Əli Həsənov: "Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı"

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, müxtəlif dini konfessiyaların nümayəndələri, Milli Məclisin deputatları, din xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyev haqqında çəkilmiş film nümayiş etdirilib.

Daha sonra tədbirdə çıxış edən A.Paşazadə bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan Ulu Öndərin həyatı boyunca Azərbaycan naminə xidmətləri misilsizdir: “Bu görkəmli şəxsiyyətin onilliklər ərzində Vətənə, millətə xidmətinin cövhərində böyük mənəviyyat sahibi olması dayanır. Heydər Əliyev Ümummilli Lider missiyasını həyata keçirərək, ölkəmizi etnik separatçılıq və dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratdı. “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” sözləri Heydər Əliyevin dünyalar qədər sevdiyi Azərbaycanın müstəqilliyinin, gələcək səadətinin təmin olunmasında milli-mənəvi dəyərlərimizin oynayacağı rolu uzun illər əvvəlcədən düşündüyünü göstərir, dini dəyərlərimizə sədaqətindən xəbər verir”.

A.Paşazadə deyib ki, təsadüfi deyil ki, Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ilk addımlarından birini məhz ibadət məkanına atdı — Təzəpir məscidini ziyarətə gələrək dindarlar qarşısında çıxış etdi, “Allahın yolunda hamımız bir olaq” dedi və ilk sərəncamlarından biri nisgilli Bibiheybət məscidinin bərpası haqqında oldu.

QMİ sədri vurğulayıb ki, dinindən, dilindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarına eyni münasibət bəsləyən Heydər Əliyev illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi: “1998-ci ildə Rus Pravoslav kilsəsinin Bakı yeparxiyası yaradıldı, "Jen Mironosits" kilsəsi bərpa olundu. Bu, ölkəmizdə yaşayan pravoslav icmasının dini ehtiyaclarının qarşılanması yönündə böyük addım oldu. Azərbaycanda yaşayan yəhudi icması üçün yeni sinaqoq binası, azsaylı katolik icması üçün kilsə inşa edildi. Məhz Ulu öndərin zamanında dünyanın nüfuzlu siyasətçiləri ilə bərabər dini liderləri də tolerantlıq məkanı Azərbaycana təşrif buyurmağa başladılar”.

A.Paşazadə bildirib ki, Allah-Təala bir xalqı istəsə, o xalqa müdrik öndər, rəhbər göndərir və bu xalqı zülmətdən nura tərəf aparır: “Bəli, Azərbaycan dağılmaq, xəritədən silinmək həddində olarkən, Allahın mərhəməti və xalqın çağırışı, dəstəyi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycana gəldi və müstəqilliyimizin əbədiliyini təmin etdi, dövlətçiliyi bizə əmanət qoydu. Lakin Heydər Əliyevin bizə ən böyük əmanəti onun irsinin və siyasətinin davamçısı İlham Əliyevdir. Bu yolda dövlət başçımızın yardımçısı möhtərəm Mehriban xanım Əliyevadır. Mən bunu Allah-Təalanın Azərbaycan xalqına lütfü kimi qiymətləndirirəm”.

QMİ sədri vurğulayıb ki, Ulu öndərin ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması, doğma Qarabağımızda dağıdılmış mədəni-mənəvi abidələrimizin bərpa edilməsi idi: “Mən əminəm ki, inşallah, xalqımız Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu arzunu da gerçəyə çevirəcək. Bu günlər anadan olmasının ildönümünü qeyd etdiyimiz Heydər Əliyev vaxtilə bədxahlar tərəfindən siyasi hakimiyyətdən uzaqlaşdırılmasaydı, Şuşa və digər əzəli torpaqlarımız işğala məruz qalmazdı. Allah Vətən torpağı uğrunda şəhid olan övladlarımıza rəhmət eləsin!”

A.Paşazadə deyib ki, Heydər Əliyevin dövlətçilik məktəbi var olduqca, müstəqilliyimiz və rifahımız əbədi olacaq: “Biz dindarlar bünövrəsi Ulu Öndər tərəfindən qoyulan, Azərbaycan xalqının gələcəyi və rifahı naminə aparılan dövlət siyasətini bəyənir və dəstəkləyirik. İnşallah, Uca Yaradanın köməyi və müdrik dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğur və qələbələrə imza atacaq. Haqqın qalibiyyəti bizimlə olacaq, inşallah!”

