Əli Həsənov: Aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvərliyinin bir nümunəsi oldu

22.12.2016 12:48     A-reaksiya     1348

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, digər dövlət rəsmiləri, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, Azərbaycanın gənclər siyasətinin formalaşması, gənclər siyasətinin konsepsiyasının təməl prinsiplərinin qoyulmasında əsas rol ümummilli lider Heydər Əliyevə məxsusdur.

PA rəsmisi deyib ki, ulu öndər yenidən hakimiyyətə qayıdandan sonra taleyüklü məsələlər sırasına gənclər siyasətini də daxil etdi:

“1992-ci ildə Azərbaycanda dövlətçiliyə qarşı yönələn qüvvələr məhz gənclərdən istifadə edirdilər. Onlar gəncləri ayrı-ayrı düşərgələrə bölərək gənclərdən hakimiyyət uğrunda mübarizədə istifadə edirdilər. Ümummilli lider 1993-cü ildə Azərbaycanın xilası konsepsiyasına gəncləri də cəlb etdi. Gənclər siyasətini həyata keçirmək üçün Gənclər və İdman Nazirliyi yaradıldı, gənclər siyasətində əsas prinsiplər müəyyən olundu və həyata keçirildi. Prezident İlham Əliyev bu siyasətin önəmini daha da artırdı".

Ə.Həsənov vurğulayıb ki, bu gün Azərbaycanda gənclər siyasətinin nəticələri göz qabağındadır: “Ümummilli lider Heydər Əliyev deyirdi ki, Azərbaycan gənci intellektli, dünyada rəqabətə davamlı olmalıdr, ölkəmizi dünyada layiqincə təmsil etməlidir".

Prezidentin köməkçisi deyib ki, bu gün Azərbaycanın intellektual, beynəlxalq rəqabətədavamlı, vətənpərvər gəncliyi formalaşıb: "Aprel döyüşləri Azərbaycan gəncliyinin vətənpərvərliyinin bir nümunəsi oldu. İdman yarışlarında, intellektual oyunlarda gənclərimizə baxın. Azərbaycanın xarici ölkələrdə diplomatik korpuslarında fəaliyyət göstərən, bir neçə xarici dildə danışa bilən intellektual gənc diplomatlarımız formalaşıb. Beynəlxalq təşkilatlarda fəaliyyət göstərən, xaricdə təhsil alıb ölkəmizə qayıtmış, elm və təhsil sahəsində nümunə olan, parlamentdə, məhkəmə-hüquq sistemində və digər dövlət qurumlarında fəaliyyət göstərən gənclərin intellektinə baxın. Ölkəmizin gənclər siyasəti öz bəhrəsini verib. Bütün mərkəzi və yerli icra orqanları bu və ya digər formada gənclərlə işləyir. Azərbaycan gənclər siyasətinin nəticələri göz qabağındadır. Bütün bu işlərdə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun xüsusi yeri var. Əgər biz əvvəl Olimpiya Oyunlarında bir-iki medal qazanmağı arzu edirdiksə, sonuncu dəfə 18 medal qazandıq. Digər bütün sahələrdə olduğu kimi, idman sahəsində də layiqli gənclərimiz formalaşıb. Bax budur gənclər siyasətinin nəticəsi! Bütün sahələrdə intellektli, rəqabətədavamlı, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edən gənclik formalaşıb”.

Tədbirdə çıxış edən gənclər və idman naziri A.Rəhimov deyib ki, ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra müasir Azərbaycanda gənclər siyasətində yeni istiqamətlər müəyyən olundu və qısa müddətdə Azərbaycanda gənclərlə bağlı qanunvericilik bazası formalaşdı:

“Azərbaycanın gənclər siyasəti dünyada nümunəvi bir siyasətdir və bu siyasət BMT və digər beynəxalq təşkilatlar tərəfindən bir model kimi qəbul olunur. Bu müddət ərzində Azərbaycanda bir çox beynəlxalq forumlar və konfranslar keçirilib. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramı imzalanıb və böyük uğurla həyata keçirilib. Dövlət başçısı tərəfindən gənclər mükafatı təsis olunub və hər il təqdim olunur. Gənclər siyasətində çoxlu uğurlar əldə olunub. Bu baxımdan Gənclər Fondunun böyük rolu var. Fond çevik, şəffaf, maraqlı layihələr həyata keçirib. 5 il az müddət olsa da, Fond böyük işlər görüb. İnanıram ki, Fond gələcəkdə də gənclərin yaxın dostu olacaq, onların layihələrinə dəstək verəcək. Fondu təbrik edirəm və gələcək fəaliyyətində uğurlar arzu edirəm".

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev xatırladıb ki, Gənclər Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılıb:

“Fəaliyyətə başladığı vaxtdan bu günə qədər Gənclər Fonduna 7098 layihə daxil olub, onların 3341-i dəstəklənib. Ümumilikdə 3341 layihədən 963-ü yerli layihə, 94-ü beynəlxalq layihə, 2284-ü fiziki şəxslər tərəfindən həyata keçirilən layihədir. Bundan əlavə, 5 il ərzində Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantları çərçivəsində 269 nəfər xaricə səfər edib".

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və fəal gənclər çıxış edərək Gənclər Fonduna fəaliyyətində uğurlar arzulayıblar.

 

Şərhlər