Politoloq: Azərbaycan Qərb-Rusiya qarşıdurmasından uzaq durmalıdır

27.03.2018 12:32     A-reaksiya     1707

Rusiyanın 2013-cü ildə Krımı işğal etməsi beynəlxalq münasibətlərdə “qırmızı cizgi”lərin aşılmasına rəvac verdi, bunun ardınca Moskvanı ABŞ-dakı prezident seçkisinə müdaxilədə və son olaraq keçmiş xəfiyyənin qətlində ittiham etdilər.

Reaksiya.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Böyük Britaniya ilə Rusiya arasında məlum diplomatik gərginlikdən sonra bir çox Qərb ölkələrindən rus diplomatların qovulmasına və bunun nələrə gətirib çıxara biləcəyinə münasibətini bildirərkən deyib.

“Bunun nəticəsində Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları sərtləşdiriblər, indi də rusiyalı diplomatları ölkələrindən qovurlar”, - deyən politoloqun sözlərinə görə, Qərb Rusiyanı cəzalandırmağa qərar verib, əsas məqsədləri prezident Vladimir Putinin hakimiyyətini zəiflətməkdir. 

O qeyd edib ki, Putin etiraf etməsə də, sanksiyalar və Qərblə gərgin münasibətlər Rusiya iqtisadiyyatına ciddi təsir edir, üstəlik, Rusiyanın təcridi genişlənir. 

“ABŞ-ın beyin mərkəzləri və ekspertləri vaxtilə SSRİ-nin çöküşünü sürətləndirdilər, indi oxşar prosesə start verilib.

Doğrudur, Rusiyanın SSRİ kimi çöküşü heç kimə sərf etmir, nüvə dövlətidir, ehtiyatlı olmaq lazımdır.

Ancaq Qərb Rusiyanı o dərəcədə zəiflətmək istəyir ki, başqa ölkələrin daxili işlərinə qarışmasın. 

Azərbaycan Qərb-Rusiya qarşıdurmasından uzaq dayanmalıdır, balanslaşdırılmış xarici siyasət prinsipi çərçivəsində biz Qərb və Rusiyadan eyni məsafədə dayanmalıyıq, hər ikisi ilə tərəfdaşlığımız davam etməli və bu qütblərdən hər hansı birinin xeyrinə addım atmamalıyıq.

Bizim hər hansı dövlətlə münasibətlərimiz üçüncü dövlətə qarşı yönəlməyib, ən doğrusu da bu siyasətin davam etdirilməsidir.

Qərb bizdən rusiyalı diplomatlarının ölkədən çıxarılmasını tələb etmir, Moskva da bizdən Qərblə münasibətlərimizə göz gəzdirməyi tələb etməməlidir.

Bizim başlıca dərdimiz işğal altındakı torpaqların azad olunmasıdır, xarici siyasətimiz bu hədəfin reallaşmasına qulluq etməlidir”, - deyə E. Şahinoğlu əlavə edib.

Reaksiya.az

Şərhlər