Ekspert: İsrail Azərbaycanın atdığı addımlara dəstək verir

21.12.2016 11:57     A-reaksiya     1319

Elxan Ələsgərov: Azərbaycanla İsrailin münasibətləri siyasi, iqtisadi və hərbi sahələri əhatə edir

“Baku Network” Ekspert Şurasının sədri Elxan Ələsgərov deyir ki, Netanyahunun Azərbaycana səfəri gələcəyə olan başlanğıc kimi də qiymətləndirilə bilər: “Binyamin Netanyahunun Azərbaycana ilk səfəri 20 il qabaq olub. O, Prezident Heydər Əliyevlə görüşmüşdü. Bu səfər də Azərbaycan üçün çox aktual idi, çünki 20 il əvvəl Azərbaycanın vəziyyəti fərqli idi. Azərbaycan ərazilərinin hərbi işğalı təhlükəsi altında idi, erməni xüsusi xidmətlərinin həyata keçirdiyi terror hadisələrindən sonra Azərbaycan yenicə özünə gəlirdi, siyasi vəziyyət də sabit deyildi – müxtəlif qruplaşmalar aksiyalar keçirirdilər. O vaxt İsrailin də vəziyyətində çətinlik vardı və iki ölkə yaxınlaşmağa başladı”.

“İsrail Azərbaycanın atdığı addımlara dəstək verir. 2015-ci ildə İsrail prezidenti Xolokosta aid məruzəsində Xocalıya aid də bəyanat vermişdi. Bu nadir bir dövlətdir ki, Azərbaycan xalqının həssas olduğu məsələlərə çox həssas yanaşır. İsrailin Azərbaycana hər sahədə göstərdiyi kömək aprel ayında özünü daha aydın göstərdi. Aprelin əvvəlində biz bu dəstəyi Qarabağ səmasında gördük. Bu əslində dünyaya bir mesaj idi ki, hər iki dövlətin, xalqın münasibətləri gələcəkdə də inkişaf edəcək iki xalqın xeyrinə olacaq. İndiki dünyada terrorizmin əhatə etdiyi arenada bir qolunda İsrail, digər qolda isə Azərbaycanı hesab etmək olar. Çünki gedən mənfi proseslər Azərbaycan sərhədlərindən uzaq deyil”, — deyə o bildirib.

 

Şərhlər