İrəvanın öz işğal ortağını Qərbə dəyişəcəkmi?

03.10.2017 11:47     A-reaksiya     2087

Ermənistan torpaqlarımızın işğalını rəsmiləşdirmək naminə hər cür avantüraya hazır görünür; İrəvanın öz işğal ortağını Qərbə dəyişməsi mümkünmü? Politoloq: “Düşmən ölkədə hakimiyyət böhranı getdikcə gərginləşəcək...”

Qarabağa görə özünü könüllü şəkildə 2047-ci ilədək Rusiyaya təslim eləmiş işğalçı Ermənistanın Qərbə reveransları son zamanlar əhəmiyyətli şəkildə artıb. Maraqlıdır ki, bu tendensiya özünü həm ictimai səviyyədə, həm də artıq siyasi çevrələr səviyyəsində büruzə verməkdədir. Ələlxüsus da Qərbə bağlı QHT-lər və ekspert dairələrində anti-Rusiya ovqatı daha güclü şəkildə müşahidə edilməkdədir.

Bəzi təhlilçilərə görə, bu prosesdə Qərbin, “Ermənistanda ən böyük səfirlik personalına malik” ABŞ-ın barmağı da yox deyil. Hərçənd təcavüzkar ölkə hər şeyə, ələlxüsus da formal dövlət şəklində də olsa, mövcudluğuna görə müstəsna olaraq Rusiyaya minnətdar və borclu olmalıdır. Ancaq belə görünür ki, bütün zamanlarda öz maraqları naminə sahibini dəyişməyə adət eləmiş ermənilər indi də rusları satmaq üçün fürsət axtrarırlar.

Bu da ən əvvəl onunla bağlıdır ki, Rusiya onlara hər cür hərbi, siyasi, iqtisadi-humanitar köməyi göstərsə də, Azərbaycanın qanuni torpaqlarının rəsmiləşməsində Kreml İrəvanın marağını təmin etmək istəmir. Üstəlik, Rusiya “Ermənistanın düşməni Azərbaycan”a silah satır. Guya ki, İrəvan siyasi oriyentasiyanı Qərbə dəyişsə, Dağlıq Qarabağ məsələsində daha uğurlu mövqe əldə edə və əsas hədəfinə çata biləcək.

*****

Lakin bu, xeyli dərəcədə ilğımdır. Ən azı ona görə ki, Ermənistan nəinki hərbi-siyasi cəhətcə 2047-ci ilədək Kremldən asılı qalmaq zorundadır, bütövlükdə Rusiyanın faktiki, ucqar bir quberniyası kimi sonuncunun ona, Ermənistanın daxilli vəziyyətinə təsir rıçaqları da qədərindən çoxdur.

Doğrudur, Ermənistan da Rusiya üçün bölgədə mühüm və əvəzolunmaz hərbi forpostdur. Amma o da faktdır ki, Ermənistan Rusiyaya lazım olmaqdan daha çox, Moskva İrəvana lazımdır. Unutmaq lazım deyil ki, Ermənistanda şimal qonşumuzun iki böyük hərbi bazası (102 saylı 5 minlik hərbçi ilə Gümrü və Erebuni bazaları) var və onun Türkiyə və İranla xarici sərhədlərini rus əsgərləri qoruyur. Təcrübə əsasında deyə bilərik ki, rus hərbi bazaları hansısa ölkənin ərazisindən elə-belə çıxmır, ciddi fəsad yaradaraq o ölkəni tərk edir (qonşu Gürcüstan nümunəsini burada yada salmaq olar).  

Eyni zamanda işğalçı ölkənin hava məkanı Moskvanın nəzarətindədir. Biz hələ Rusiyadan iqtisadi, energetik asılılığı, orada çörək pulu qazanan 3 milyon erməni əmək miqrantının mövcudluğunu, taleyini demirik. Yeri gəlmişkən, bir dəfə Rusiya prezidenti Vladimir Putin Moskvada erməni diasporunun tədbirində belə də demişdi ki, Rusiyada daha çox erməni yaşayır, nəinki Ermənistanın özündə.

Bu, həm də rəsmi İrəvana açıq mesaj idi ki, Ermənistan Rusiya ilə münasibətlərdə daha diqqətli olsun və ora-bura boylanmasın. Söhbət, həmçinin, axır vaxtlar Ermənistanda Putin layihəsi olan Avrasiya İqtisadi Birliyinindən ölkənin çıxması ilə bağlı artmaqda olan çağırışlardan gedir.

