Azərbaycanın müstəqil və güclü olması qonşu ölkələrin də maraqlarına cavab verir

25.01.2018 11:49     A-reaksiya     2176

“Qərbdəki və təkcə qərbdə deyil, ümumiyyətlə bir sıra ekspertlər bu fikirdədirlər ki, Rusiyayla İranın qonşuluğunda yerləşməsi Azərbaycan üçün böyük təhlükədir. Həqiqətən də həm Rusiyada, həm də İranda elə çevrələr var(dı) ki, güclü və müstəqil Azərbaycanın olması, yumşaq desək, onların maraqlarına uyğun gəlmir. Amma atıq hər iki dövlətdə o da dərk edilməyə başlanıb ki, Azərbaycanın müstəqil və güclü olması, müəyyən dərəcdə onların da maraqlarına cavab verir”.

Reaksiya.az- ın  məlumatına görə, bunu millət vəkili Sahib Əliyev deyib. Millət vəkilinin sözlərinə görə, “Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı paneldə "Prezident Əliyev, bu il üçün Avrasiya ilə bağlı baxışınız nədən ibarətdir və Azərbaycan olduqca gərgin və hətta təhlükəli regionda necə davranacaqdır?" sualına aydınlıq gətirərkən dövlət başçımız bir növ bunun, yəni Azərbaycanın əleyhinə yönələn reallığı öz xeyrinə necə çevirdiyinin sirrini açıb: “Hesab edirəm ki, coğrafi baxımdan əsas qonşularından kiçik olan ölkə üçün düzgün balansı tapmaq və bu qonşuluqdan üstünlük kimi istifadə etmək çox vacibdir. Çünki böyük qonşular həm də böyük bazar deməkdir. Bizim üçün isə ən yaxşı bazar qonşu dövlətlərin bazarlarıdır. Beləliklə, qarşılıqlı maraq, maraqların balanslaşdırılması və digərlərinin daxili işlərinə müdaxilə olunmaması, habelə regionda əməkdaşlıqla bağlı praqmatik yanaşmanın mövcudluğu ölkəmizin uğurlarının, daxili sabitliyin və yaxşı gələcək perspektivlərin səbəblərindəndir”.

Bax praqmatik, milli maraqlara cavab verən siyasət budur - təhlükə və təhdidi qarşılıqlı faydalı əməkdaşlığa çevirmək. Ancaq orası da var ki, bu praqmatik siyasətin aparılması heç də asan deyil. Qərbdə də elə çevrələr var ki, onlar Azərbaycanın iki böyük qonşusuyla praqmatik yox, qarşıdurma siyasəti aparmasını istəyirdilər və indi də o istək qüvvədədir. Bu qarşıdurma isə ölkəmiz üçün fəlakət, region üçün xaos demək olduğundan Azərbaycan onu rədd edib, edir. Rədd edir və qarşılığında da “insan haqlarının ən çox pozulduğu, mətbuat azad olmadığı" ölkələrdən biri kimi təqdim olunur”.

Sahib Alıyev deyir ki, “Azərbaycan prezidenti İlham Əliyev bu məsələyə də elə də detallara varmadan, ancaq çox dəqiq və dolğun cavab verib: “Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər.

Azərbaycanı müəyyən ölkələr əleyhinə kampaniyalara sürükləmək cəhdləri olub. Biz hər zaman bitərəf qalmışıq. Biz heç kəsə qarşı oyun aparmırıq və heç bir riskli və milli maraqlarımıza uyğun olmayan kampaniyanın tərkib hissəsi deyilik. Yəni, hücumların səbəblərindən biri bəzilərinin Azərbaycanı kiçik dövlət üçün artıq dərəcədə müstəqil hesab etməsidir. Bəzi QHT-lərin belə reytinqləri ölkəmizi gözdən salmaq, nüfuzumuza xələl gətirmək və Azərbaycanı qeyri-demokratik dövlət kimi təqdim etmək məqsədi daşıyır. Bu isə qətiyyən belə deyil””.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar