“Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, milyonlarla yeyinti olub” - Əli Məsimli

18.05.2018 14:52     A-reaksiya     1584

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti barədə hesabatını təqdim etdi. O bildirdi ki, Palata tərəfindən 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10992,9 milyon manat vəsait əhatə olunub ki, bunun 22,9 faizi dövlət büdcəsinin xərcləri, 4,4 faizi büdcədənkənar fondların vəsaitləri, 0,09 faizi Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4 faizi beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2 faizi isə digər mənbələrdən ayrılan vəsaitlərdir.

V.Gülməmmədov bildirdi ki, hesabat ilində aparılmış auditlərlə yanaşı, müxtəlif sahələri və ayrılmış maliyyə vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılıb: “Təhlillər nəzərə alınmaqla, nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2017-ci ildə iki dəfə çox olub. Palatanın 2016-cı ilin dövlət büdcəsinin icrası üzrə tərtib edilən rəyində büdcənin icrası ilə bağlı hesabat məlumatlarının və qurumların vəsaitlərin istifadəsinə dair təqdim etdikləri məlumatların müqayisəsini təmin etmək məqsədilə həyata keçirilən 117 qurum üzrə hesabat məlumatların təhlili 10,5 milyard manata yaxın məbləği və ya 2016-cı il dövlət büdcəsi xərclərinin 59,0 faizini əhatə edir. 2017-ci ildə palataya poçt, elektron poçt, teleqram və faks vasitəsilə 288 vətəndaş müraciəti - 47 ərizə, 82 şikayət, 159 təklif daxil olub. Bu da ötən dövrlə müqayisədə 14,3 faiz azdır”. Hesabatda daha sonra bildirilir: “Vəzifədən sui-istifadə ilə bağlı müraciətlərin sayı (151) 2016-cı illə müqayisədə 4,9 faiz artıb. Sosial məsələlər ilə bağlı 62 (2016-cı il illə müqayisədə 10,7 faiz çox), işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılıb, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əməkhaqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün kömək göstərilməsi ilə bağlı olan müraciətlər müvafiq qaydada araşdırılması üçün aidiyyəti qurumlara göndərilib”.

Daha sonra hesabatın müzakirəsinə başlanıldı.

Deputat Vahid Əhmədov bildirdi ki, Palatanın hesabatında nəzarət tədbirləri ilə bağlı ciddi nöqsanların aşkar edildiyi öz əksini tapıb: “Ötən il ümumi 70 nəzarət tədbiri həyata keçirilib. Nöqsanlar əsasən ayrılan vəsaitlərin düzgün istifadə olunmaması, dövlət satınalmaları sahəsində və mühasibat uçotu ilə bağlı olub. Dövlət satınalmaları ilə bağlı nöqsanlar ümumi nöqsanların 36 faizini, mühasibat uçotu ilə bağlı nöqsanlar 35 faizini, dövlət zəmanəti ilə verilən kreditlərlə bağlı nöqsanlar isə ümumi nöqsanların 15 faizini təşkil edib”.

Deputat Əli Məsimli dedi ki, Hesablama Palatası hüquq-mühafizə orqanları ilə birgə işlərin aparılması və dövlət büdcəsinə vəsaitin qəbul olunmasına diqqət etməlidir: “Bu qurum elə ciddi işləməlidir ki, dövlət büdcəsinə daxil olan vəsaitlərdə yayınma olmasın. Hesabatdan məlum olur ki, Palata vəzifəli şəxslərə qarşı intizam tədbirləri həyata keçirib. Azərbaycanda nəzarət vətəndaşa tətbiq olunanda çox sərt olur. Amma dövlət orqanlarında vəzifəli şəxslərə tətbiq olunanda yola vermə mexanizmi kimi yanaşılır. Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, milyonlarla yeyinti olub. Bu yanaşma kökündən səhvdir. Hesab edirəm ki, Palata vəzifəli şəxslərlə bağlı korrupsiyaya qurşanandan sonra tədbir görməli deyil, korrupsiyanın baş verməsinə imkan verməməlidir. Hesablama Palatası bu işlərə xüsusi diqqət yetirməlidir. Düşünürəm ki, Palatanın səlahiyyətləri artırılmalıdır ki, nəzarəti həyata keçirə bilsin”.

 Deputat Qüdrət Həsənquliyev isə bildirdi ki, hər il nəzarət nəticəsində müəyyən vəsait dövlət büdcəsinə qaytarılır, lakin bu vəziyyət ürəkaçan deyil: “Hesabalama Palatasının hesabatında uğurlu addımların atıldığı görünür. Lakin son nəticə ürəkaçan deyil. Çünki bizdə büdcə vəsaitləri ilə işləyən vəzifəli şəxslər elə hesab edirlər ki, onlar bu vəsaitdən istədikləri kimi, bəzən təyinatına uyğun olmadan istifadə edə bilərlər. Düzgün istifadə olunmamış vəsait aşkarlanırsa, o şəxs intizam qaydasında məsuliyyətə cəlb olunmalıdır. Vəsaitin qaytarılması məsuliyyəti yalnız yüngülləşdirən amil kimi nəzərə alınmalıdır. Həmin şəxslər hesab edir ki, digər nəzarətedici orqanlar tərəfindən aşkarlananda həmin vəsaiti yerinə qoyacaqlar və məsuliyyətdən azad ediləcəklər. Lakin mənimsənilmiş, düzgün istifadə edilməmiş vəsait aşkarlananda həmin şəxs cinayət hüququ və ya inzitam qaydasında məsuliyyətə cəlb edilməlidir. Vəsaitin qaytarılması yalnız məsuliyyətin yüngülləşdirilməsi halı kimi nəzərə alınır, həmin şəxsi məsuliyyətdən azad etmir. Bugünkü hesabatda da büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər var. Lakin həmin təkliflərin hansı hissəsi nəzərə alınır? Bunlar parlamentin müvafiq komitəslərində müzakirəyə çıxarılmalıdır. Növbəti hesabatlarda Palata bizə verdiyi təkliflərin neçəsinin parlament, hökümət tərəfindən nəzərə alındığını açıqlamalıdır”.

Deputat Fərəc Quliyev hesabatın mükəmməl hazırlandığını deməklə yanaşı, bir çox sahələrdə vəsaitlərin geri qaytarılması ilə bağlı məlumatların olmadığını bildirdi. Səlahiyyətindən sui-istifadə edib vəsaitləri mənimsəyənlərlə bağlı götürülən ölçülərlə bağlı da məlumat verilməsini zəruri saydı.

Palata sədri Vüqar Gülməmmədov deputatların çıxışına münasibət bildirərkən dedi ki, il ərzində ümumilikdə 18 milyon vəsaitin bərpasına nail olunub: “Bu məbləğin üzərinə səmərəsiz xərclənmiş vəsaitləri də əlavə etmək lazımdır. Ancaq elə məbləğlər var ki, onların bərpası mümkün olmur”.

Bundan sonra məruzə səsə qoyularaq qəbul edildi.

Komitə sədri Ziyad Səmədzadə isə Hesablama Palatası haqqında qanun layihəsini ikinci oxunuşda təqdim etdi və əsas kimi qəbul olundu.

Reaksiya.az

Şərhlər