Ordumuzun Naxçıvanda əməliyyat keçirməsinə polkovnikdən - REAKSİYA

29.05.2018 12:26     A-reaksiya     1955

Son günlərdə bir neçə yerli xəbər portalı erməni mətbuatına istinadən xəbər yayıb ki, Azərbaycan ordusu Naxçıvan- Ermənistan sərhəddindəki neytral zonanı nəzarətə götürüb. 

Bu haqda ilk dəfə "Vkontakte” adlı erməni sosial şəbəkəsindəki "Hərbi Xəbərlər” qrupunda məlumat yayıb. Məlumata görə, düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub. Lakin, məlumatda həmin torpaqların nə zaman tutulduğu ilə bağlı dəqiq tarix qeyd edilməyib.
 
Azərbaycan Müdafiə Nazirliyi isə Naxçıvan istiqamətində ordumuzun mövqelərini irəli çəkməsi barədə məlumatlara hələ də şərh verməyib. Sosial şəbəkələrin erməni seqmentində də bu barədə danışılsa da, Ermənistan Müdafiə Nazirliyindən də şərh verilməyib.
 
 
 
Nəzarətə götürdüyümüz iddia olunan ərazi
 
Məsələ ilə bağlı Missiya.Az-a açıqlama verən ehtiyatda olan polkovnik Şair Ramaldanov, bu məlumatın şübhə altında olduğunu deyib: "Məsələ ilə bağlı dəqiq bir şey olsaydı, Müdafiə Nazirliyi məlumat yayardı. Nazirlik rəsmi açıqlama yaymadığı halda, bəzi saytlar hardansa götürdüyü bu məlumatı şişirdərək paylaşıb. Hələ ki bu məsələ tam dəqiq deyil. Qışdan çıxdıqdan sonra yağışlar olub. Buna görə həmin ərazidə müəyyən mühəndis-istehkam işləri gedir. Vəziyyəti yaxşılaşdırmaq üçün atəş nöqtələri abadlaşdırılır. Sözügedən ərazidə bununla əlaqədər hərəkətlənmə ola bilər. Amma hansısa başqa döyüşlə və döyüş fəaliyyətiylə bağlı məlumat hələ ki yoxdur”.
 
Şair Ramaldanov - Ehtiyatda olan polkovnik
 
Qeyd edək ki, bu məlumat Artak Davtyanın Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi təyin olunmasından sonra ortaya çıxıb.
 

Şərhlər