Daha sonra tədbirdə çıxış edən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Ümummilli Lider Heydər Əliyev 95 il bundan əvvəl Tanrının Azərbaycan xalqına bəxş etdiyi bir lider idi:

"O, nəinki özünün, ailəsinin, doğulduğu elin-obanın sonrakı taleyini müəyyən etdi, eləcə də Azərbaycan xalqının bugünkü inkişafının, bugünkü taleyinin müəyyən olunmasında pay sahibidir. Heydər Əliyev məhz o liderlərdən idi ki, Azərbaycan xalqının həm keçmiş, həm bugünkü, həm də gələcək taleyində önəmli nümunələr yaratdı və bu nümunələr ətrafında Azərbaycan xalqı yaşayır, fəaliyyət göstərir və cəmiyyətimiz dünyaya çoxsaylı nümunələr verir – tolerantlıq nümunəsi, ictimai-siyasi sabitlik nümunəsi, xalqlar, millətlər, dinlər arasında birgə yaşayışın sivil normalarının gözəl nümunəsini ortaya qoyur. Bu nümunələrlə biz fəxr edirik və fəxr etməkdə davam edəcəyik. Prezident İlham Əliyevin bu gün yürütdüyü kurs hər bir taleyüklü məsələnin həllində həmişə öz ətrafında ölkənin ziyalıları, dövlət və ictimai xadimləri ilə bərabər, din xadimlərini də birləşdirən Ümummilli Liderin yaratdığı o monolit milli-etnik birliyin nümunəsidir”.

Əli Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün vasitələrlə Azərbaycan dövlətini xilas etdi və onun qurtuluş missiyasını öz çiyninə götürdü:

“Əlbəttə, dövlətin təməlində milli birlik, ictimai-siyasi sabitlik və vətəndaşların iradəsi dayanmalıdır. Ona görə də Ümummilli Lider milli birlik, vətəndaş birliyi yaratdı. Bu vətəndaş birliyini də çox zərgər dəqiqliyi ilə seçdi. Bu vətəndaş birliyinin təməlində insanların dininə, dilinə, mədəniyyətinə sayğı dayanırdı. O vaxta qədər Azərbaycan cəmiyyətini müxtəlif xalqlar və etnik qruplar arasında mübarizəyə sürükləyən insanlar Azərbaycan xalqında ciddi milli-etnik qarşıdurma yaratmışdı. Heydər Əliyev bu qarşıdurmanı aradan qaldırdı və hər bir insanın dininə, etnik dəyərlərinə, mədəniyyətinə hörmətlə yanaşdı və bu əsasda milli-etnik monolitliyi yaratdı. Ümummilli Lider dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı. Azərbaycanın bugünkü İslam dini modelinə və dini tolerantlığına baxın. Bizim dini modelimiz elə qurulub ki, inanclı insanlar dövlətin dünyəvi normalarına, dövlət isə inanclı insanların dini ayinlərinə müdaxilə etmir. Hər birinin öz yeri, öz çərçivəsi var. Bu qızıl ortamı Ümummilli Lider müəyyən etdi”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələrinə hörmətlə yanaşılır: “Azərbaycan cəmiyyətində məzhəbçilik yoxdur, heç zaman ölkəmizdə sünni-şiə qarşıdurması olmayıb, ona görə ki, Azərbaycanda heç kimin qəlbində belə ayrı-seçkilik yoxdur. Ümummilli Liderin yaratdığı nümunə budur. Heydər Əliyevin yaratdığı çox nümunələri göstərmək olar”.

Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, Heydər Əliyev ömrünü Azərbaycan xalqına həsr edib: "Allahın ona verdiyi vəzifəni Heydər Əliyev uğurla yerinə yetirdi. Sovet dövründə Azərbaycan 15 respublika arasında ən aşağı yerlərdə idi. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra ölkə çox böyük nailiyyətlər əldə etdi. Gördüyü işlər nəticəsində Heydər Əliyev SSRİ kimi hegemon dövlətin rəhbərliyində təmsil olundu”.

F.Heydərov vurğulayıb ki, Ümummilli Liderin möhkəm iradəsi nəticəsində Azərbaycan xalqı ayağa qalxdı: “Ulu Öndər bir müddət siyasətdən uzaq qaldı. Azərbaycanın Heydər Əliyevsiz qalması ölkəni böyük fəlakətlərə apardı. Torpaqlarımızın 20 faizi işğal olundu, minlərlə şəhid verdik, vətəndaşlarımız məcburi köçkünə çevrildi. Naxçıvan da Qarabağ kimi işğal ediləcəkdi. Heydər Əliyevin Naxçıvana gəlməsi muxtar respublikanı işğal təhlükəsindən xilas etdi. Ulu Öndər Azərbaycan xalqının tarixində əbədi bir yer qazandı. Azərbaycan Prezidenti İlham Əliyev də apardığı siyasətlə Ümummilli Liderin layiqli davamçısı olduğunu sübut etdi".

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyevin müstəqil Azərbaycan yolunda xidmətlərindən danışıb.

O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini müəyyənləşdirib: "Bu təməl prinsiplərə azərbaycançılıq, mənəvi dəyərlərə sadiqlik, dövlət-vətəndaş həmrəyliyi və s. aiddir. Bu təməl prinsiplər bizim üçün əbədidir".

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Ulu Öndər Heydər Əliyev uzaqgörən, böyük bir siyasətçi idi: “Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutdu. Bu gün Azərbaycan Ümummilli Liderin ideyaları, strategiyası əsasında inkişaf edir".

Tədbirdə çıxış edən digər iştirakçılar da Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən geniş söz açıb.

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər