“Bu faktorlar Ermənistanın bir dövlət kimi məhvini daha da sürətləndirəcək”

10.10.2017 18:00     A-reaksiya     1883

Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir çox mövzularla bağlı önəmli mesajlar verdi. Dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri isə rəsmi Bakının ardıcıl və qətiyyətli mövqeyini növbəti dəfə ortaya qoydu.

Azərbaycanın ərazi bütövlüyünün bərpasının əsas vəzifə olduğunu deyən prezident bunun danışıqların predmeti olmadığını və heç vaxt da olmayacağını söylədi. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazılığın getdiyi bir vaxtda deyilən bu fikir Bakının danışıqlar masasına hansı tələb və şərtlərlə oturacağını göstərmək baxımından mühüm əhəmiyyət daşıyırdı.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə publika.az-a açıqlamasında deyilən fikirlərin İrəvana ciddi mesaj olduğunu bildirib.

 

O söylədi ki, istər Ümummilli Lider Heydər Əliyev, istərsə də prezident İlham Əliyevin dövründə Azərbaycan iqtidarı torpaqların Ermənistana güzəşti məsələsini heç vaxt müzakirə etməyiblər.

“Azərbaycan bundan sonra da bu məsələni müzakirə etmək niyyətində deyil. Bu, Ermənistan hakimiyyəti və onun beynəlxalq havadarlarının Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə qarşı çox sərt reaksiyadır. Eyni zamanda, Ermənistana ciddi mesajdır ki, Azərbaycan torpaqlarına heç vaxt iddia etməsin və Azərbaycan torpaqlarından ikinci bir erməni dövlətinin yaradılmasını ağlından belə keçirməsin. Nəzərə alaq ki, qarşıdan Azərbaycan-Ermənistan prezidentlərinin görüşü gəlir. Ermənistan tərəfi xəbərdar edildi ki, Azərbaycan ancaq Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılma məsələsini və keçmiş Dağlı Qarabağ muxtar vilayəti ərazisinə geniş muxtariyyətin verilməsi məsələsini müzakirə edə bilər. Digər variantlar isə nəzərdən keçirilmir və nəzərdən keçirilməsi planlaşdırılmır. Tərəflərdən birinin sərt formada danışıqlara getməsi ilk növbədə öz suveren hüquqlarını xüsusi bilməsindən və onu istənilən əzmlə müdafiə etməsindən irəli gəlir”, - millət vəkili qeyd edib.

Heç şübhəsiz ki, Azərbaycanın yüksək səviyyəli görüş öncəsi belə qətiyyətli və sərt mövqe nümayiş etdirməsi həm də onun beynəlxalq nüfuzu və imicinin artması, özünə olan yüksək inam hissi ilə izah olunmalıdır.

A.Mirzəzadə də bildirir ki, Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanın özünü ciddi və güclü bir dövlət kimi tanıtması ilə bağldır:

“Azərbaycan iqtisadi cəhətdən qüdrətlidir, regional liderdir və böyük beynəlxalq siyasi nüfuzu var. Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına uyğundur və beynəlxalq birlik tərəfindən müdafiə olunur. Amma bunların heç biri Ermənistan tərəfində yoxdur. Buna görə də Ermənistan özünün sonrakı addımlarını düşünməli, əks halda hansı ağır nəticələrlə üzləşəcəyinə dair öz-özünə hesabat verməlidir”.

Nazirlər Kabinetinin son iclasında dövlət başçımız vurğuladı ki, Ermənistan daha çox maraqlı olmalıdır ki, danışıqlar bərpa edilsin. Azərbaycan Prezidentinin sözlərinə görə, əks təqdirdə Ermənistanı çox acı nəticələr gözləyir.

Millət vəkili hesab edir ki, bu xəbərdarlığı bütün mənalarda başa düşmək lazımdır:

“Birincisi, Azərbaycan öz ərazilərini işğaldan azad etmək hüququna malikdir. İkincisi, Ermənistanın danışıqlardan qaçması onu iqtisadi cəhətdən zəiflədir. Əhali kütləvi şəkildə ölkəni tərk etdiyi üçün ən əsas kapital olan insan kapitalından məhrum olur. Üçüncüsü, Ermənistan bu ağır yükü artıq çəkmək gücündə deyil. Ermənistan nəinki işğal edilmiş əraziləri, hətta öz ərazisini normal şəkildə maliyyə və insan resursları ilə təmin edə bilmir”.

İrəvanın danışıqların bərpasına meylli olub-olmadığına gəlincə, müsahibimiz qeyd edir ki, bu barədə indidən danışmaq çətindir.

“Ermənistan özünü həmişə qeyri-ciddi dövlət kimi tanıdıb. Hətta danışıqlarda əldə olunan cüzi razılaşmalardan da asanlıqla imtina edə bilir. Hər halda danışıqların bərpasına gedərsə, itkiləri daha az olacaq, əks halda sadaladığım faktorlar bir dövlət kimi onun məhvini daha da sürətləndirəcək”, - komitə sədrinin müavini yekunlaşdırıb.

Reaksiya.az

Şərhlər