Nicat niyə yaşaya bilmədi? - ağır sarsıntılar, xəstə övlad, xeyli borc...

24.01.2018 12:34     A-reaksiya     1642

Dünən qəfil vəfat edən Nicat Məlikovla bağlı dostu, politoloq Elxan Şahinoğlu ilginc faktlar yazıb. BakuPost xəbər verir ki, jurnalistin ağır şəraitdə yaşayırmış, sarsıntılar keçirirmiş və xəstə övladının müalicəsi üçün xeyli miqdarda borcu varmış.

Nicatla 2000-ci illərin əvvəllərində mətbuat konfranslarının birində tanış olmuşduq. Dəyirmi masada hansısa mövzuda müzakirələr aparırdıq, daha sonra növbə jurnalistlərin suallarına çatdı. Gənc jurnalist söz aldı və mənə bir neçə sual verdi. Suallar xoşuma gəldi, cavablandırdıqdan sonra dostum İlqar Vəlizadədən həmin jurnalistin kimliyini soruşdum, "Nicat Məlikovdur,"Zerkalo” qəzetində işləyir” dedi. Baş redaktor olmaqla "Zerkalo” qəzetinin kollektivinin az qala tamamını tanıyırdım, çoxuyla dostluq münasibətim var idi, redaksiya evimə də yaxın olduğundan tez-tez ora gedib dostlarımla çay içib aktual mövzuları müzakirə edirdik. Ancaq Nicatı tanımırdım, sonra öyrəndim ki, jurnalistikaya başqa sahədən gəlib.

 

 

Həmin mətbuat konfransından birgə çıxdıq, yolboyu xeyli söhbət etdik. Nicat fəlsəfi mövzuları xoşlayırdı, o fəlsəfədən mənə danışır, mən isə bugünkü siyasətin reallıqlarından söhbət açardım. Həmin gündən dostlaşdıq, tez-tez zəngləşib görüşürdük. 2005-c ildə "Atlas” Araşdırmalar Mərkəzinin təsis etdikdə özümə tərəf müqabili axtarırdım, Elnur Eltürklə Nicat Məlikovu seçdim. Bir xeyli mətbuat konfransı düzənlədik. Nicatla bir neçə xarici səfərdə də olduq, hər dəfə böyük planlarından danışardı. Arzu Abdullayevanın ofisində ən azı ayda iki dəfə "Qarabağ Şurasının” iclaslarına birgə gedirdik.

 

 

"Zerkalo” qapandıqdan sonra Nicatın ağır günləri, həm mənəvi, həm də maddi sıxıntıları başladı. Axtardığı və tapdığı işlərdə rahat ola bilmirdi, nəsə onu narahat edirdi, elə hey deyirdi: "bircə "Zerkalo” açılsaydı”. Açılmadı. Özünə yer tapa bilmirdi, xəstə övladının müalicəsi xeyli maliyyə tələb edirdi. Maddi sıxıntısı getdikcə artırdı. Borcları da az deyildi. Əlimdən gələn köməyi edirdim. Hər dəfə eyni sözləri təkrarlayardım: "Nicat, bax, indi yaxşı iş tapmısan, çalış möhkəmlən orda, maaşın da normaldır”. Ancaq alınmırdı. Elə hey nəyinsə axtarışında idi. Getdikcə özünə qapanırdı.

 

 

Bir dəfə gecəyarısı mənə zəng etdi. "Elxan, özümü yaxşı hiss etmirəm, gələ bilərsənmi?”. Özümü yetirdim Nicatın ata evinə. Evdə tək idi, çarəsiz şəkildə problemlərindən danışdı. Yenə köməyimi əsirgəmədim, ancaq eyni sözləri yenə təkrarladım: "Nicat, "Zerkalo” hələ açılmayacaq, yeni iş yerindən möhkəm yapış”. Bu sözləri hər dəfə ona görə deyirdim ki, bizdə rusdilli mətbuatda iş yerləri məhduddur, istənilən fürsətdən yararlanmaq lazım idi.

 

 

... Nicat bizlərdən biri deyildi. Təbiət etibarilə realistəm, həyatın çətinliklərinə öyrəşmişəm, cəngəllikdə mübarizə qaydalarını mənimsəmişəm. Nicatda bu xüsusiyyətlərin heç biri yox idi, fəlsəfənin dərinliklərinə qərq olmuşdu, hamıdan saflıq və ədalət gözləyirdi. Həyatdan küsmüşdü, daha kimsədən kömək ummurdu, oğlunun müalicəsi üçün yığılan borclarını necə qaytaracağını düşündükcə vəziyyəti pisləşirdi.

 

 

Dostlar, Nicatı itirdik! Sağlığında Nicatı qoruya bilmədiksə, heç olmazsa ailəsinə dəstək olaq, nə borcu varsa, bu yükü onun ailəsinin daşımasına imkan verməyək. Nicat bu dünyada şad olmadısa, heç olmazsa ailəsinə dəstək olmaqla ruhunu şad etməyə çalışaq! Həmrəy olduğumuzu nümayiş etdirək!

Reaksiya.az

Şərhlər