Qarabağda sülhə yeni TƏHLÜKƏ

Qarabağda sülhə yeni TƏHLÜKƏ
Tarix: 26.10.2017 14:08
Oxunma sayı: 529
Paylaş:

Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Ermənistan və Rusiya vahid qoşun qruplaşmasının yaradılması haqqında sazişi təsdiqlədi."Birgə qruplaşma Qafqaz regionunda kollektiv təhlükəsizliyə dair hərbi təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır", - deyə sazişdə bildirilib.Qruplaşmanın tərkibinə müharibə zamanı və ya mümkün təcavüzü dəf etmək məqsədilə tərəflərin idarəetmə orqanları və silahlı qüvvələrin qoşunları daxil ediləcək.

Qeyd edək ki, ötən il Ermənistan və Rusiya müdafiə nazirləri Vigen Sarkisyan və Sergey Şoyqu Moskvada Birləşmiş qoşun qruplaşması yaratmaq haqqında saziş imzalayıblar. Ermənistan müdafiə naziri Vigen Sarkisyanın sözlərinə görə, sözügedən birgə qoşun qruplaşmasına hazırda Ermənistan ərazisində yerləşən 102 saylı Rusiya hərbi bazası və Ermənistan silahlı qüvvələrinin birləşmələri daxil olacaq.

Bu qərar Rusiya Ermənistanı tamamilə nəzarət altında saxladığını bir daha sübut edir.Bu ölkədə mövcud olan hərbi bazanın ardınca birgə qoşun yaradılması haqqında sazişin təsdiqlənməsi isə düşmən ölkənin müstəqilliyinin üstündən qara xətt çəkdi.Ancaq narahatedici məqamlar bu faktlar yox, işğalçı ölkə ilə birgə yaradılan hərbi birləşmədir.Çünki Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan bu birləşmədən istifadə edə bilər.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya ilə Ermənistan ümumi qoşun yaradanda verilən qərara ayrı-ayrı müstəvilərdə münasibət bildirilib:

“Bu, konkret olaraq Rusiyanı münaqişə tərəfinə çevirir. İndiki şəraitdə Ermənistan və Rusiya vahid qoşun qruplaşmasının yaradılması haqqında sazişi təsdiqlənməsi yeni hadisə deyil.Bu qərar qəbul olunmuşdu təəssüf ki, onun qüvvəyə minəcəyi də gözlənilən idi.Təbii ki, bu məsələnin mahiyyətində bir neçə amil dayanır.Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir, Azərbaycan ərazilərinin işğal olunmasında və status-kvonun qorunub saxlanmasında müstəsna rolu olan bir ölkədir.Özünün də gerçəkci ambisiyaları var və postsovet məkanında, xüsusilə də Cənubi Qafqazda özünün tanınan mövqeyini nümayiş etdirmək, saxlamaq və öz maraqları halqasına almaq niyyəti güdür.Atdığın bütün addımların da mahiyyətində həmin iddialar dayanır.Söhbət SSRİ-nin bərpasından və yaxud digər amillərdən deyil, Rusiyanın bu ərazilərdə mütləq hakim olması iddiasından gedir.Bu iddiaların həyata keçirilməsi üçün də Rusiyanın istifadə etdiyi siyasi texnologiyaları var. Bu texnologiya çar hökuməti dövründən bəri Rusiya tərəfindən istifadə olunur. Bu, münaqişələrin yaradılması, xalqların bir-birinə qarşı qoyulması, onların maksimum dərəcədə düşmənə çevrilməsi və sonradan Rusiya “qoruyucu mələk” kimi ortaya çıxaraq xalqda o rəyi formalaşdırır ki, “Rusiya olmadan yaşamaq mümkün deyil”. Bütün siyasi texnologiyaların mahiyyətində bu amillər dayanır”.

Politoloq hesab edir ki, indiki şəraitdə Rusiya Ermənistanla ortaq qüvvələr yaradaraq müstəqil siyasətə meyil edən və müstəqil yaşamaq imkanları olan Azərbaycana bu vasitə ilə təsir göstərməyə çalışır:

“Bu təzyiqi Ermənistana göstərməyin heç bir mənası yoxdur. Çünki Rusiyanın hərbi bazaları Ermənistanda yerləşir.Ümumiyyətlə, Ermənistanın müstəqil yaşamaq imkanları yoxdur.Ermənistan resursu, potensialı, həmçinin iqtisadi əlaqələri müstəqil formada qurmaq, inkişaf etdirmək imkanları olmayan bir ölkədir.Bu ölkə tam Rusiyanın nəzarətindədir.Bu aspektdən də atılan bütün addımların mahiyyəti ona xidmət edir ki, Rusiya Cənubi Qafqazda öz mövqelərini maksimum dərəcədə qoruyub saxlasın və geosiyasi mövqeyinin dəyişməsinə xidmət edən bütün çağırışlara da hazırlıqlı vəziyyətdə olsun”.

Reaksiya.az

Şərhlər