Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi saxlana bilməz | Reaksiya

Dağlıq Qarabağ münaqişəsində status-kvo daimi saxlana bilməz

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur.
 
Bunu Trend-ə eksklüziv müsahibəsində ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer deyib.
 
Diplomat vurğulayıb ki, ABŞ münaqişənin həlli üzrə danışıqlar prosesini dəstəkləyir və həmsədr ölkə qismində Azərbaycan və Ermənistanla fəal qarşılıqlı fəaliyyəti davam etdirəcək: "ABŞ-ın uzunmüddətli siyasəti ondan ibarətdir ki, ədalətli nizamlanma beynəlxalq hüquq normaları, o cümlədən Helsinki Yekun Aktı və onun güc tətbiqetməmə, ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır”.
 
E.Şeferin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin 2017-ci il Cenevrədə danışıqlar prosesinin intensivləşdirilməsi və gərginliyin azaldılması ilə bağlı əlavə tədbirlərin görülməsi üçün götürdüyü öhdəliklər bu reallığı əks etdirir: "Cenevrədəki görüşdən sonra biz münaqişə tərəfləri ilə öhdəliklərin həyata keçirilməsi üçün böyük iş aparmışıq və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
 
Həmsədr ölkə qismində ABŞ-ın ATƏT Minsk qrupu çərçivəsində danışıqlar prosesinə sadiq qaldığını vurğulayan E.Şefer qeyd edib ki, həmsədrlər tərəflərlə istənilən formatda işləməyə hazırdır: "Biz çalışırıq ki, prezidentlər və xarici işlər nazirləri əsas məsələlər üzrə, o cümlədən atəşkəs rejiminin qorunmasının vacibliyi və 2017-ci ildə Cenevrədə, eləcə də 2016-cı ildə Vyana və Sankt-Peterburqda qəbul edilmiş qərarların reallaşdırılması üçün addımların müzakirəsinin bərpa olunması məqsədilə qısa zamanda görüşsünlər”.
 
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə toxunan E.Şefer deyib ki, bu addım tərəflərin qarşıdurma xəttində gərginliyin azaldılması üçün görülən tədbirlərə sadiqliyini nümayiş etdirəcək.
 
Bakı ilə Yerevanın dayanıqlı sülhə nail olmağa nə dərəcədə yaxın olduğu barədə suala cavab verən həmsədr bildirib ki, münaqişənin həlli üçün sadə yollar yoxdur: "Mən 2017-ci ilin avqustunda ABŞ tərəfindən ATƏT Minsk qrupunun həmsədri təyin olunmuşam. Fəaliyyətim müddətində mən münaqişənin fərqli aspektləri ilə məşğul olan müxtəlif insanlarla görüşmüşəm. Kifayət qədər təklif və ideyalar eşitsəm də, münaqişənin həlli üçün sadə yol yoxdur”.
 
Regiona növbəti səfərin tarixi barədə danışarkən diplomat qeyd edib ki, hazırda Minsk qrupu həmsədrlərinin iş cədvəlində bu məsələ yer almayıb, amma onlar regionda seçkilər müddətini nəzərə alaraq tərəflərlə məsləhətləşmələri davam etdirəcək.
 
Advertisement Banner

Şərhlər