PAŞİNYANIN PROQRAMINDA NƏLƏR VAR ? - AÇIQLANDI

04.06.2018 11:46     A-reaksiya     1070

"Ermənistanın yeni hökumətinin proqramı hazırdır və 7 iyunda parlamentin müzakirəsinə çıxarılacaq". Bu barədə Reaksiya.az-a "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, proqramın əsas tezislərini diqqətlə oxuyub və heç bir yeni detala rast gəlməyib:

"Məsələn, proqramın xarici siyasət və Dağlıq Qarabağ hissələrində bunlar yazılıb: "Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinə cavabdehdir”, "Danışıqlarda bizim üçün Dağlıq Qarabağın statusu əsasdır”, "Dağlıq Qarabağ təmsilçiləri danışıqlarda iştirak etməlidirlər”, "Ermənistan hökuməti beynəlxalq aləmdə erməni soyqırımının tanınması siyasətini aparacaq”, "Rusiya ilə müxtəlif sahələrdə strateji tərəfdaşlıq davam edəcək”.
 
Bundan başqa, proqramda ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın vacibliyindən də danışılır. Üstəgəl proqramın ana xətlərindən biri də Ermənistanın Gürcüstan və İranla əməkdaşlığını dərinləşdirməsinin vasibliyinin göstərilməsidir. Uzaq Çin, Hindistan və Yaponiya ilə siyasi və iqtisadi ələqələrin inkişafı vacibliyi də unudulmayıb.
 
Bütün bu maddələr Nikol Paşinyanın devirdiyi Serj Sərkisyanın proqramında da olub. Guya Serj Sərkisyan Avropa İttifaqı ilə əməkdaşlıq etmək istəmirdi, yoxsa qonşuları Gürcüstan və İranla əməkdaşlığa önəm vermirdi? Bunlar hamısı olub, ancaq olduğu halda Ermənistan iqtisadiyyatını və Serj Sərkisyanın özünü xilas etməyib. 
 
Əsas proqram deyil, Paşinyanın atacağı addımlara Rusiyanın necə reaksiya verəcəyidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə Nyu-Yorkda günlər keçirib "BMT qətnamələri yerinə yetirilməlidir” təkrarlamaqdansa (onsuz da yerinə yetirmirlər və topu hər dəfə ATƏT-ə atırlar) Ermənistandakı və Dağlıq Qarabağdakı prosesləri diqqətlə izləyib, buna uyğun gedişlər fikirləşməlidir".

Şərhlər