“Təəssüf ki, bu faciə hələ də Avropa Parlamenti tərəfindən qəbul edilməyib” – Azər Badamov

16.02.2018 11:53     A-reaksiya     1816

Bəşəriyyət tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımından artıq 26 il vaxt ötür.

Faciənin ilödnümü ərəfəsində  Fransa mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub. Fransanın www.atlantico.fr portalında “Dağlıq Qarabağ: 26 il sonra Xocalı kütləvi qırğını ilə bağlı qulaqbatırıcı sükut” adlı məqalə dərc olunan məqalədə 26 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələrinin 366-cı rus hərbi alayı ilə birlikdə 63-ü uşaq, 107-si qadın olmaqla 613 Azərbaycanlını qətlə yetirdiyi bildirilir.

 

Doğrudur, Qərb dövlətləri son illər bu faciəyə daha çox diqqət ayırır, məqalələr dərc olunur və tədbirlər keçirilir. Amma buna baxmayaraq, hələ də Avropa ölkələrinin parlamentləri, siyasi qrupları Xocalı faciəsi ilə bağlı konkret addım atmırlar.

Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən millət vəkili Azər Badamov deyir ki, Xocalı hadisəsi bəşəriyyətin ən son faciəsidir: “Xocalıda 26 fevralda törədilən bu faciə məhz bizə qarşı törədilmiş soyqırımdır. Xocalı soyqırımını dünyada tanıtmaq istiqamətində ölkəmiz böyük işlər görüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın ayrı-ayrı ölkələrində hər il tədbirlər keçirilir. Amerikanın özündə də Xocalı ilə bağlı müəyyən işlər görülür. Eyni zamanda Xocalı faciəsi bir çox ölkələr tərəfindən qəbul olunub. Onlar da Xocalıda dəhşətli faciənin törədildiyini təsdiq edirlər. Amma çox təəssüflər olsun ki, Avropa Parlamenti hələ də Xocalı faciəsi ilə bağlı konkret qərar verməyib. Bu da təbii ki, ölkəmizə qarşı ikili standartlarla yanaşmanın göstəricisidir”.

Millət vəkilinin sözlərinə görə, bəşər tarixində baş verən əsas faciələr Avropa Parlamentində müzakirə olunur, müəyyən qətnamələr qəbul edilir: “Amma bizim ölkəmizdə ermənilər tərəfindən törədilən, insanlığa yaraşmayan faciə Avropa Parlamenti tərəfindən qəbul edilməyib. Bunun da kökündə ən əsası odur ki, biz müsəlman ölkəyik, onlar da müsəlman ölkələrinə fərqli yanaşırlar. Avropa ölkəsində hər hansı bir hadisə baş verən kimi bununla bağlı dərhal səslərini çıxarırlar, münasibət bildirirlər. Amma baxmayaraq ki, Azərbaycanda belə böyük bir faciə törədilib, onlar bizim üçün müsbət olan bir münasibət sərgiləmirlər. Bunu ancaq ikili standartların göstəricisi kimi hesab edirəm”.

 

Qeyd edək ki, www.atlantico.fr portalındakı məqalədə deyilir ki, Fransa, eləcə də Avropa və dünya siyasətçilərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olan Xocalı soyqırımı ilə bağlı mövqelərini açıq və qəti şəkildə bəyan etdikləri qeyd olunub. Yaradıcılıqlarında Xocalı soyqırımına toxunmuş üç fransız – fotoqraf-jurnalist Reza Deqati, bəstəkar Pyer Tilua və rəssam Reno Baltzinger faciə ilə bağlı təəssüratlarını bölüşüblər.

Fotoqraf-jurnalist Reza Deqati Xocalı soyqırımı törədiləndə Ağdam və Şuşa şəhərlərində olmasından, yaxınlarından xəbər gözləyən insanlarla görüşündən, Xocalıda ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədlərinə işgəcə verilməsindən, onların təhqir edilməsindən danışıb. Gördüyü reallıqları fotoları vasitəsilə olduğu kimi beynəlxalq ictimaiyyətə çatdırmaq niyyətindən söhbət açıb.

Fransalı bəstəkar Pyer Tilua ölkəmizə səfərindən, Xocalı soyqırımı ilə bağlı eşitdiklərindən danışaraq, bu faciənin qurbanlarının xatirəsinə bəstələdiyi “Khodjaly 613” musiqi əsərini qeyd edib. Faciə ilə bağlı sükutu pozmağa, musiqi vasitəsilə həqiqəti ictimaiyyətə çatdırmağa çalışdığını bildirib.

Rəssam Reno Baltzinger Xocalı soyqırımının məqsədli şəkildə törədildiyini, mətbuatın bu faciə ilə bağlı bilərəkdən susduğunu deyərək, Xocalı soyqırımına 50-yə qədər əsər həsr etdiyini vurğulayıb. Xocalı kolleksiyasındakı əsərlərini Fransanın sabiq mədəniyyət naziri Oreli Filipettiyə təqdim etdiyini diqqətə çatdırıb. Xocalı cinayətinin cəzasız qalmasının ədalətsiz olduğunu bildirən rəssam böyük “Ağ əsər”i ilə Xocalı kolleksiyasını tamamladığını vurğulayıb. Həmin əsərin Fransada və Bakıda Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini diqqətə çatdırıb.

Reaksiya.az

Şərhlər