Bəlli olduğu kimi, ötən həftə bu çağırış-tələb “Yelk” partiyasının təşəbbüsü ilə hətta parlamentdə qaldırılıb. Lakin müvafiq komissiyada yetəri tərəfdar toplamadığı üçün gündəliyə salınmayıb. Məlumatlara görə, belə təşəbbüsün arxasında dayanan gizli qüvvələrdən biri də elə Kremli növbəti dəfə şantaj eləmək istəyən Sərkisyan rejimidir. Fəqət, Kremli, Putini bu yolla şantaj eləmək mümkünmü və mümkünsə, bu, hansı nəticələrə gətirə bilər?

*****           

“Ermənistanın AİB-dən çıxmaq və Qərb dünyasına, xüsusilə, Avropa Birliyi və onunla bağlı olan qurumlara inteqrasiya etmək əhval-ruhiyyəsi hər gün bir az da artır. Yəni bu məsələnin parlament səviyyəsinə çıxarılmasının özü çox böyük hadisədir”. 

Reaksiya.az-ın məlumatına görə, bu barədə axar.az-a açıəqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

Politoloqa görə, bu, o deməkdir ki, sıravi ermənilərin şüurunda bu məsələ geniş kök salıb və getdikcə özünə daha çox tərəfdar toplamaqdadır. “Ancaq Rusiya bu məsələ ilə bağlı Ermənistanı daim təhdid edir və İrəvana bütün yardımları kəsəcəyini bildirir. Ermənistan ərazisində Rusiyanın iki hərbi bazası var və ölkənin sərhədləri də rus qoşunları tərəfindən qorunur. Üstəlik, Rusiyanın Ermənistanda hərbi-siyasi iştirak səviyyəsi kifayət qədər yüksəkdir. Bu iki faktor sözügedən qərarın qəbul edilməsini müşkül edir. Bir sözlə, bu məsələ getdikcə genişlənən bir hərəkata çevrilsə də, hələ bir müddət bunu reallaşdırmaq xeyli çətin olacaq. Bu fonda qarşıda İrəvanı çox gərgin günlərin gözlədiyini və hakimiyyət böhranının dərinləşəcəyini söyləmək mümkündür”, - deyə sabiq dövlət müşaviri qeyd edib.

*****

Ancaq istənilən halda düşmən ölkənin Rusiyanın maraqları qulaqardı edilməklə Qarabağın rəsmi ilhaqı naminə çabaları davam edir. Yəni bütün bunlar onun təzahürləridir ki, İrəvandan Kremlə qarşı faktiki, satqın bir plan var - Qarabağa görə. Başqa sözlə, Ermənistan işğal rejimini rəsmiləşdirmək naminə Rusiyaya qarşı ikiüzlü siyasətini davam etdirir. Lakin İrəvanın öz işğal ortağın Qərbə dəyişməsi mümkünmü?

Əsas sual da budur. Əksər analitiklərə görə, bu siyasət nəinki Dağlıq Qarabağın ermənilərin əlindən çıxmasına, üstəgəl, Ermənistanın özünün dövlət olaraq varlığının böyük sual altına düşməsinə gətirər. Belə nəticəni əslində İrəvanda da hesablamamış deyillər. Təsadüfi deyil ki, Ermənistanın az öncə Ruminiya və Gürcüstandakı NATO təlimlərinə qatılmasına ən sərt reaksiyalardan biri elə Ermənistana loyallığı ilə tanınan, Kremlə yaxın palitoloq, “Regnum” informasiya agentliyinin rəhbəri Modest Kolerovdan gəlmişdi. Kolerov kinayəli şəkildə onu da demişdi ki, “qoy Ermənistanı Azərbaycan və Türkiyə ilə NATO barışdırsın”.

Bu, əslində “ərköyün Ermənistana” yumşaq bir mesaj idi ki, özünü ağıllı aparmasa, onu Türkiyə və Azərbaycanın öhdəsinə buraxar. Bu, həmçinin bir xəbərdarlıq idi ki, Qarabağla bağlı İrəvanın Moskva əleyhinə hər hansı xəyanət planı bumeranq effekti ilə onun özünə qayıdacaq.

Reaksiya.az

Şərhlər