“Heç kimdən “əjdaha” düzəltmək lazım deyil”

10.10.2017 11:52     A-reaksiya     1789

Dünyada XXI əsrin ən aktual məsələlərindən biri bəzi ölkələrdə baş verən “rəngli inqilablar”dır. İri güclərin bir sıra dövlətlərdə həyata keçirdikləri belə inqilablar kabusu Azərbaycanda da dolaşıb. Bəzi vaxtlara bu tipli hakimiyyət dəyişiklikləri cəhdləri olub.

“Rəngli inqilablar”ın birbaşa Amerikadan təşkil olunması isə danılmaz bir faktdır. Təsadüfi deyil ki, “rəngli inqilab”ların ideoloqu amerikalı Cin Şarp (Gene Sharp, 1928-ci ildə anadan olub, hazırda ABŞ-da yaşayır) hesab olunur. O, avtoritar rejimlərlə qeyri-zorakı üsullarla mübarizə metodları barədə yazdığı kitablarla məşhurdur. Həmçinin Cin Şarp ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED), Ford Fondu və Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən maliyyələşən Albert Eynşteyn adına İnstitutun təsisçisi və rəhbəridir.

Onun ən məşhur əsərləri:

- “Diktaturadan demokratiyaya doğru”;

- “Qeyri-zoraki siyasətin üsulları”;

- “Qeyri-zoraki hərəkətlərin 198 metodu”.

Cin Şarpın ideyaları XX əsrin 80-ci illərinin sonunda müvəffəqiyyətlə keçmiş SSRİ-nin Baltikyanı respublikalarında (sonradan Cin Şarp etiraf etmişdi ki, həmin dövr Baltikyanı respublikalardakı “cəbhəçiləri” təlimatlandırırmış), 1999-cu ildə Yuqoslaviyada, daha sonra isə Gürcüstan, Ukrayna və ərəb dövlətlərində sınaqdan keçirilmişdir. Məlumata görə, 1988-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərinin mərkəzi meydanı olan “Tyenanmin”də baş vermiş kütləvi iğtişaşlar ərəfəsində Cin Şarp orada olmuşdu.

Bütün bunlara baxmayaraq, C.Şarpın adı “rəngli inqilablar”da nadir hallarda gündəmə gəlsə də, ən çox bu tipli hadisələrdə adı keçən şəxs məşhur amerikalı milyarder Corc Sorosdur. O, indiyə qədər baş verən bütün “rəngli inqilablar”ın sponsoru hesab olunur...

Hər bir hökumət ölkəsində bu tipli hadisələrin baş verə biləcəyindən hər zaman ehtiyatlanır.

2018-ci ilin prezident seçkiləri yaxınlaşdıqca bu məsələ haqda yenidən danışılmağa başlanılıb. Hətta bu yöndə ilkin addımlar atıldığı iddiası da var. Təkcə son bir ayda ölkəmizə Qərbdən gələn təzyiqləri və Milli Şuranın keçirdiyi iki mitinqi qeyd etmək olar.

Amma maraqlıdır, ölkə iqtidarı bu dəfə də yuxarıda qeyd etdiyimiz üsullarla “rəngli inqilab”ın baş verməməsinə çalışacaq, yoxsa bunun qarşısı almaq üçün konkret konsepsiya hazırlanacaq?

