Azərbaycanlıların Rusiyada yüksək mövqe tutmamasının əsas səbəbi - dini amil, yoxsa mentalitet?

Elçin Mirzəbəyli: “Rusiyanın müvafiq institutları hər bir azərbaycanlının potensial lider olmaq imkanlarını yaxşı dəyərləndirir”; Qabil Hüseynli: “Azərbaycanlılar aktiv siyasətdə olmağa bir növ tənbəllik edirlər”

Azərbaycanlıların sayının daha çox olduğu xarici ölkə Rusiyadır. Bu ilin yanvar ayına olan statistik məlumata görə, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır. Lakin illərdir ki, azərbaycanlılar Rusiya hakimiyyətində, hökumətdə, parlamentində, daxili və xarici siyasətində yetərli səviyyədə təmsil oluna bilmirlər.

Buna misal olaraq ötən ilin sentyabrında Rusiya Dövlət Dumasına seçkilər olan zaman adəti üzrə yenə də azərbaycanlı deputat seçilmədi. Halbuki sayda azərbaycanlılardan dəfələrlə az olan ermənilər həm Dumada, həm də Rusiyanın daxili və xarici siyasətində daim təmsil olunublar. Rusiyanın hətta xarici işlər naziri Sergey Lavrov (Kələntərov) erməni kökənlidir.


Maraqlıdır, bəs səbəb nədir? Niyə azərbaycanlılar Rusiyada hakim dairələrdə təmsil oluna bilmir?


Bəzi ekspertlər qeyd edir ki, siyasətlə məşğul olmaq üçün strateji maraq olmalıdır. Lakin Rusiyada yaşayan azərbaycanlılar daha çox pul qazanmağa üstünlük verdiklərindən ictimai-siyasi həyatdan uzaqda qalır və yaxud seçkilərə maraq göstərmirlər. Bəzi ekspertlərin sözlərinə görə isə məsələdə dini və psixoloji faktorlar aparıcı rol oynayır.

Image result for Politoloq Elçin Mirzəbəyli


Politoloq Elçin Mirzəbəyli bir neçə amilə toxdundu: “Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti kiçik və orta biznes sahəsində çalışırılar. Bir qayda olaraq siyasi proseslərdən kənarda qalmağa üstünlük verir, ən müxtəlif yollarla öz bizneslərini qorumağa cəhd göstərirlər. Vaxtilə Rusiyada təhsil alan və karyeralarında uğur qazanmaq imkanları olan soydaşlarımızın əhəmiyyətli hissəsi öz vətənlərinə qayıdıb, azsaylı həmvətənlərimiz isə qərb ölkələrinə üz tutublar. Bununla yanaşı, Rusiyada elm, mədəniyyət, təhsil, KİV və digər sahələrdə uğur qazanan azərbaycanlıların sayı da az deyil. Lakin bir qayda olaraq onlar bir-birilərinə daha da irəli getmək üçün dəstək vermirlər, yaxud Rusiyanın rəsmi dairələri çar dövründən qalma ənənələrini bu müstəvidə də davam etdirir, onlara yüksək etimad göstərmirlər.

Ruslar Qafqaz və türk xalqlarının psixologiyasına yaxşı bələddirlər. Onlar yaxşı başa düşürlər ki, bu regionda Azərbaycan türklərinin sayı 50 milyondan çoxdur. Və bu xalq əsrlər boyu imperiyalar, dövlətlər yaradıb, nəhəng ərazilərə hökmranlıq edə bilib. Bizi nə qədər əzsələr də dövlətçilik bizim qanımızda, genlərimizdə oturuşub. Əgər hər hansı bir azərbaycanlı öz vətəninin mənafeyini yaşadığı ölkənin maraqlarına qurban verirsə, deməli, onun genlərində problem var. Bu aspektdən Rusiyanın müvafiq institutları hər bir azərbaycanlının potensial lider olmaq imkanlarını yaxşı dəyərləndirir, əksər hallarda yalnız genləri çürük olanları yaxına buraxırlar. Sizə bir hadisə danışım: Sankt-Peterburqda mənimlə eyni vaxta təhsil alan, hazırda Rusiyanın ən məşhur teleradio aparıcılarından, aktyor və şoumenlərindən biri olan Dmitri Naqiyev (Nağıyev) əslən azərbaycanlı olduğunu desə də, soydaşlarını sevmədiyini bildirirdi. Bu haqda onunla bir neçə dəfə söhbətim olmuşdu. Amma zaman keçdi, Dima öz genlərinin təsirini hiss etməyə başladı və indi Azərbaycanı ürəkdən sevən qardaşlarımızdan biridir. Dimanın atası Qulam əslən Cənubi Azərbaycandandır. Valideynləri oradan köç edərək Türkmənistana gəliblər. Qulam (sonradan adını dəyişib Nikolay qoyublar) uşaq evində böyüyüb. Amma buna baxmayaraq, nə özü azərbaycanlı olduğunu unudub, nə də övladının unutmasına imkan verib. Bu hadisəni ona görə nəql elədim ki, azərbaycanlıların psixologiyası ilə bağlı bəzi məqamlara aydınlıq gətirim.


