Yeni qarayevlər, əzizbəyovlar, sultanovalar və biz…

26.03.2018 01:22     A-reaksiya     2200

Azərbaycanda keçiriləcək seçki ərəfəsində xarici ölkələrdə yaşayan bəzi həmvətənlərimizin kimlərinsə diqtəsi ilə dövlətimiz, onun başçısı haqqında hədyanlarına, təhqirlərinə və şər-böhtan kampaniyasına münasibət bildirmək qərarına gəldim. Öncə deyim ki, bu hökumətdən nə ev almışam, nə də hər hansı fəxri ad... Hökumətə “işləmək” üçün “paket” də almıram. Qısası, hökumətdən nəsə alıb qarşısında hansısa öhdəlik də götürməmişəm.

           Aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində bir qrup insanlar ölkə əleyhinə guya “demokratiya” təbliğatına başlayıblar. Ölkə başçısına qarşı kəskin tənqidi fikirlər bildirir, təhqir etməkdən belə çəkinmirlər. Bunun da arxasında hansı qurumların, qüvvələrin dayandığını təxmin etmək elədə çətin deyil, hər şey göz önündədir.

Müasir dünyanın ən demokratik ölkələrində belə böyük problemlər mövcuddur… Heç bir dövlət səhvlərdən və çatışmazlıqlardan sığortalanmayıb. Eləcə də Azərbaycan. Lakin ölkəmiz tamamilə fərqli baxış bucağında yerləşir: həm strateji, həm də geosiyasi baxımdan. Təhlil edin, düşünün və görəcəksiniz ki, Azərbaycanın gələcək nicatı, inkişafı məhz İlham Əliyevlə bağlıdır. Bu reallığı hamının qəbul etməsi lazımdır: onu istəyənlərin də, istəməyənlərin də! Bəli, bu gün hakimiyyətin çörəyini yeyib, ona naxələf çıxan bir sıra məmurlar var, onlar prezidenti aldadırlar. Amma gəlin, həqiqəti deyək ki, İlham Əliyev 2003-dən bəri, ölkəni yaxşı mənada dəyişməyə nail olub. Təbii ki, hər şey mükəmməl ola bilməz. Bizim ölkəmizdə də müəyyən mənada çatışmazlıqları vardır. Amma görünən odur ki, məhz İlham Əliyev və əsl Azərbaycan xanımı (qanı təmiz) Mehriban Əliyeva bu dövlətə, bu xalqa mütləq sədaqətlə bağlıdırlar. İndi nə edək ki, bəzi məmurların bilərəkdən apardıqları “siyasət”in nəticəsində xalqın bir hissəsini dövlətdən narazı salırlar? Bundan faydalanan anti-Azərbaycan dairələr də özümüzdən olanların sosial durumundan istifadə edərək, onları bizə - İlham Əliyevə yox, məhz bizə - Azərbaycana qarşı qoymağa çalışırlar. Mən inanmıram ki, istər Orduxan, istər Vidadi İskəndərli, istərsə də digər həmvətənlərim Azərbaycan əleyhinə olan bir işə qol qoyalar... Düşünürəm ki, onları da aldadıblar… Onlar da ərəblər, əfqanlar kimi aldanılıblar… Çünki heç bir sosial sıxıntı insanı öz vətəninə, dövlətinə qarşı qoya bilməz!

         Bəli, bu gün haqqında yuxarıda qeyd etdiyim qrup prezidenti aldadır, hər şeyin “əla” olduğunu deyir. Amma görünən dağa nə bələdçi? Hər şey göz önündədir. Bütün sahələr monopolistlərin əlindədir. Hətta milli məsələləri belə onlar idarə edir, onlar diqtə edirlər… Yenə nəticəsi ola, dinməzsən. Nəticə isə yoxdu… Bir qrupa qaranlıqda pul ayırır, bir qrupu isə işıqsız qoyurlar… Belə ölkə olarmı?.. Ölkəni dövlət kimi idarə edərlər, MMC, QSC, ASC kimi yox… Bu ölkədə yaşayan hər bir şəxs bizdəndir, onların da yaşamaq, lazım gələrsə, ölkənin ictimai-siyasi həyatında fəaliyyət göstərmək haqqı var. Amma nədənsə, bizim olanlar kənara sıxışdırılır, bir qrup yaltaq önə çəkilir. Yəni siz düşünmürsünüz ki, bu yaltaq dəstəsi ilə kənardan çox gülünc görünürsünüz?! Vallah da, billah da çox pis görünürsünüz… Bir növ son vaxtlar məmur özbaşınalıqları ilə insanları 1992-ci illərə - “Bəy özü yaxşıdır, ətrafı pisdir” – fikrinə qaytarırsınız…

         Bu gün sanki bilərəkdən, İlham Əliyevə sədaqətli adamlar kənara atılaraq, bir qrup “narazı” kütlə yaratmağa çalışırlar… Amma illər göstərir ki, siması olan insanlar necə var, elə də qalır, öz mövqeyini, yolunu dəyişmir. Sizlər isə həmin dyişməz mövqeli insanları çörəklə imtahana çəkirsiniz, onlara Fatma Abdullazadənin Sabir Rüstəmxanlıya Sabir Əhmədli üçün Fəxri Xiyabanda qəbir yeri almaq istəyəndə dediyi “bizim olmayan adamlardandır” prinsipindən yanaşırsınız. Niyə, nədən?! “Sizin adam” olmaq üçün mütləq qarşınızda ikiqat əyilib, tir-tir əsib, sizə başmı əyməlidir?! Niyə axı, siz qəbilə təfəkküründən ayrılıb, dövlətə çevrilə bilmirsiniz? Niyə axı, ayrı-ayrı insanları prezidentə qarşı qoyursunuz?! Niyə axı, tam sədaqətlə dövlətə bağlı olan insanların balalarını çörəksiz qoymaqla, onları da xəyanətə sürükləyirsiniz?!. Niyə, nədən?! Və görürsünüzmü ki, bu etdikləriniz sonda ölkəyə, onun rəhbəri İlham Əliyevə yönəlir?!

         Orduxanlar, vidadilər xaricdə oturub, bizi söyür. Bəli, bizi söyürlər. Çünki İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır, dünyada bizi təmsil edir. Demək, ona qarşı deyilən hər bir söyüş həm də bizim üzümüzə sillə kimi dəyir. Və bizdə də hamı oturub, susur… Çünki sayənizdə ölkədə elə vəziyyət yaranıb ki, insanlar hətta milli məsələlərdə də oturub “yuxardan” tapşırıq gözləyir ki, kimsə zəng eləsin, desin, ondan sonra “hərəkətə” keçsinlər. Yəqin, bu “hərəkətlərin” nə qədər qeyri-səmimi göründüyünü də hiss edirsiniz… Kənardan o müdafiə xarakterli yazılarda, çıxışlarda sanki “vallah, utanıram, neynim axı… deməsəm də…” görünüşü hayqırır insanların üzünə…

         Fərqindəsinizsə, hətta müxalifət dediklərimizin də narazılığının əsas hədəfi məmurlardı, məhz məmurlar! Ayrı-ayrılıqda insanları dindirsək, hamı İlham Əliyevdən də, Mehriban Əliyevadan da razılığını bildirəcək… Gərək, haqqı deyəsən. Axı, bu şəxslər bu vətən üçün, bu insanlar üçün əllərindən gələni edirlər… Məhz bu adamların millət, dövlət əleyhinə bir işini görmüsünüzmü? Yox!

         Hakimiyyət trollar yaratdı… Anlaşılandır, qarşındakının cavabı verilməlidir. Çox biədəb səslənən bir atalar misalımız var, burda həmin misalı çəkmək ayıb olardı… Amma bu trollar da dolayısı ilə şər müxalifətinə, şər avropasına dəstək verdi. Trollarınıza limit təyin etmisiniz ki, gündəlik filan qədər hesabat verin. Onlar da hamısı “hurrey” deyib, doluşurlar “müxalifətin” səhifələrinə… İzləyirəm, hər birinin yazdığı rəylər ikrah doğurur. Çünki məlumatsızdırlar. Onlar bilmirlər ki, demək olar, bütün müxalifətin parlamentə getmədiyi bir vaxtda Əli Kərimli 10 il parlamentdə oturdu. Bəli, sadəcə, oturdu, susdu, danışmadı, eləcə oturdu… Rəhmətlik Elçibəyin zamanında partiya sədrinin öz qohumlarından ibarət cangüdənləri olduğu halda, sədrin birinci muavininin, millət vəkili Əli Kərimlinin düz səkkiz nəfərdən ibarət cangüdəni var idi. Hərəsinə də hələ o zaman 300 ABŞ dolları verirdi… Hələ, bu azmış kimi, mühafizə xidmətinin rəhbəri də var idi. O zamanlar Sahildəki qərargaha Əli Kərimli gəlməzdən öncə cangüdənləri gəlirdi, bir ara qarışırdı ki, gəl görəsən!

         Cəmil Həsənli, Gültəkin Hacıbəyli… Ayrı-ayrılıqda bu şəxslər haqqında danışmaq istəmirəm. Mövzumuz bu deyil. Demək istədiyim odur ki, trollarınızı bir azca, məlumatlandırsanız, əsl fəaliyyətiniz özünüzümüdafiə yox, xalqı, dövləti müdafiə olar. Bu gün özünü “müxalifət” kimi təqdim edən şəxslər trollarınızın savadsızlığı ucbatından “xal” qazanmazlar.

         Nədənsə, son olaylarda heç bir məmurun mövqeyi bəlli deyil. Bu baş verənlər mənə 2003 – 2005-ci illəri xatırladır… Sanki bir susqunluq yaranıb, hamı oturub, nəticəni gözləyir. Meydanda isə bir tək Əli Həsənov görsənir. Sanki dövlətdə heç kim yoxdu, bu bir nəfər hamıya qarşı döyüşür, öz dili ilə desək, liderini müdafiə edir. Əslində, liderini yox, bizi – Azərbaycanı müdafiə edir. Bəziləri isə sanki “işıqlı sabahı” gözləyirmiş kimi ağızlarına su alıb, oturublar. Yavaş olun, “işıqlı sabah” arzusu ilə ağzınızdakı suyla qaranlıq gecədə boğulmayasınız…

         İnanıram və görürəm ki, 2018-ci il bizim üçün çox ağır ildir. 11 aprel tarixindən sonra ölkədə çox ciddi islahatlar olacaq. Hətta yeni Fərhad Əliyevlər, Əli İnsanovlar və digərləri də üzə çıxacaq. Xalqına, dövlətinə – İlham Əliyevə xəyanət edənlər boğazımızdan çıxarılaraq, öz layiqli cəzalarını alacaqlar!

         Azərbaycan elə bir coğrafi ərazidə yerləşir ki, burda heç nə yox, sadəcə, sabitliyin olması nəyə desən, dəyər! Bu gün xaricdə fəaliyyət göstərən antiazərbaycan qüvvələrin də əsas məqsədi məhz, bu sabitliyi aradan qaldırmaq, Azərbaycanı Suriyaya, Əfqanıstana, İraqa, Misirə, Liviyaya döndərməkdir… Qəddafini, Səddamı, Mübarəki və digərlərini xatırlayın demirəm, heç unutmayın!

         Bunu necə qəbul edirsiniz, edin! Bugünkü Azərbaycana görə – hər şeyi ilə – biz İlham Əliyevə borcluyuq! Məhz, onun şəxsi nüfuzuna, xarici dairələrdəki mətin duruşuna, mərd çıxışına borcluyuq! Məhz bu üzdən də hətta hakimiyyətin öz içində olan qanı qarışıqlar öz əməlləri ilə xalqı prezidentdən, dövlətdən narazı salaraq, bizim bu sabitliyimizi pozmağı hədəfləyiblər! Amma və lakin... eşitsinlər, bilsinlər ki, bu vətənin elə əsgərləri var ki, öz Ali Baş Komandanın arxasında görünməsələr də bu ölkənin sabitliyi yolunda, canlarından və qanlarından da keçməyə hazırdırlar! Mən heç istəmirəm ki, ölkədə vətəndaş qarşıdurması olsun. Amma görürəm ki, son “söyüş davası”nın sonu buna doğru gedir. Hər iki tərəfdə bizik. Sadəcə, qarşımızdakı bizimkilərin arxasında ölkəni qarışdırmağı məqsədləmiş antimilli Əliheydər Qarayevlər, Məşədi Əzizbəyovlar, Ayna Sultanovalar və digərləri dayanıb, bu milləti bir-birinə qırdırmaq istəyirlər… Bütün bunlar Avropanın köhnə planıdır, dəyişən heç nə yoxdu. “Öz əli ilə özünü məhv etmək siyasəti”…

Aprelin 11-də ölkəmizdə növbədənkənar seçkilər keçiriləcək. Namizədlərə baxıram, həm gülürəm, həm əsəbiləşirəm, həm də düşünürəm… Şəxsən mənim seçimimi bilmək istəyirsinizsə, mən ölkədəki sabitliyə səs verəcəyəm!..

Zaur Qəriboğlu

Reaksiya.az

Şərhlər