Erməni oyunu

01.05.2018 12:17     A-reaksiya     1927

Ermənistanın özündə belə çox da populyar olmayan siyasətçi Paşinyanın bir ayın içində “məxməri” inqilaba rəhbərlik edərək hakimiyyətə gəlməsi, baş nazir olmaq ərəfəsinə gəlməsi ətraf ölkələr və dünya tərəfindən heyrətlə qarşılanır.

Bunu heç kəs gözləmirdi - nə Rusiya, nə ABŞ, nə Türkiyə, nə Azərbaycan, nə də yerdə qalan ölkələr.

Bunu heç kəs ona görə gözləmirdi ki, hadisələr rəsmən despotizmdən demokratiyaya keçid tunelinin 1 kilometrlik məsafəsinin ilk yüz metrində var-gəl edən (irəli getsinmi, getməsinmi deyə) Ermənistanda baş verirdi.

İndi budur, ilk baxışdan elə görünür ki, Ermənistan o tunelin içində birdən-birə sürət qatarına dönərək tuneldən çıxıb.

Belə şeylər cizgi filmlərində olur - dibçəkdə cücərtisi görünən bitkiyə su çiləyirlər, 5 saniyənin içində göz görə-görə böyüyür, çiçək açır.

Siyasətdə bu cür sürətli yüksəliş nadir hadisədir. Keçən ayın bu vaxtı prezident Serj Sərkisyanın baş nazir olacağı, yenə hakimiyyətdə birinci şəxs olaraq dövləti idarə edəcəyi heç kəsdə şübhə doğurmurdu.

Hətta çoxları ironiya ilə bildirirdi ki, Sərkisyan bir nəfəri öz yanında prezident vəzifəsinə işə götürüb.

Amma işə baxın ki, Rusiyada və başqa ölkələrdə müvəffəqiyyətlə sınaqdan çıxarılan fənd Ermənistanda alınmadı.

Gözlə görünən odur ki, buna xalq imkan vermədi. Əgər elə idisə, xalq seçkilərdə nədən müqavimət göstərməmişdi və Sərkisyanın partiyasına səs vermişdi? Lap deyək ki, həmişəki kimi seçki saxtakarlığı olmuşdu, o zaman nəyə görə dərhal, isti-isti güclü etiraz aksiyaları təşkil olunmamışdı?

Başqa bir məsələ. Hər dəfə, hər seçkidən sonra hakimiyyəti ələ almaq, möhkəmlənmək üçün müxaliflərə, etiraz edənlərə divan tutduran, xeyli sayda insanın ölümünə bais olan Sərkisyan və onun güruhu nədən bu dəfə boş, yumşaq tərpəndilər?

Deyə bilərlər ki, xeyr, yenə də müxalifətçiləri döydürdülər, həbs etdilər. Amma 10 il əvvəl xeyli adam öldürməkdən çəkinməmişdilər axı...

Bu dəfə isə belə oldu. Xeyli dərəcədə müəmmalıdır.

Bir çox şəxslər burada bir erməni oyunu görürlər. Onlar əmindir ki, bütün bu hadisələr, yürüşlər, nümayişlər, istefalar, yüksəlişlər təsadüfi deyil, düzülüb-qoşulmuş, ssenariləşdirilmiş məsələdir.

Başlıca arqument belədir: Ermənistan artıq Rusiyadan istədiyini, umduğunu ala bilmir və Qərbdən mədəd umur. Hələ altı ay öncədən Rusiyanın bir çox siyasi və media dairələrində Ermənistanın Qərbə meyilləndiyinə dair informasiyalar dolaşır, müzakirələr gedirdi.

Arqumentlərdən biri də budur ki, Ermənistanda Rusiyaya güvənclə bağlı optimist qənaət 2016-cı ilin aprelindən sonra dağılmağa başlayıb. Ermənilər o zaman Azərbaycan ordusunun Ermənistan qoşunlarına zərbə vurmasının Rusiyanın “xeyir-dua”sı ilə baş tutduğuna inanırlar. Ermənistan mətbuatında bu barədə yüzlərlə məqalə yazılıb, bir çox politoloqların açıqlamalarında bundan açıq-açıq bəhs edilib. Hətta Rusiyanın Ermənistana xəyanət etdiyindən danışanlar da vardı.

Ona görə də güman edilir ki, Ermənistanda hakimiyyətin Rusiyanın adamı olmayan şəxsə ötürülməsi həm Qərbə “gəlirik, bizi qəbul edin, qoruyun” mesajıdır, həm də Rusiyaya “gedirik, qədrimizi bilin, istədiyimizi verin” ismarışıdır.

Hesab olunur ki, ermənilər hakimiyyət dəyişikliyini məhz buna görə qansız-qadasız, mütəşəkkilliklə başa gətirdilər. Bəzi adamların öz yüksək mənsəblərini itirmələrinə görə narazı qalmaları hesabdan deyil. Belələri həmişə olub və olacaqlar. Onları millətin taleyi yox, öz korporativ maraqları düşündürür.

Ancaq o da göz önündədir ki, Ermənistanda Nikol Paşinyanın dövlətin başına keçməsinin erməni xalqının mənafeyinə uyğun olacağını düşünənlər çoxdur. Onların arasında iqtidar adamları da var, müxaliflər də, bitrəfələr də.

Bizə gəlincə, yəqin ki, ölkəmizdə də Ermənistandakı hakimiyyət dəyişikliyinə böyük ümidlərlə baxanlar var.

2003-cü ildə prezidentliyə namizəd İsa Qəmbərin Qarabağ konflikti ilə bağlı mövqeyindən narahat olan ermənilər ümidlərini onun əsas rəqibinə bağlamış, seçkilərin məlum nəticəsindən sonra şadyanalıq etmişdilər. Yarım il keçməmiş umsuq və peşman oldular.

Biz də Paşinyana ümid bağlamayaq ki, umsuq olmayaq. Ermənilərin bütün oyunu güclü dövlət qurmaq, qonşu dövlətlərdən (Türkiyə və Gürcüstan da daxil) bacardıqca daha çox torpaq qoparmaqdır.(masavat)

Reaksiya.az

Şərhlər