“Ermənilər Tramp boşluğunu doldurmağa çalışırlar”

14.10.2017 17:16     A-reaksiya     1594

Dinləmələr obyektiv keçirilməli və məsələnin əsas mahiyyətini açmalıdır.

Bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə ABŞ Helsinki Komissiyasının oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda keçirəcəyi dinləmələri şərh edərkən deyib.

Deputat bildirib ki, problemin kökündə Ermənistanın Azərbaycan torpaqlarını 25 ildən çoxdur işğal altında saxlaması və ərazi bütövlüyümüzü tanımaması dayanır:

“Amma praktika göstərir ki, bir qayda olaraq, bu dinləmələrdə Ermənistanı zərərçəkən, yardıma ehtiyacı olan tərəf kimi göstərirlər. Bu da təəccüblü deyil, çünki komissiyanın sədri Ermənistana sevgisi, erməni diaspor dairələri ilə sıx əlaqələri olan Kristofer Smitdir. O, Helsinki yekun aktının mahiyyətini bir kənara qoyaraq, Ermənistana dəstək xəttini götürməyə çalışır.

ABŞ-ın hazırki Prezidenti Donald Tramp seçkilərdə qalib gəldikdən sonra erməni diaspor dairələri onun ətrafında bir nəfər də erməni nümayəndəsinin olmaması, seçki kampaniyasında Ermənistan və erməni diasporu ilə bağlı heç bir fikir səsləndirilməməsindən narahatlıq keçirirdilər. İndi onlar o boşluğu doldurmağa çalışırlar”.

Deputat hesab edir ki, dinləmələr məhz buna xidmət edəcək:

“Bununla belə, bizim səfirliyin əməkdaşları, ictimaiyyət və diaspor nümayəndələrimiz bu tədbirdə iştirak etməlidirlər. Sözün düzünü deməli, yalanı ifşa etməliyik. Zərərçəkən tərəfin Ermənistan deyil, Azərbaycan olduğu, Ermənistanın Azərbaycana qarşı təxribatlarının, hərbi əməliyyatlarının indiyə qədər davam etdiyi, erməni atəşi nəticəsində 3 ay bundan əvvəl Füzuli bölgəsində 2 yaşlı Zəhra Quliyevanın həlak olması kimi məsələlər diqqətə çatdırılmalıdır”.

Qeyd edək ki, ABŞ Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək.

Komissiyanın məlumatında 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı itkilərin statistikası verilir və iddia edilir ki, münaqişəyə Rusiya, Türkiyə və İran da cəlb edilə bilər.

Dinləmələrdə Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.

Reaksiya.az

Şərhlər