Millət vəkili: Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində D-8-ə dəvət edilməsi Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir

21.10.2017 12:50     A-reaksiya     1181

Azərbaycanın İstanbulda keçirilən D-8 Zirvə görüşünə dəvət edilməsi ölkəmizin və Prezident İlham Əliyevin regionda və islam dünyasında nüfuzunun daha da artmasından xəbər verir. Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Millət vəkili bildirib ki, tədbirə Azərbaycan prezidenti İlham Əliyevin xüsusi qonaq qismində dəvət edilməsi həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir: "D-8 formatına Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi - Türkiyə və İndoneziya G-20-nin (Böyük İyirmilik) üzvüdür. Üzv ölkələr arasında ticarət dövriyyəsi 100 milyard dollardan çoxdur. 2015-ci ilin noyabr ayında “Böyük iyirmilər”in Türkiyənin Antalya şəhərində keçirilən Zirvə görüşünə də Türkiyə Prezidenti Azərbaycan Prezidentini dəvət etmişdi. Bu dəfə də D-8 görüşünə Azərbaycan Prezidenti dəvət olundu. Bu, həm Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən, həm də Azərbaycanın, cənab Prezident İlham Əliyevin regionda və xüsusilə də islam dünyasında böyük nüfuzundan irəli gəlir.

Azərbaycanın təşəbbüsü ilə qlobal layihələrin həyata keçirilməsi, sivilizasiyalararası dialoqun təşkil edilməsi, islamafobiya ilə mübarizə Azərbaycanın rolunu beynəlxalq əməkdaşlıq platformalarında gücləndirir. Bu, bir tərəfdən Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha gücləndirir, digər tərəfdən regional əməkdaşlığın yeni formalarının yaranmasına imkan yaradır".

Qeyd edək ki, ötən gün İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Reaksiya.az

Şərhlər