Ərdoğandan mühüm taktiki gediş - Avropa ilə..

19.01.2018 14:04     A-reaksiya     1965

Avropa Birliyi ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün imkanlar tükənməyib. Son illər regionda baş verən proseslərə, Türkiyənin əks qütbdə dayanmağa cəhd edən ölkələrlə, o cümlədən Rusiya ilə münasibətlərindəki dəyişikliklərə baxmayaraq, Ankaranın avroatlantik hərbi-siyasi blokun və məkanın tərkib hissəsi olması unudulmamalıdır.

Bu sözləri  açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, mövcud vəziyyətdə münasibətlərin konstruktiv dialoq və əməkdaşlıq müstəvisində inkişafı hər iki tərəfi qane edir:

“Türkiyə öz maraqlarının qorunması istiqamətində müəyyən taktiki gedişlər edir. Lakin Ankaranın öz strateji hədəflərindən əl çəkəcəyi inandırıcı deyil. Ankara Avropanın enerji təhlükəsizliyində açar dövlətlərdən biridir. Eyni zamanda, Avropa Birliyi ilə Türkiyəni bağlayan ortaq maraqlar var. Türkiyə AB üçün çox önəmli bir dövlət, strateji müttəfiqdir. Ankaranın regional müstəvidə manevrlərinin məqsədi ilk növbədə ölkənin təhlükəsizliyinin qorunması, terrorizm və separatizmlə mübarizədir.

Son illərdə Türkiyə ilə Avropa Birliyi arasındakı ziddiyyətlərin xronologiyasına diqqət yetirsək, problemlərin daha çox Yaxın Şərqdə baş verən proseslərdən qaynaqlandığının şahidi olarıq. Hesab edirəm ki, Türkiyə-Avropa Birliyi münasibətlərinin inkişafı üçün çoxsaylı istiqamətlər və mexanizmlər var. Belə bir görüşün keçirilməsi realdır və hər iki tərəfin maraqlarına uyğun gəlir”.

Qeyd edək ki, Avropa Birliyi və Türkiyə arasında martın sonunda yüksək səviyyədə görüş keçirilməsi planlaşdırılır.(axar)

Reaksiya.az

Şərhlər