Kreml Azərbaycana səfir təyinatın yubadır - diplomatik təzyiq, yoxsa...

Şimal qonşumuz diplomatiyada yeni təzyiq üsuluna əl atıb; sabiq nazir Tofiq Zülfüqarov burada ermənipərəst qüvvələrin əlinin olmasını istisna etmir

Ötən ilin payızından etibarən Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsi boşdur. Qeyd edək prezident Vladimir Putin səfir Vladimir Doroxini 2017-ci ilin noyabrında postundan azad edərək geri çağırıb.

Doroxindən sonra səfir vəzifəsinə ermənipərəst mövqeli Georgi Zuyevin təyin olunacağı barədə də məlumatlar yayılmışdı. Lakin bildirildi ki, rəsmi Bakının etirazı Kremli bu təyinatla bağlı mövqeyindən geri çəkilməyə vadar edib. Doğrudur, sonradan Rusiya XİN başçısı Sergey Lavrov bildirdi ki, guya Moskva G.Zuyev üçün Azərbaycandan heç vaxt aqreman xahiş eləməyib. Ancaq 2017-ci ildə S.Lavrovun və Rusiya XİN-in sözçüsü Zaxarovanın bir neçə dəfə Azərbaycanı təhdid edən açıqlamaları səfir təyinatında ermənipərəst namizədə üstünlük verilməsi ehtimalını xeyli gücləndirir. Üstəlik, ötən aylarda Rusiyanın səfiri postunun vakant qalması da suallar doğurur. Bir sıra müşahidəçilər hesab edir ki, səfir təyinatının gecikdirilməsi Rusiyanın Azərbaycana təzyiqi ola bilər.   

Doroxin ile ilgili görsel sonucu

Qeyd edək ki, Rusiya 5 ildir Ermənistanda fövqəladə və səlahiyyətli səfir kimi çalışan diplomat İvan Volınkini də əvəz etmək barədə düşünür. Erməni mətbuatı yeni səfirin 2018-ci ilin mart ayına qədər təyin olunacağını yazıb. Yeni səfirin kim olacağı hələlik məlum deyil.

Bəzi müşahidəçilər hesab edir ki, şimal qonşumuz diplomatiyada yeni təzyiq üsuluna əl atıb. Belə ki, 2013-cü il prezident seçkiləri ərəfəsində “Milyarderlər ittifaqı”nı yaradaraq Bakıya təsir etməyə çalışan Moskva bu dəfə də seçkiqabağı situasiyaya səfir təyinatını gecikdirməklə təzyiq etmək istəyir. Düzdür, səfirlik fəaliyyətdədir, Bakı-Moskva münasibətlərində hər hansı açıq gərginlik yoxdur. Lakin beynəlxalq təcrübəyə görə, səfirin təyin olunmaması dolayı təzyiq vasitəsi sayılır. Bir neçə il əvvəl ABŞ də bənzər metoddan yararlanmışdı.  

Tofiq Zülfüqarov ile ilgili görsel sonucu

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, o, bu məsələyə böyük diqqət yetirilməsini məsləhət görmür: “Səfirliklərin dövlətlərarası əlaqələrdə özünəməxsus yeri var, amma onların mövqeyi həlledici deyil. Çünki dövlət başçılarının münasibəti, digər məmurların mövqeyi mövcuddur. Vaxtilə səfir vəzifəsinə ayrı bir namizədin adı çəkilirdi, ancaq sonradan bu məsələ arxa plana keçdi. Texniki baxımdan səfirin təyinatı xarici işlər nazirinin səlahiyyətindədir. Yəni o, namizədi irəli sürür və dövlət başçısı təsdiqləyir. Amma Rusiya XİN-in başçısı Sergey Lavrovun ermənipərəst mövqeyi hər kəsə bəllidir. Belə fikirlər səslənirdi ki, o, erməni lobbisinin işlərinə rəhbərlik edir. Rusiyadakı ermənipərəst mövqeli şəxslər Rusiya-Azərbaycan əlaqələrinə ziyan gətirir. İstisna etmirəm ki, ləngimə məsələsi bununla da bağlı ola bilər. Yəni ermənipərəst qüvvələrin bu məsələlərdə əli ola bilər. Amma bir daha təkrar edirəm, bu vəzifə həlledici vəzifə deyil”.

Politoloq Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

Politoloq Elçin Mirzəbəyli isə əməkdaşımızla söhbətində məsələyə fərqli prizmadan yanaşdı: “Rusiya qanunvericiliyinə görə, səfirin bu və ya digər ölkədə xidmətinin müddəti dövlət başçısı tərəfindən müəyyənləşdirilir. Rusiyanın diplomatik xidmət haqqında federal qanunvericiliyində fövqəladə və səlahiyyətli səfirlərin təyin edildikləri ölkədə xidmət keçmələri üçün konkret müddət nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, Rusiya prezidenti səfir Doroxini geri çağırmaya bilərdi. Vladimir Doroxinin Zambiya Respublikasına səfir təyin edilməsi sübuta yetirir ki, diplomatın səhhəti, yaxud ailə vəziyyəti ilə bağlı hər hansı bir problem olmayıb. Çünki hazırda o, Rusiya Federasiyasının sərhədlərindən daha uzaqda, həm də səhiyyəsinin səviyyəsi olduqca aşağı səviyyədə olan bir ölkədə xidmətdədir”.

Rusiyanın Azərbaycana səfir təyin etməməsi məsələsinə gəldikdə isə  E.Mirzəbəyli qeyd etdi ki, bunu iki ölkə arasındakı diplomatik problem kimi dəyərləndirmir: “Rusiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini əvvəlki qaydada davam etdirir. Sadəcə, səfirin funksiyasını müvəqqəti işlər vəkili Oleq Muraşev yerinə yetirir. Oxşar hadisə 1999-2000-ci illərdə də baş verib. Təxminən 2 il ərzində Rusiyanın Azərbaycandakı səfiri vəzifəni müvəqqəti işlər vəkili statusu ilə Aleksandr Prişepov əvəz edib. Nə qədər əlaqəli olub-olmadığını deyə bilmərəm, amma qeyd etmək istəyirəm ki, Bakı-Tiflis-Ceyhan layihəsi ilə bağlı ən aktiv proseslər məhz 1999-2000-ci illərdə cərəyan edib. Layihə ilə bağlı bəyannamə 1998-ci ilin oktyabrında Ankarada imzalanıb. Bəyannamədən qısa bir müddət sonra Rusiyanın Azərbaycandakı səfiri Aleksandr Bloxin geri çağırılıb və onu, daha öncə qeyd etdiyim kimi, müvəqqəti işlər vəkili Aleksandr Prişepov əvəzləyib”. Politoloqun fikrincə, mümkündür ki, bu addım Rusiyanın Azərbaycandakı neft strategiyasının iflasa uğraması ilə bağlı olub: “Nəzərə alsaq ki, TANAP və TAP layihələri də həlledici mərhələyə qədəm qoyur və Rusiyanın öz nüfuz müvəkkilləri vasitəsilə bu layihələri əngəlləmək siyasəti özünü doğrultmayıb. Ola bilsin ki, Vladimir Doroxinin geri çağırılması da Moskvanın qaz strategiyasının iflasa uğraması ilə bağlıdır. Bütün hallarda mən yalnız öz ehtimallarımı dilə gətirirəm. Rusiyanın Ermənistandakı indiki səfiri isə 2013-cü ildə təyin olunub. Hazırda öz missiyasını davam etdirir. Əslində Rusiyanın Ermənistandakı səfiri daha çox canişin funksiyasını yerinə yetirir. Ermənistan onsuz da tamamilə Rusiyanın nəzarəti altındadır və bu ölkədəki yüksək rütbəli rus hərbçilərinin statusu belə, Sərkisyanın statusundan yüksəkdir. Bu baxımdan Rusiyanın Azərbaycana münasibətdə diplomatik müstəvidə sərgilədiyi münasibəti Ermənistanla müqayisə etmək istəməzdim”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər