DGK: Şəffaflığın təmin edilməsi üçün informasiya texnologiyalarının tətbiqi genişləndirilir

28.01.2017 13:21     A-reaksiya     1391

 "Şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir".

"Report"un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev "Xalq" qəzetindəki məqaləsində qeyd edib.

"Dövlət Gömrük Komitəsinin fəaliyyətində - biznes-gömrük əməkdaşlığında mühüm addımlardan biri xarici ticarət dövriyyəsinin artırılması məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və bəyannamələrin elektron qəbuludur. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır", - o bildirib

A.Əliyev deyib ki, 2016-cı il ərzində 9 016 hüquqpozma faktı aşkar edilib: "Bu faktların 513-ü cinayət xarakterlidir və bu sırada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı faktlar əsas yerdədir. Belə ki, gömruk sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən görülmüş qətiyyətli tədbirlər nəticəsində 2016-cı il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 130 fakt aşkar olunub. Bu faktlar üzrə ümumilikdə 1 ton 136 kq 153 qram narkotik vasitə və psixotrop maddələr, o cümlədən 1 ton 113 kq 998 qram heroin, 6 kq 789 qram tiryək, 3 kq 881 qram marixuana, 11 kq 324 qram həşiş, 30,697 qram metadon və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb". 

O, məqaləsində həmçinin vurğulayıb ki, Dövlət Gömrük Komitəsi 2016-cı ildə nəzərdə tutulan 1 milyard 810 mln. manat illik büdcə proqnozuna qarşı 2 mlrd. 291,6 mln. manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 126,61% əməl edib: "Bu isə 2015-ci illə müqayisədə 699,69 mln. manat və ya 43,95% artım deməkdir".

Reaksiya. az

Şərhlər