Bakı hərbi və müharibə strategiyasını cilalayır

Bakı hərbi və müharibə strategiyasını cilalayır
Tarix: 02.11.2017 11:35
Oxunma sayı: 864
Paylaş:

ABŞ sanksiyaları Azərbaycanın xeyrinə işləyə bilər; Ərdoğanın Bakı səfərində daha bir hədəf; ölkəmiz Rusiya silahlarından imtina edə bilər; “Aldığımızı almışıq...” - ekspertlərdən ilginc açıqlamalar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri yekunlaşdı. Səfər çərçivəsində iki qardaş ölkə arasında Strateji Əməkdaşlıq Şurasının 6-cı yüksək səviyyəli toplantısı da keçirildi. Bu toplantıda Ərdoğan Türkiyənin bütün məsələlərdə, o cümlədən Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu, ölkəmizə hər cür kömək göstərməyə hazır olduğunu bir daha bəyan elədi.

Bu, əlbəttə ki, işğalçı Ermənistana və onun əsas havadarı Rusiyaya növbəti aydın mesaj idi ki, rəsmi Ankara heç vaxt Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq (toplantıda Türkiyənin müdafiə naziri də var idi). Öz növbəsində prezident İlham Əliyev söylədi ki, Ankara ilə hərbi əməkdaşlığımız daha da güclənəcək. Sitat: “Qardaş ölkənin gündən-günə inkişaf edən hərbi-sənaye kompleksi bizdə böyük maraq doğurur. Biz Türkiyədən hərbi məhsullar almışıq, bundan sonra da alacağıq”.

 

Doğrudur, Azərbaycanla-Türkiyə arasında hərbi-texniki əməkdaşlığın həcmi Rusiya ilə əməkdaşlıqla müqayisəyə gəlmir. Ancaq bu, hələlik belədir. Çünki qardaş ölkə ilə silah ticarəti içində olmaq təkcə hərbi anlam daşımır, daha böyük məna və əhəmiyyət kəsb edir. Səbəblərə aşağıda toxunacağıq.

Image result for Türkiyə və Azərbaycanın müdafiə nazirləri

*****         

Bu arada ABŞ Maliyyə Nazirliyi Rusiyaya energetika sahəsində sanksiyaların necə tətbiq olunacağını açıqlayıb. Nazirlik sanksiyalara Rusiyanın potensial neft hasil etdiyi bütün layihələr, o sırada dəniz sularında Moskvanın gerçəkləşdirdiyi neft layihələrinin məruz qalacağını bildirib. Amerikalılara, həmçinin Rusiyada sanksiyalar altına düşən şəxslərlə də əlaqə qurmaq qadağan edilir.

Yada salaq ki, bir qədər öncə ABŞ-ın Rusiyanın hərbi müəssisələrinə qarşı sanksiyalar siyahısı hazırladığı haqda məlumat verilmişdi. Bir çox ekspertlər bu sanksiyaların Vaşinqtona Rusiya hərbi şirkətləri ilə əlaqə saxlayan hər kəsi cəzalandırmaq üçün geniş imkanlar yaratdığını bildirirlər.

Bəllidir ki, Azərbaycan da Rusiyadan kifayət qədər (təxminən 5 milyard dollarlıq) silah alıb və alır. Demək olar ki, bizim son illərdə silah ticarəti üzrə ən böyük tərəfdaşımız Rusiyadır (sonra İsrail gəlir). O üzdən “ABŞ sanksiyalarının Azərbaycan üçün hansısa narahatlığı ola bilərmi” sualı yenidən aktuallıq qazanmış kimi görünür. Başqa sözlə, iki supergüc arasında münasibətlər Bakını seçim qarşısında qoyacaq bir vəziyyətə gəlsə, doğru addım hansı olmalıdır, Rusiya silahlarından imtinamı?

*****

Şübhəsiz ki, Moskva-Bakı münasibətlərində silah ticarətinin məxsusi yeri var. Lakin axır illərin təcrübəsi göstərir ki, bu sahədə şimal qonşumuza nə qədər xeyir versək də, Kreml Qarabağ məsələsində xeyrimizə mövqe dəyişikliyinə hazırlaşmır. Rusiya vassalı Ermənistanın maraqlarını gözardı eləmək niyyətində də deyil. Əksinə, işğalçı ölkənin silahlanma məsələsində Azərbaycandan geri qalmaması, deməli, həm də işğal rejiminin davamlı olması naminə əlindən gələni edir.

Image result for ÜAK

Üstəlik, Rusiyadan vaxtaşırı ölkəmizə qarşı qeyri-dost davranışlar sərgilənməkdədir (ÜAK-ın ləğvi, Rusiya XİN-in ermənilərlə bağlı Bakıya notası, “Qarabağda müharibə Azərbaycanın daxili işi deyil” kimi təxribatçı bəyanat və s.) Belədə yenə sual ortaya çıxır ki, öz milyardlarımızı Rusiya silahına verib onun büdcəsini zənginləşdirməyə, sonra da həmin milyardlardan Ermənistana silah kreditləri ayrılmasına yardımçı olmağa dəyərmi? (söz düşmüşkən, dünən Ermənistanla Rusiya arasında növbəti - 100 milyon dollarlıq kredit sazişi imzalanıb).

*****                           

Suala cavab almaq üçün əvvəlcə onu yada salaq ki, qonşu Gürcüstan bəlli səbəblərdən ümumiyyətlə, Rusiyadan silah almır. Onun ordusu xeyli dərəcədə NATO üzvləri Türkiyə və ABŞ-ın köməyi ilə yenidən qurulmaqda və modernləşdirilməkdədir. Bu, bir yandan həm də Gürcüstan ordusunun Rusiyadan siyasi və texniki asılılığının da aradan qalxması deməkdir.

Image result for NATO

Məsələ də ondadır və Ermənistan nümunəsindən də aşkar görünür ki, Moskva silah satışında təkcə hərbi və kommersiya marağı güdmür, eyni zamanda geosiyasi hədəflər güdür ki, bunun da qayəsində həmin ölkəni özünün təsir zonasında saxlamaq dayanır. Çünki hərbi texnikanı istismar eləmək, onu yenisi ilə əvəz eləmək baxımından (xüsusən də hərbi əməliyyatlar zamanı) məhz rusiyalı mütəxəssislərə ehtiyac duyulur. Bu cür mütəxəssislərin hazırlanması yenə məhz Rusiyada mümkündür ki, bu da gələcək milli zabitlərin Rusiya təsiri altına düşmə riski yaradır.

Biz hələ Azərbaycana verilən silahların texniki, döyüş və başqa göstəriciləri barədə, hətta onların harada yerləşdirildiyi (dislokasiyası) barədə məxfi məlumatların düşmən Ermənistana ötürülməsi mümkünlüyünü demirik. Kim qarantiya verər ki, ruslar buna getməyəcək? Odur ki, Bakının tədricən Rusiyadan silah asılılığını azaltması hər mənada məntiqli olardı. Qənaətimizcə, Azərbaycan prezidentinin yuxarıdakı sitatı əslində həm də bunun anonsudur. Bu, həmçinin o anlama gələ bilər ki, Azərbaycan mövcud şərtləri nəzərə alaraq, özünün hərbi və müharibə strategiyasını daha da cilalamaq kursu götürüb - qardaş Türkiyə və digər dost-müttəfiq dövlətlər hesabına təbii ki.

*****

Image result for Qabil Hüseynli

Məsələ ilə bağlı axar.az -a danışan politoloq Qabil Hüseynli maraqlı fikirlər söyləyib: “ABŞ-ın yeni sanksiyaların qorxulu tərəfi həmin şirkətlərdən hərbi məhsullar alan ölkələrin də sanksiyaların təsir altına düşməsi ilə bağlıdır. Azərbaycan Rusiyadan ən çox silah alan ölkələrdən biridir. Rusiyadan yeni silahların da alınması gündəmdədir. Amma bu ”mütləq alınacaq" demək deyil. Yəni Rusiyadan silah alınması ilə bağlı Azərbaycan dövlətinin qarşısında öhdəlik yoxdur. Çünki Azərbaycan son vaxtlar daha müasir silahlar almaq üçün İsraillə, Pakistanla, hətta bəzi Avropa ölkələri ilə (Serbiya, Belarus) əlaqələrini genişləndirir. Nəzərə alaq ki, Rusiya silahlarının qiyməti çox bahadır və Rusiya həmin silahların istehsalının Azərbaycanda təşkil edilməsinə qətiyyən maraq göstərmir, amma Belarus, Serbiya, Pakistan, Türkiyə isə Azərbaycana silah satmaqla yanaşı, həmin silahların istehsalının Azərbaycanda da həyata keçirilməsinə razılıq verib. Türkiyə Azərbaycanda hərbi sənaye kompleksini formalaşdırmaqda yaxından iştirak edir. Gələcəkdə Azərbaycan zirehli texnika sahəsində istehsalı tamamilə öz əlinə almaq istəyir. Təsadüfi deyil ki, Azərbaycanda artıq zirehli transportyorların istehsalı həyata keçirilir. Belə olan təqdirdə düşünürəm ki, Azərbaycanın Rusiyadan silah almasına ehtiyac qalmayacaq".

Politoloqa görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Rusiya ilə silah ticarəti edən ölkələrə də şamil olması müşahidə olunarsa, Azərbaycan əlbəttə ki, Rusiyadan silah almağa son qoyacaq: “Onsuz da Azərbaycan lazım olan silahları artıq Rusiyadan alıb. Üstəlik, deyildiyi kimi, Bakı özünə yeni partnyorlar tapıb. Məsələn, yaxın vaxtlarda Avropa Birliyi ilə tərəfdaşlıq sazişini imzalayacağıq. Avropa Birliyi də artıq Azərbaycana silah sata biləcəyi ilə bağlı işarələr verib. Azərbaycanın silah almaq, bu sahədə manevr etmək imkanları çox genişdir və bu siyahıda Rusiya heç də birinci yerdə dayanmır. Azərbaycan özü üçün ən əlverişli olan variant hazırlayıb həyata keçirəcək”.

Image result for Analitik Elçin Mirzəbəyli

Analitik Elçin Mirzəbəyli də sanksiyaların Azərbaycana hər hansı bir neqativ təsiri olmayacağını bildirib. Onun sözlərinə görə, Azərbaycanın Rusiya silahlarına artıq ehtiyacı yoxdur. “Digər tərəfdən, Rusiya silah bazarında ABŞ-ın ən böyük rəqibidir. Vaşinqtonun öz rəqibini zərərsizləşdirməsi istiqamətində atdığı addımlar həm də bu müstəvidən təbii qəbul olunmalıdır”, - deyə o əlavə edib.

Reaksiya.az

Şərhlər