MƏTBUAT ŞURASI DAHA ÇOX TƏSİR İMKANLARINA SAHİB OLMALIDIR

Azər Həsrət: “Mətbuat Şurası yarı dövlət, yarı qeyri-dövlət qurumu səviyyəsində özəl statuslu bir təşkilata çevrilməlidir”

Vüsal Məmmədov: “Əlavə səlahiyyətlərə heç bir ehtiyac qalmayacaq”

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisin ötən iclasında rəhbəri olduğu təşkilatla bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklifini səsləndirib. Ə.Amaşov bildirib ki, Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir. Millət vəkili təklifini belə əsaslandırıb ki, bu gün reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla qazanc vasitələrini sadələşdirir. Kimlərdənsə dəstək alırlar.

 
Onların məqsədi məmurlara, iş adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdan ibarətdir. Bu cür neqativ halların qarşısının daha effektiv alınması Mətbuat Şurasının fəaliyyətində təkmilləşdirmə işindən keçir. Mətbuat Şurası ilə bağlı qanun layihəsi qəbul oluna bilər. MŞ ictimai təşkilat olduğundan bəzən müvafiq addımlar ata bilmir. Lakin Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılarsa, medianı daha yaxşı balanslaşdırmaq mümkün olar. Bundan əlavə, medianın adından sui-istifadə halları da azalar. Medianın özü də bunda maraqlıdır. Çünki demokratik mətbuat reketçilikdən əziyyət çəkir.
 
 
"Mətbuat Şurasının səlahiyyət çatışmazlığı var”
 
Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət bu fikirdədir ki, işin daha effektiv qurulması üçün məsələ ciddi müzakirə olunmalıdır:
- Dəyişikliklər və yaxud təşəbbüslərin irəli sürülməsi ilə bağlı müzakirələr olub. Təbii ki, müəyyən pərakəndə fikirlər səsləndirilib. Amma ən çox Mətbuat Şurasının effektivliyi baxımından çatışmazlıqlar hiss etmişik. Yəni, konkret olaraq KİV, yaxud jurnalistlə bağlı şikayətlərdə gücümüz yalnız qınaq olub, bundan o tərəfə gedə bilməmişik. Xəbərdarlıq, yaxud da çağırış etmişik ki, jurnalist Peşə Davranış Qaydalarına əməl etsin.
Bu da öz effektini yetərincə verməyib. Düzdür, bir çox həmkarlarımız bu çağırışlara müsbət yanaşıblar, ciddi münasibət göstəriblər. Təəssüf olsun ki, çağırışlara əməl etməyən KİV-lərin sayı həddindən çoxdur. Onlar Mətbuat Şurasının qınağını qulaqardına vurublar. "Uzağı qınaqdır, bizi tənqid edəcəklər, adımızı "qara siyahı”ya salacaqlar, "reket” adlandıracaqlar və bununla da bitəcək”,- deyə düşünüblər. Ona görə də Mətbuat Şurasının daha üstün təsir imkanlarına, səlahiyyətlərə malik olması üçün statusunun dəyişdirilməsi zərurəti yaranıb. Yəni, bu, bir qeyri-hökumət təşkilatıdır, onun da müəyyən səlahiyyət çərçivəsi var. O çərçivədən kənarda hər hansı bir təsir göstərə bilmir”.
 
Azər Həsrətin sözlərinə görə, Mətbuat Şurasının statusunun xüsusi olaraq dəyişdirilməsi, qanunla ona əlavə səlahiyyətlərin verilməsi effektivliyini daha yüksək mərtəbəyə qaldıra biləcək:
 
- Bu baxımdan da Əflatun Amaşov bu təşəbbüsü Milli Məclisdə dilə gətirib. Düşünürəm ki, mətbuatla məşğul olan dövlət qurumlarımız, ümumiyyətlə, dövlət siyasətini müəyyən edən, bu sahəyə məsul olan şəxslər də bu təşəbbüsü müsbət qarşılayacaqlar. Çünki "reket” və "qara” jurnalistika dediyimiz jurnalistikadan sui-istifadə hallarından təkcə ayrı-ayrı şəxslər deyil, bütövlükdə dövlətimiz və mətbuatımız ziyan görür. Bunun üçün isə Mətbuat Şurasının daha çox təsiretmə imkanlarına sahib olması lazımdır.
 
Şura üzvü onu da əlavə edib ki, Mətbuat Şurası dövlət və qeyri-dövlət qurumuna da çevrilə bilər:
- Məsələn, Böyük Britaniyada Mətbuatla bağlı Şikayət Komissiyası vardı. O, birbaşa kralın nəzarətində olan, kralın təsiretmə imkanları olduğu bir qurum idi. İndi onun yerinə bir başqasını qurublar. Həmin qurum da birbaşa Böyük Britaniya kraliçasının nəzarətindədir. Hətta cərimə və hansısa formada üstün cəza tətbiq etmək imkanları da var. Amma Mətbuat Şurasının belə bir imkanı yoxdur. Bunun tam olaraq dövlət qurumu kimi formalaşmasının əlbəttə ki, tərəfdarı deyilik.
Zamanında prezidentliyi dövründə Heydər Əliyev Mətbuat və İnformasiya Nazirliyini ləğv etdi ki, Azərbaycanda mətbuat özü-özünü tənzimləsin. Yəni, dövlət bu sahəyə müdaxilə etmir. Bu statusun saxlanılmasının tərəfdarıyıq. Amma mətbuatdan sui-istifadə edənlərə qarşı tədbirlərin görülməsi üçün hansısa formada bir təşkilatın da mövcud olmasına zərurət var. O baxımdan Mətbuat Şurası yarı dövlət, yarı qeyri-dövlət qurumu səviyyəsində özəl statuslu bir təşkilata çevrilməlidir ki, hansısa cəza tədbirlərini tətbiq edəndə məhdudiyyətlə qarşılaşmasın.
 
