"...O HAKİMİYYƏTDƏN GETSƏ, VƏZİYYƏT DƏYİŞƏCƏK"

"...O HAKİMİYYƏTDƏN GETSƏ, VƏZİYYƏT DƏYİŞƏCƏK"
Tarix: 06.12.2017 14:32
Oxunma sayı: 574
Paylaş:

"İsrailə qarşı kəskin münasibət Türkiyə iqtidar partiyasının ideologiyasından qaynaqlanır”.

Bunu "Sherg.az”a Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın İsrailə qarşı sərt mövqeyinin səbəblərini izah edərkən politoloq İlqar Vəlizadə deyib. O bəyan edib ki, bu partiya islamçı mövqeyi ilə seçilir:
 
"Bu partiyanın ideoloji əsaslarını tək İslam həmrəyliyi deyil, Qüds, Fələstin problemləri də təşkil edir. Ona görə, bununla bağlı konkret müddəalar irəli sürülür.
 
2009-cu ildə Türkiyə-İsrail münasibətlərinin kəskin pisləşməsi Qəzzada baş verən proseslərlə əlaqəli idi. Türkiyə birmənalı şəkildə Həmas təşkilatına dəstək vermişdi. Burada tək cari siyasətlə deyil, partiyanın ideoloji əsasları ilə əlaqəli addımlar atılmışdı.
 
Qüds problemi ilə bağlı məsələ yenidən gündəmə gəlib. Türkiyə iqtidarı birmənalı şəkildə formalaşmış kursa uyğun fəaliyyət göstərir. Güman ki, siyasətdə köklü dəyişiklik olmayacaq. Türkiyə-İsrail münasibətləri müsbət tendensiyalarla qarşılaşmayacaq. İsraildə bunu Ərdoğanın şəxsi münasibəti ilə əlaqələndirir və iddia edirlər ki, o hakimiyyətdən getsə, vəziyyət dəyişəcək. Lakin iqtidarın münasibəti dəyişməyəcək.
 
İki dövlət arasındakı ziddiyyətlər Yaxın Şərqdə, Suriyada gedən proseslərə təsir edəcək”.
 
Qeyd edək ki, R. T. Ərdoğanın sözlərinə görə, ABŞ İsrailə dəstək məqsədilə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərar verərsə, bu, tək beynəlxalq hüququn pozulması yox, insan vicdanına vurulmuş bir zərbə olacaq. Prezident bildirib ki, belə bir addım atılarsa, 5-10 gün ərzində İstanbulda İslam Əməkdaşlıq Təşkilatının liderləri zirvəsini təşkil edəcək:
 
"Bütün islam dünyasını o zirvədə hərəkətləndirəcəyik. ABŞ bütün işləri yoluna qoydu, bu qaldı? Hazırda Binyamin Netanyahu İsraildə iç məsələləri yoluna qoya bilmir. Biz bu məsələdə sona qədər mübarizə aparacağıq. Bu məsələ Türkiyənin İsraillə diplomatik əlaqələrini kəsməsinə qədər gedə bilər. ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edirik”.
 

Şərhlər