Deputat: Türkiyə Minsk qrupuna gətirilməlidir

10.04.2018 16:19     A-reaksiya     1561

Türk xalqları və dövlətləri arasında birliyin, interqasiyanın güclənməsi tarixi bir zərurətə çevrilib. Xüsusilə, dünyanın qloballaşdığı şəraitdə bu birlik, bu inteqrasiya öz əhəmiyyətini daha da aktuallaşdırır. Bu gün türk xalqları və dövlətlərinin birliyi hava-su kimi vacibdir, zaman, dövr, reallıqlar bunu diktə edir.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, keçmiş sovetlər birliyi süqut etdikdən sonra türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsi istiqamətində addımlar atılmağa başlayıb və bir sıra ciddi nəticələr əldə edilib. 

J. Əliyeva bildirib ki, Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının yaradılması da bu fəaliyyətin nəticəsidir. 

Millət vəkilinin bildirdiyinə görə, türk dövlətləri arasında daha çox Azərbaycan və Türkiyə daha sıx və daha dərin münasibətlərə malikdir: 

“Dövlətlərimiz arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır.

Əlbəttə, Azərbaycanın digər türkdilli ölkələrlə yaxşı əlaqələri mövcuddur. Amma biz bütün türkdilli ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə maraqlıyıq. Bütün türk dövlətlərinin strateji müttəfiqliyə qədər yüksəlməsi önəmlidir.

Nəzərə alsaq ki, Mərkəzi Asiyada yerələşən türkdilli ölkələr də təbii sərvətlərə malikdir və onlar türk birliyini gücləndirmək üçün vahid enerji layihələrini həyata keçirə bilər.

Bununla da, dünyada türkdilli ölkələrdən ibarət yeni bir güc mərkəzi formalaşması reallığa çevriləcək. Hesab edirəm ki, bu hədəflərə çatmaq üçün güclü potensial mövcuddur”.

J. Əliyeva bildirib ki, türkdilli dövlətlərin birliyini, həmrəyliyini, sıx əməkdaşlığını, işbirliyini həm də dünyada və bölgədə yaşanan münaqişələr, sonu görünməyən qanlı qarşıdurmalar şərtləndirir və zəruri edir.

“Çünki heç kimə sirr deyil ki, dünyamız, xüsusilə, yerləşdiyimiz bölgə, müsəlman dünyası qaynar qazan kimi qaynayır.

Münaqişələr, hərbi qarşıdurmalar, vətəndaş müharibələri, terror hadisələri bir-birini əvəzləyir. Əfqanıstanda, İraqda, Suriyada yaşananlar dəhşətin və insanlıq dramının acı, kədərli mənzərəsidir.

Milyonlarla insan qaçqın-köçkün durumundadır, evsiz-eşiksizdir, ölənlər,  qətlə yetirilənlər, terraktlara qurban gedənlər, yaralananlar, itkin düşənlər, əsir alınanlar saysız-hesabsızdır, artıq onların dəqiq sayını belə hesablamaq mümkün deyil.

Silahlı münaqişədən, hərbi təcavüzdən, işğaldan əziyyət çəkən ölkələrdən və xalqlardan biri bizik.

Bu il Qarabağ münaqişəsinin başlamasının, işğalçı və təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti dəfə haqsız və əsassız ərazi, torpaq iddialarının baş qaldırmasının 30 ili tamam oldu.

Ötən illər ərzində də bir milyondan artıq insanımız qaçqın-köçkün düşüb, minlərlə vətəndaşımız Qarabağ savaşında şəhid, əlil olub, itkin düşüb, girov, əsir götürülüb.

Torpaqlarımızın 20 faizi hələ də düşmən tapdağı altındadır.

Lakin dünya birliyi, beynəlxalq ictimaiyyət, nüfuzlu beynəlxalq qurumlar, xüsusilə də, ATƏT-in Minksk qrupu və vasitəçilik missiyasını həyata keçirən həmsədr dövlətlər münaqişənin həllində qətiyyətli, obyektiv, ardıcıl mövqe nümayiş etdirmir, işğalçı ilə işğala məruz qalanı ayırmaqda, hər kəsi öz adı ilə çağırmaqda, təcavüzkara qarşı təsirli təzyiq  mexanizmləri tətbiq etməkdə maraqlı görünmür.

Əksinə, bir çox hallarda işğalçını, təcavüzkarı növbəti təcavüzkar hərəkətlərə, sülh danışıqlarını pozmağa yönəlik addımlara stimullaşdırır, ona açıq və gizli dəstək verirlər.

Bu baxımdan, münaqişə illərdir həllolunmaz vəziyyətdə qalır.

Ancaq Azərbaycan dövləti, hakimiyyəti və xalqı işğal faktı ilə barışmaq, güzəştə getmək niyyətində olmadığını dünyaya qətiyyətlə bəyan etmək çəkinmir.

Uğurlu “Aprel döyüşləri” də Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələsində necə prinsipial və qətiyyətli olduğunu göstərdi.

Hesab edirəm ki, Qarabağ münaqişəsinin həllində türkdilli dövlətlərin daha sıx birliyinə və müttəfiqliyinə ehtiyac var.

Qardaş dövlətlər bu məsələdə Azərbaycana daha çox dəstək göstərməlidirlər, indiyə qədər etdikləri ilə kifayətlənməməlidirlər.

Hətta, belə hesab edirəm ki, türkdilli dövlətlərdən biri olaraq qardaş və dost Türkiyə Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT Minsk qrupunun həmsədrliyinə gətirilməlidir, həmsədr dövlətlərdən biri də məhz Türkiyə olmalıdır.

Buna böyük ehtiyac var.

Təbii ki, bu məsələ heç də bizim arzumuzla, istəyimizlə həll olunmur, bunun üçün konsensus gərəkdir və buna, açıq deyim ki, ümidlər azdır.

Amma bununla belə, münaqişənin ədalətli həll yollarından biri Türkiyənin həmsədrliyə cəlb edilməsindən keçir...”, - deyə J. Əliyeva əlavə edib.

Reaksiya.az

Şərhlər