O ki qaldı din məsələsinə, din amili rusların həyatında ən sonuncu yerdə dayanır. Ermənilərlə bağlı məsələ ruslar üçün din məsələsi deyil, maraq məsələsidir. Ruslar yüz illər boyu ermənilərin hər cür istifadəyə yararlı olduqlarına, qürursuz, dövlətçilik şüuru olmayan bir toplum kimi qəbul ediblər. Ümumiyyətlə, azərbaycanlıların Rusiyanın siyasi arenasında mövqe sahibi ola bilməmələrinin səbəbləri çoxdur".

Image result for Politoloq Qabil Hüseynli


Politoloq Qabil Hüseynli isə qeyd etdi ki, azərbaycanlılar aktiv siyasətdə olmağa bir növ özləri tənbəllik edir: “Sözsüz ki, xarici ölkələrdən ən nüfuzlu və dinamik diasporamız Rusiyadadır. Bəzi rəqəmlərə görə, orada 3 milyona yaxın azərbaycanlı yaşayır və işlə məşğuldurlar. Təbii ki, onlar ya Sovet İttifaqındakı cəmiyyətin üzvləri və yaxud müstəqillik dövründə dünyaya gələn insanlardır və onlar Rusiya cəmiyyətinə adaptasiya olmaq və cəmiyyətlə qaynayıb-qarışmaq, inteqrasiya etmək prosesində çətinliklərlə üzləşməmlidirlər. Məsələn, Qərbi Avropa ölkələrinə mühacirət edən şəxslərin həmin cəmiyyətə inteqrasiya olunma prosesi müəyyən problemlərlə olur və onların başında dil problemi gəlir. Rusiyada isə azərbaycanlıların böyük əksəriyyəti üçün dil problemi demək olar ki, yox dərəcəsindədir. Lakin belə deyək, Sovet İttifaqı dövründən fərqli olaraq indiki Rusiya cəmiyyətində, xüsusən də yeni rusların formalaşdığı, iqtisadiyyatda və siyasətdə hakim elitaya çevrildiyi bir cəmiyyətdə sözsüz ki, bu cəmiyyətə inteqrasiya etmək məsələsində müəyyən problemlər yaranıb. Məsələn, bu problemlərin əvvəlində xristian olmayanlara qarşı açıq milliyyətçilik təzahürləridir. Ruslar Sovet İttifaqı dövrünə nisbətən tamamilə tanınmaz bir hala düşüb. Yəni əgər həmin dövrdə beynəlmiləl şüur inkişaf edirdisə, hazırda Rusiyada mövcud olan milli ideologiyanın tərkib hissələrində millətçilik, hətta daha yuxarılara, şovinizmə qədər gedib çıxa bilən qatlar var. Bununla bağlı tədqiqatçılar da var ki, Rusiyada radikallaşma çox sürətlə gedir və bu təmayüllər ölkədə milli ideologiyanın aparıcı hissəsinə çevrilib. Belə olan halda əlbəttə ki, digər millətlərə, xüsusən də müsəlman olan ölkələrə münasibət o qədər də yüksək səviyyədə deyil. Məsələn, tutaq ki, Rusiya cəmiyyətində belə bir jarqon var - ”qara insanlar". “Qara insan” dedikdə Qafqazın və Orta Asiya ölkələrindən olan insanların hamısını bura daxil edir və bir növ özləri ilə onlar arasında bir səddin mövcud olduğunu iddia etməyə başlayırlar. Belə olan şəraitdə siyasi həyata nüfuz etmək bir qədər çətinləşir. Məsələn, tutaq ki, iş həyatında uğur qazanmış adamın siyasi həyata can atması məsələsi müəyyən psixoloji və açıq formada təzahür edən milliyyətçilik təzahürləri ilə qarşılaşır və onu yarıb keçmək xeyli çətin olur.


Ermənilərin isə bu sarıdan problemləri yoxdur. Qeyd edim ki, azərbaycanlılar aktiv siyasətdə olmağa bir növ tənbəllik edirlər. Amma ermənilər, hətta gürcülərin özləri də bizimkilərdən fərqli olaraq iş həyatındakı uğurlarla yanaşı, siyasi həyatda da uğurlar qazanmağa cəhd edirlər və yaşadıqları yerdə siyasi partiyalara, siyasi cərəyanlara, hərəkatlara qoşulmağa başlayırlar. Bir məqamı da qeyd edim, nədənsə orada olan azərbaycanlıların kriminal aləmlə əlaqəsi daha çox özünü büruzə verir. Kriminallaşmış dəstələr öz qüvvəsini daha çox azərbaycanlıların üzərində sınaqdan keçirir və nəticə etibarı ilə kriminallaşmış dəstə elə hakimiyyət orqanlarının müəyyən strukturlarının əlində bütün azərbaycanlılara təhlil etmək üçün alətə çevirirlər. Bu çox təəssüfləndirici faktdır ki, özümüzünkülərdən özümüzünkülərə qarşı istifadə etmək Rusiyanın daxili sferasında istifadə edilən metodlardan biridir".(musavat)

Reaksiya.az

Advertisement Banner

Şərhlər

Çox oxunanlar