“NATO-Rusiya görüşləri üçün Bakının seçilməsinin səbəbi odur ki...”

“NATO-Rusiya görüşləri üçün Bakının seçilməsinin səbəbi odur ki...”
Tarix: 09.01.2018 12:51
Oxunma sayı: 939
Paylaş:

NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimovla görüşəcək. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “BuzzFeed” portalı adı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən məlumat yayıb.

Məlumata əsasən, görüş yanvar ayında Bakıda keçiriləcək.

Qeyd edək ki, ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun görüşü də Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüşüb. Sözügedən iki görüş üçün niyə məhz Bakının seçilməsinə gəlincə, hələ o zaman “Nyu York Times” qəzeti yazmışdı ki, görüş yerinin seçimi asan olmayıb. Qəzet ABŞ hərbi rəsmilərinə istinadən yazırdı ki, Rusiya tərəfi C. Danfordun Rusiyanın paytaxtı Moskvaya, yaxud Belarusa gəlməsini təklif edib. Pentaqon isə görüşün Qərbi Avropada keçirilməsinə üstünlük verib. Lakin Avropa İttifaqının V. Gerasimov barəsində Avropaya səfəri qadağan edən sanksiyası olduğundan bu, mümkün olmayıb. V. Gerasimovun Ukraynadakı hərbi müdaxilənin əsas fiqurlarından olduğu iddia edilir, sanksiya da bu səbəbdən tətbiq olunub. Nəticədə son olaraq görüş üçün Bakı neytral məkan kimi seçilib.

Bakıda 18 fevralda ABŞ və Rusiya baş qərargah rəislərinin görüşündən iki gün sonra isə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə çıxışı zamanı prezident İlham Əliyev bildirmişdi ki, görüş üçün Bakının seçilməsi qərarı bizim olmayıb: “Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq görüş üçün Bakının seçilməsinə razı olub-olmamağımız soruşulmuşdu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaq. Generallar ilk dəfə Bakıda görüşdü”.

Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimovla ile ilgili görsel sonucu

Sentyabr ayında keçirilən görüş barədə isə beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase bildirimişdi ki, Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel ilə görüş Azərbaycanın sülh, xalqlar arasında dialoqa böyük töhfə verdiyini göstərir: “Bakı son onilliklər ərzində iri çoxtərəfli müzakirələrin, razılaşmaların aparıldığı bir çox Avropa şəhərlərini xatırladır. Təəccüblü deyil ki, Azərbaycan iki dəfə ABŞ, NATO və Rusiya hərbi liderlərinin görüşünün məkanı seçilib. Son on ildə Azərbaycan öz balanslı siyasəti, iqtisadi inkişafı və yoxsulluqla uğurlu mübarizə siyasəti ilə seçilir. Özünün ərazisinin 20 faizi ermənilər tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycan bütün dünyada sülh və stabillik tərəfdarıdır”.

Kertis NATO ile ilgili görsel sonucu

Son yayılan məlumatlardan isə göründüyü kimi, yanvar ayı üçün NATO və Rusiya generallarının üçüncü görüşü də Bakıda keçiriləcək. Bir-biri ilə münasibətləri gərgin olan iki dünya gücünün bir il ərzində üçüncü dəfə görüş üçün Bakını seçməsini “Yeni Müsavat”a şərh edən politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib və artıq belə görüşlərin Bakıda keçirilməsi təəccüb doğurmur: “Şübhəsiz ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin başqa səbəbləri də var.

elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Bu, Azərbaycanın həm coğrafi mövqeyinə, həm də dövlətimizin yürütdüyü siyasətin prioritetlərinə görə Şərqlə Qərb arasında körpü rolunu oynamasıdır. Azərbaycan dövlətinin təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanın həm Rusiya, həm də NATO ilə normal əməkdaşlıq münasibətləri var. Ölkəmiz beynəlxalq sülhyaratma missiyalarında fəal iştirak edir və eyni zamanda heç bir hərbi-siyasi blokun üzvlüyünə can atmır”.

gerasimov ile ilgili görsel sonucu

Politoloqa görə, ölkəmizin regionda və dünyada gedən proseslərə, münaqişələrin həllinə ayrı-ayrı güclərin deyil, beynəlxalq hüququn norma və prinsiplərindən yanaşması da qlobal güclərin seçiminə öz müsbət təsirini göstərir:“Bildiyiniz kimi, bu il mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə Azərbaycanın təşəbbüsü ilə baş tutmuş Bakı prosesinin 10-cu ildönümü qeyd olunacaq. Bu müddət ərzində  gerçəkləşdirilən ümumdünya mədəniyyətlərarası dialoq forumları, yaradılan əməkdaşlıq platformalarının səmərəliliyi Bakı prosesinin qlobal hərəkat kimi qəbul olunmasına zəmin yaradıb. Təbii ki, bu amillər də Bakının bir il ərzində üçüncü dəfə qlobal güclərin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsində önəmli rol oynayır”.

Reaksiya.az

Şərhlər