ERMƏNİSTANDAKI İNQİLABIN QARABAĞA KEÇMƏSİ GÖZLƏNİLƏN İDİ

Yoxsulluqdan da aşağı səviyyədə həyat sürən ermənilər artıq dözə bilmir

 

 
 
Qarabağda başlayan etiraz aksiyaları davam edir. Analitiklərə görə, Ermənistanda mərkəzi idarəetmənin bölünməsi Qarabağ separatçılarına da sirayət edib. Hərbi rejimin azğınlığından bezmiş insanlar küçələrə axışıblar və Bako Saakyanın "hakmiyyətdən” getməsini istəyirlər.
 
Ermənistanda başlanan hadisələrin Qarabağda təkrarlanması erməni dövlətçiliyinin dərin böhran içərisində çabalamasından, insanların həyat tərzinin yolverilməz dərəcədə dəhşətli olmasından xəbər verir. Bu səbəbdən istər Ermənistandakı, istərsə də Qarabağdakı qanunsuz hərbi xunta öz məntiqli sonluğuna doğru addımlamaqdadır. Ermənistan rəsmiləri dəfələrlə Qarabağın "azadlığa” çıxmasından, oradakı demokratik həyat tərzindən dəm vururdular. İndi isə Qarabağdakı aksiyalar zamanı xüsusi təyinatlıların insanlara güc tətbiq etdiyi, onları döydüyü, əsarətdə saxladığı üzə çıxdı. Baş verənlər düşmənin yaydığı ağ yalanları çılpaqlığı ilə ifşa etdi.
 
Qarabağdakı etirazları "Şərq”ə dəyərləndirən millət vəkili, professor Elman Nəsirov deyib ki, Ermənistanda baş verən hadisələr sinxron olaraq, qondarma rejimə də sıçrayıb. Deputatın sözlərinə görə, Ermənistandakı inqilabın başvermə səbəbi xalqın ehtiyac içində yaşaması ilə bağlıdır: 
 
"Digər səbəbi isə ölkədə korrupsioner rejimin hakimiyyətdə olması, təcavüzkar siyasətdən əl çəkmək istəməməsidir. Bütün bunlar Ermənistanı blokadaya salan əsas amillərdir. Oxşar hadisələrin separatçıların idarəsində olan Qarabağa keçməsi gözlənilən idi. 
 
Çünki Ermənistandakı rejimin eynisi Dağlıq Qarabağdadır. İşğal olunmuş ərazilərimizdə vəziyyətin gərginləşəcəyi ehtimalı böyükdür. Separatçılar etiraz edən erməniləri döyür, söyür, təhqir edirlər. Yoxsulluqdan da aşağı səviyyədə həyat sürən ermənilər artıq dözə bilmir. 
 
Belə vəziyyətdə qondarma rejimin "güc strukturları”nın sakinlərə divan tutması kütləvi etirazları daha da artırır. Hələlik, Ermənistanın yeni rəhbərliyi qondarma rejimdə baş verən hadisələri kənardan müşahidə edir. 
 
Düzdür, baş nazir Paşinyan Qarabağ ermənilərinə çağırış edərək, onları sakitliyə dəvət edib. Amma bu çağırış hədsiz yumşaqlığı ilə diqqəti cəlb edir. Görünür, İrəvana ünvanlanan çoxsaylı müraciətlərə reaksiya vermək üçün ötəri də olsa səsini çıxarıb”. Politoloq bildirib ki, Qarabağda baş verənlərin vacib məqamları var: "Adətən, bütün danışıqlarda Ermənistan rəhbərliyi iddia edir ki, guya, Azərbaycanda insan hüquqları tapdanır. Deyirlər ki, indiki məqamda Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, orada yaşayan ermənilərin də hüquqları pozulacaq və s. 
 
Qarabağda baş verənlər bu arqumenti alt-üst etdi. Bütün dünya gördü ki, ermənilərin hüquqlarını pozan öz başlarında duran separatçı rejimdir. Sadə ermənilər işğalçı rəhbərliyin idarəsi altında yaşamaq istəmirlər. İnsan hüquqlarının ən kobud şəkildə pozulması təkcə Ermənistanda deyil, təcavüzkar rejimin işğal etdiyi Azərbaycan ərazilərində də baş verməkdədir. Hesab edirəm ki, bu faktın dünya ictimaiyyəti tərəfindən bilinməsi danışıqlarda bizim əlimizi də gücləndirir”.
Advertisement Banner

Şərhlər