Aprel döyüşləri Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan hərbi yolla azad etməyə qadir olduğunu göstərdi

28.12.2016 22:48     A-reaksiya     2025

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başladığı işğalçılıq siyasəti - elan edilməmiş müharibə iyirmi ildən çoxdur davam edir. Atəşkəs elan edilsə də, müharibə hələ bitməyib. Bu illər ərzində ümummilli lider Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli istiqamətində həyata keçirilən siyasət bu gün də davam edir. Dövlətimizin başçısı bütün beynəlxalq tədbirlərdə çıxışlarında, xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlərində münaqişənin həlli ilə bağlı ölkəmizin haqlı mövqeyini diqqətə çatdırır, bu məsələyə dair ətraflı məlumat verir. Beynəlxalq qurumlar da bu istiqamətdə fəaliyyət həyata keçirir, səylər göstərir, vasitəçilik missiyasını icra etməyə çalışırlar. Lakin beynəlxalq təşkilatların fəaliyyəti hələ ki heç bir nəticə vermir. Bunun əsas səbəbkarı isə Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini pozmasıdır. Bəzi qurumlar və şəxslər məsələyə ədalətsiz mövqedən yanaşsalar da, ikili standartlar mövcud olsa da, Azərbaycan Prezidenti, ölkəmizin müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları Vətənimizin taleyüklü məsələsi - ərazi bütövlüyümüzün bərpası istiqamətində səyləri yorulmadan davam etdirirlər. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcək və Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz. Aprel döyüşləri buna əyani sübutdur. Torpaq məsələsində düşmənə güzəşt olmayıb, olmayacaq da. Münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü təmin edilməklə həll olunmalıdır. Aprel döyüşlərindən sonra ermənilərin hadisənin mahiyyətini, nəticələrini təhrif etməsi, məğlubiyyətə uğrayan düşmənin dünyaya hay-həşir salması beynəlxalq qurumların məsələnin danışıqlar yolu ilə həllinin vacibliyi barədə yenidən müxtəlif bəyanatlar səsləndirməsinə səbəb olub. Nədənsə, bəziləri məhz Ermənistanın işğalçı olduğunu, yumşaq desək, qeyd etməyi unudurlar. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun son illər ən yeni silahlarla təchiz edilməsi istiqamətində görülən işlər erməniləri olduqca ciddi narahat edir. Təcavüzə məruz qalan, əraziləri işğal altında olan bir dövlətin özünü və ordusunu gücləndirməsi, ilk növbədə, bu xalqın və dövlətin borcudur, vəzifəsidir, qanuni haqqıdır. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bizim ordumuzu gücləndirməyimiz, müasir silahlarla təmin etməyimiz təbii haldır. Əgər bu münaqişə ədalətli həll olunsaydı, fikrimcə, çoxlu yeni silah-sursat almağa da lüzum qalmazdı. Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə obyektinə çevrilən və diqqət çəkən məqamlardan biri də Prezident İlham Əliyevin danışıqlar zamanı dediyi, Dağlıq Qarabağa Azərbaycanın tərkibində beynəlxalq qanunlara müvafiq ən yüksək status verilməsidir. Aprel döyüşlərindən sonra bütün beynəlxalq təşkilatların münaqişənin sülh yolu və danışıqlar vasitəsi ilə həll olunmasını bəyan etməsi bəzi ermənipərəst qüvvələrin və erməni lobbisinin təsiri altına düşən siyasət adamlarının açıqlamaları da diqqətçəkəndir. Maraqlısı odur ki, iqtisadi gücünə, resurslarına, hərbi büdcəsinə, silahlanmaya görə, Ermənistanın imkanlarının müqayisəyəgəlməz dərəcədə Azərbaycandan zəif olduğunu görən, bizimlə rəqabətdə şanssızlıqlarını anlayan, ən əsası döyüşdə məğlub olan ermənilər yenidən virtual “hücum”a başlayıblar. Belə ki, erməni politoloqlar, kriminal hərbi-siyasi rejimin əlaltıları, ermənipərəst, erməni lobbisinin təsiri altına düşən siyasətçilər və ictimai xadimlər Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüzlüyü barədə bəyanatlar yayır, açıqlamalar verirlər. Bəziləri heç vaxt Qarabağın Azərbaycanın tərkibində olmayacağı barədə fikirlər səsləndirməkdən, fərziyyələr yürütməkdən də çəkinmirlər. Azərbaycan Ordusunun apreldə həyata keçirdiyi əks-hücum əməliyyatları ermənilərin və ermənipərəstlərin bu fikirlərinin tam əksini, yəni döyüşərək, vuruşaraq buna nail olmağın mümkünlüyünü sübut etdi. Dediklərimizin çoxu rəsmi qurumların üzərinə düşən işlərdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü mütləq bərpa olunacaq. Sülh danışıqları baş tutmasa, Azərbaycanın ərazi bütövlüyü döyüşlə təmin olunacaq!.. Torpaqlarımız azad edilməlidir fikri dilimizə, beynimizə, ürəyimizə, əməlimizə hakim kəsilməlidir!

Şərhlər