"Mətbuat Şurası istintaq orqanı deyil”
 
Qeyd edək ki, Mətbuat Şurasına əlavə səlahiyyətlər verilməsi müzakirələrində bir məqam diqqəti cəlb edir. Müzakirələrə qoşulanlardan "Bəs, Mətbuat Şurası özü, səlahiyyətlərindən sui-istifadə etməyəcək ki” sualını səsləndirənlər də var. A.Həsrət bunun jurnalistlərin əlində olduğunu dedi:
 
- Bu, insanların vicdanına buraxılacaq işdir. Mətbuat Şurası hansısa KİV orqanının neqativ fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edir. Ordan bildirilir ki, materiallar təqdim edin, sübutlar verin. Mətbuat Şurası istintaq orqanı deyil axı. Hər qurum öz işi ilə məşğul olmalıdır. Ona görə də Mətbuat Şurasına əlavə səlahiyyətlərin verilməsi gündəmə gəlib. Qaldı ki, səlahiyyətlərdən sui-istifadə hallarına, sizə deyim ki, qanunlardan sui-istifadə halları başqalarına da aiddir. Qanunlardan qanuni şəkildə istifadə edən məmurlar da var, qanunlardan qanunsuzluq etmək üçün yararlananlar, istifadə edənlər də. Vicdanlı adam əlində olan səlahiyyətdən sui-istifadə etməyəcək. Mart ayında Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək. Mətbuat Şurasının tərkibinin formalaşmasında jurnalistlər aktiv iştirak etməli, fəal olmalıdırlar. Elə adamlar seçməliyik ki, o adamlar gözləntiləri doğrultsun. Elə etməliyik ki, Mətbuat Şurası dürüst adamlardan ibarət olsun. Yoxsa, üzdə bir cür, arxada bir cür, hər cür çirkli işlə məşğul olan adamlar seçilməsin. O zaman Mətbuat Şurasının işi də, fəaliyyəti də daha təsirli olacaq. Mətbuat Şurası indi də təsirli fəaliyyət göstərir. Amma söhbət reketçiliklə mübarizədən gedirsə, indiki halda da iş effektiv sayıla bilməz. Çünki Şuranın səlahiyyət çatışmazlığı var. Ona görə də Mətbuat Şurasına qanunla xüsusi səlahiyyət verilməsi, səlahiyyətlərinin genişləndirilməsi lazımdır.
 
"Mətbuat Şurasına status verilərsə...”
 
 
"Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə hesab edir ki, Mətbuat Şurası ictimai qurumdur. Ona hansısa əlavə, yeni səlahiyyətlərin verilməsi üçün əvvəlcə rəsmi statusu olmalıdır:
 
- Əgər belə olsa, yəni MŞ rəsmi qurum statusu alsa, onda medianın dövlət tərəfindən tənzimlənməsindən danışmalı olacağıq ki, bu da MŞ-nin indiki mahiyyətinə ziddir və ümumiyyətlə, mümkün deyil. Çünki MŞ - medianın özünütənzimləmə strukturudur. Məncə, Mətbuat Şurasına əlavə statusların verilməsi yox, onun nüfuzunun artırılması haqqında düşünmək lazımdır. Bunu etmək üçün kifayət qədər yollar da var. MŞ o qədər nüfuzlu bir qurum olmalıdır ki, onun ehtivasından kənarda qalan, prinsiplərinə qarşı sayğısızlıq edən KİV orqanları avtomatik şəkildə cəmiyyətin gözündən düşməli, qeyri-ciddi imic qazanmalıdırlar. MŞ peşəkar jurnalistika və peşəkar jurnalistlər ilə jurnalistika oyunu oynayan avantüristlərin arasında çəkilmiş bir sərhəd xətti olmalıdır. Xəttin o biri üzündə qalanları cəmiyyət ciddi qəbul etməməlidir. Buna görə, özünün ciddi olduğunu cəmiyyətə göstərmək istəyən hər bir jurnalist və media orqanı çalışmalıdır ki, Mətbuat Şurasının əhatəsinə düşsün. Mətbuat Şurası tərəfindən tanınmaq keyfiyyət göstəricisi, peşəkarlıq nişanəsi, seçilmişlik əlaməti olmalıdır. Çox təəssüf ki, hazırda belə deyil, problemlər də ondan qaynaqlanır. Mətbuat Şurası belə bir nüfuzlu quruma çevirilsə, əlavə səlahiyyətlərə heç bir ehtiyac qalmayacaq. Saytların cəzalandırılması haqqında qərarı isə ancaq məhkəmə verə bilər.(sherg.az)
 
Advertisement Banner

Şərhlər

Çox oxunanlar