Politoloq Elçin Mirzəbəyli düşünür ki, hakimiyyətin zorla dəyişdirilməsinə istənilən cəhd dövlətin sütunlarını laxladır, inkişafdan saxlayır, uzun illər boyu həlli mümkün olmayan problemlərə yol açır: “İnqilablar heç bir xalqa xoşbəxtlik gətirməyib və gətirməsi də mümkün deyil. Dünya inqilablarının tarixi, o cümlədən nəhəng bir ərazini xalqların həbsxanasına çevirən rus-bolşevik inqilabının acı təcrübəsi, orta şərqdə, Aralıq dənizi hövzəsində ”Ərəb baharı" adı altında gerçəkləşdirilən və bölgəni cəhənnəmə çevirən silahlı inqilabların nəticəsi də bunu sübuta yetirir. Bəşəriyyət bu tarixdən, xüsusilə də ən yaxın dövrdə yaşanan və yaşanmaqda olan qanlı hadisələrdən dərs alıb və milli dövlətlərdə cinayətkar transmilli maliyyə fırıldaqçılarının, onların idarə etdiyi institutların və siyasətçilərin, ayrı-ayrı ölkələrin geosiyasi, geoiqtisadi maraqlarına xidmət edən proseslərə qarşı ciddi immun sistemi formalaşıb. Mən Azərbaycanın hansısa rəngli inqilab təhlükəsi qarşısında qaldığını və buna qarşı əks təbliğatın aparıldığını düşünmürəm. Ölkənin gələcəyini, inkişaf perspektivlərini düşünən, dünyada baş verən proseslərdən məntiqli nəticə çıxaran bütün insanlar milli dövlətlərin həyatına müxtəlif adlar altında həyata keçirilən müdaxilələrin mahiyyəti barədə cəmiyyəti maarifləndirirlər, vəssalam. Azərbaycanda hər kəsin öz fikrini ifadə etmək üçün real imkanlar yaradılıb. Əgər Azərbaycan cəmiyyətinin düşünən beyinləri və bütövlükdə cəmiyyətimiz geosiyasi oyunların mahiyyətini başa düşürsə və hər kəs bir vətəndaş kimi məsuliyyətini anlayıb həqiqətləri dilə gətirirsə, bunu təbliğat kimi yox, toplumun intellektual və mədəni səviyyəsinin yüksək olması ilə əlaqələndirmək lazımdır. Mən eyni zamanda hesab etmirəm ki, hansısa “rəngli inqilablara” qarşı xüsusi konsepsiya hazırlamaq lazımdır. Dövlətin özünün konseptual əsasları var və bu əsasların da təməl sütunlarını dövlətin və cəmiyyətin təhlükəsizliyi təşkil edir. Dövlət cəmiyyətin maraqlarına zidd olan bütün təhlükələrə qarşı müvafiq addımlar atır. Çünki bu dövlət həyatının gündəlik fəaliyyətinin bir hissəsini təşkil edir".

Politoloq “rəngli inqilablar”ı birdəfəlik unutmaqdan da danışdı: “ Karl Marksın ”Avropada bir kabus dolaşmaqdadır - kommunizm kabusu" tezisinin müasir interpretasiyasını - “rəngli inqilablar kabusu” ifadəsini birdəfəlik unutmaq lazımdır. Bu gün dünyada qarşı-qarşıya dayanan ideoloji sistemlər yoxdur. Milli dövlətlər ideologiyaları deyil, öz maraqlarını ifadə edirlər. Bu baxımdan da “kabus” məsələsini birdəfəlik unutmaq lazımdır. Milli maraqlarını ifadə edən dövlətlər isə hansısa mücərrəd kabuslara qarşı deyil dövlətin təhlükəsizliyinə təhdid yaradan hallara qarşı mübarizə aparırlar. Bu, dövlətin müvafiq qurumlarının gündəlik işidir. Bunun üçün xüsusi konsepsiya hazırlamağa isə ehtiyac yoxdur. Konsepsiyalar ölkə həyatının müxtəlif sahələrinin inkişafı ilə bağlı hazırlanır və həyata keçirilir. Azərbaycanda da ayrı-ayrı sahələrlə bağlı müvafiq yol xəritələri hazırlanıb və gerçəkləşdirilir. Yol xəritələrinin icrası ilə bağlı hesabatlar da mütəmadi olaraq açıqlanır. Bu isə idarəçilikdə şəffaflığın təmin edilməsi və məsuliyyətin artırılması üçündür. Milli dövlətlər və onların maraqları olduğu kimi dünyanı öz ovcunda cəmləşdirməyə çalışan, bütün sahələrdə, o cümlədən maliyyə bazarları üzrə nəzarəti öz əlinə cəmləməyə çalışan güclər də var. Mənə elə gəlir ki, heç kimdən “əjdaha” düzəltmək lazım deyil. Adlarını çəkdiyiniz Corc Soros, Cin Şarp kimilər maliyyə fırıldaqçılarıdır və artıq dünyada onların kimliyini də yaxşı bilirlər. Digər tərəfdən, belə məsələlər analitik müstəvidə müzakirə olunmalıdır. Azərbaycan mətbuatının əhəmiyyətli hissəsi də siyasi şoulardan uzaqlaşaraq məntiqi, analitik təhlil müstəvisinə qədəm qoyub".(musavat)

Reaksiya.az

Şərhlər