 250 kv/saat-dan aşağıdır. Beləliklə, bu qərar əhalinin 2/3-nə təsir etməyəcək, qənaəti stimullaşdıracaq”. 
 
Ş.Mustafayev onu da deyib ki, xam neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ixrac gəlirlərini də azaldıb, manata təzyiqi artırıb, devalvasiya həyata keçirilib və üzən məzənnəyə keçid elan edilib. 
 
Onun sözlərinə görə, problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artıb: “Belə bir şəraitdə valyuta ehtiyatlarından və büdcə vəsaitlərindən səmərəli istifadənin, konservativ borclanmanın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti artır. Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiyası və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymətdinamikası, Dövlət Neft Fondunun qorunması ilə məhdudlaşdırılmış makroiqtisadi-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək, proqnozlar hazırlanıb”. 
 
Ş.Mustafayev qeyd edib ki, 2017-ci və qarşıdakı 3 il üçün neftin qiyməti 40 dollar götürülüb: “Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM 1 faiz, növbəti illərdə isə orta hesabla 2 faizdən çox artacağı gözlənilir. Koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası üçün əsas şərtlərdir”.
 
Nazir deyib ki, 2017-ci ildə Ələt-Astara magistralının tikintisinin başa çatdırlıması nəzərdə tutulur: “Növbəti ildə Bakı Dəniz Limanıın növbəti mərhələsinin tikintisinin davam etdirilməsi nəzərdə gözlənilir. Bundan əlavə olaraq  Ələt-Astara yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulur. Növbəti ildə sosoial layihələr üzrə  xəstəxana və uşaq bağçalarının təmirinin başa çatdırılması, məktəblərin əsaslı təmiri  və tikintisi ilə bağlı işlər davam etdiriləcək”. 
 
Nazir onu da əlavə edib ki, 2017-ci ildə neft sektoruna 9,7 milyard dollar, qeyri-neft sektoruna 5,6 milyard dollar həcmində sərmayə  qoyulacağı gözlənilir.

Şərhlər