“F-35”lə başlayan QARŞIDURMA VƏ ANLAŞMA: Ağ Ev Ankaranı Moskvaya güzəştə getməyəcək

07.06.2018 14:02     A-reaksiya     1176

ABŞ Türkiyəyə beşinci nəsil “F-35” qırıcı təyyarələrinin satışından imtina edir. Halbuki, qarşılıqlı razılaşmaya görə, Türkiyə iyunun 21-də ABŞ-dan ilk “F-35” qırıcılarını almağa hazırlaşırdı. Türkiyənin Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Dəmir 2019-cu ildə Türkiyənin daha bir neçə “F-35” qırıcısı alacağını bildirmişdi. Xatırladaq ki, Türkiyə və ABŞ arasında 100 ədəd “F-35” qırıcı təyyarəsinin tədarük olunması ilə bağlı razılaşma var. Lakin Birləşmiş Ştatlar Türkiyə Rusiyadan “S-400” zenit raket komplekslərini aldığına görə “F-35”lərin alqı-satqısına dair sazişi yerinə yetirmək istəmir.  İndi isə Türkiyənin Rusiya istehsalı olan yeni nəsil “SU-57” qırıcı təyyarələrinə maraq göstərməsi bu narazılığı bir qədər də artırıb. Vaşinqton Türkiyəyə “F-35” qırıcısını satmaqdan imtina edib. Bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu isə bir müddət öncə Ankaranın Rusiyadan “S-400” kompleksləri almasına görə ABŞ-ın “F-35” tipli təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə, ölkəsinin “Su-57” qırıcılarını alternativ kimi nəzərdə saxlayacağını bəyan etmişdi. 

Yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən “Oğuz ” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Türkiyənin ABŞ tərəfindən müasir silahlarla təmin olunması NATO ailəsinin üzvü kimi daha məntiqə uyğundur. Yaxın Şərqdə geosiyasi maraqları Türkiyə ilə kəsişən ABŞ-ın hərbi sahədə də təzyiqlərə əl atması rəsmi Ankaranı alternativ variantlara vadar edir. Bu baxımdan, Türkiyə ehtiyacını dünyanın ən böyük silah istehsalçılarından biri olan Rusiyanın hesabına ödəməyə çalışır: “ABŞ nə qədər imtina etsə, bu, bir qədər də Türkiyə- Rusiya yaxnlaşmasına səbəb olar. Menbic məsələsi ilə bağlı artıq Türkiyə və Amerika arasında razılaşma əldə olunub. Halbuki, bu yaxınlara qədər bu razılaşmaya nail olmaq mümkün olmurdu. Vaşinqton kürd separatçı qruplarını himayə edir və onları silahlandırırdı. Amma Ankaranın Moskva ilə yaxınlaşması Amerikanın Türkiyə ilə yaxınlaşmaqdan başqa yolu olmadığını ortaya qoydu. Nəticədə Menbiclə bağlı razılaşma əldə olundu. Belə düşünürəm ki, silah məsələsində də ABŞ Türkiyəyə güzəştə getmək məcburiyyətində qalacaq. Əgər ABŞ bu silahları satmasa, Türkiyə onu Rusiyadan alacaq. Burada uduzan tərəf Amerika olacaq”. 

Xatırladaq ki, ABŞ ötən il Qətərə də 15 ədəd “F-35” təyyarəsi satmaq barədə saziş imzalayıb. Qətər böhranı zamanı Vaşinqtonun rəsmi Dohaya qarşı sanksiyaları dəstəkləməsinə baxmayaraq, belə qırıcıların satışı məsələsində Tramp Administrasiyası heç bir məhdudiyyət  tətbiq etmədi. Türkiyəyə münasibətdə isə yanaşma xeyli fərqlidir. 

Vüqar Zifəroğlunun sözlərinə görə, ABŞ Qətərə və Türkiyəyə fərqli nöqteyi-nəzərdən yanaşır: “Qətər kiçik dövlət olmasına rəğmən, Avropa ölkələrinin Yaxın Şərqdəki xəzinəsidir. İkincisi, Qətərin Avropada və ABŞ-da böyük yatırımları var. Qətər fərqli statusa malikdir. Hətta ərəb ölkələri Qətərə diplomatik yolla təzyiq etməyə çalışdı və hərbi varianta əl atmadılar. Qətər indiyə qədər İranla Qərb arasında bir körpüdür. ABŞ-ın ən böyük hərbi bazasının olduğu ölkələrdən biri də Qətərdir. Türkiyə isə ABŞ üçün bu gün rəqibdir. Təbii ki, ABŞ öz rəqibinin silahlanması məsələsində müəyyən manipulyasiyalara, təzyiqlərə əl atacaq. Amma bu tədbirlər effekt vermir. Çünki Türkiyənin alternativ variantları var. Bu gün Moskvanın xarici siyasətində iki əsas məqam var-təbii qaz və silah. Türkiyə faktiki olaraq bu amillərdən birinin təminatçısıdır. Ona görə də ABŞ Türkiyə ilə anlaşmaya məcburdur. İraqda gedən proseslərə nəzər salsaq bunu görmək olar.

Müqtəda əs-Sədrin başçılığı ilə yeni bir şiə koalisiyasının hakimiyyətə gəlməsindən sonra fərqli vəziyyət yaranıb. Doğrudur, bu koalisiya İranpərəst olmasa da, Qərbə də yaxın deyil. Əgər Qərb və İran arasında seçim etmək lazım gələrsə,  İraqın yeni hökuməti İranı seçər. Amerika da başa düşür ki, İraqa siyasi qüvvələr vasitəsilə müdaxilə etmək imkanı olmayacaq . Bu halda alternativ variantlardan istifadə etmək lazım gələ bilər. Alternativlər isə Səudiyyə Ərəbistanı və Türkiyədir. Səudiyyə Ərəbistanı və ərəb koalisiyası hazırda Yəməndə öz nüfuzunu bərpa edə bilmir. Eyni zamanda, Bəhreyndə də siyasi təlatüm gözlənilə bilər. Bu baxımdan, NATO ailəsinin üzvü olan Türkiyə daha əlverişlidir. İranın nüvə proqramını bərpa etməsinə dair Ayətullah Əli Xameneyninin göstərişindən sonra Türkiyənin bölgədə strateji əhəmiyyəti ABŞ üçün bir qədər də artacaq. Ümumiyyətlə, İranın nüvə proqramına dair Vyana razılaşmasından çıxmasından sonra ABŞ Tehrana dörd istiqamətdə həmlə etməyə başladı. 

Birincisi, maksimum dərəcədə  İranın siyasi-diplomatik yolla təcrid edilməsi. 

İkincisi, iqtisadi nöqteyi -nəzərdən  İranı blokadaya almaqdır. Bununla bağlı Qərbi Avropa ölkələri şirkətlərinə İrandan çıxmaq üçün təzyiqlər artırıldı. 

Üçüncü istiqamət  İranın Yaxın Şərqdəki nöqtələrinin vurulmasından ibarətdir. Bura Suriya, Livan, İraq, Yəməndəki mövqelər daxildir. İsrailin fəallaşması, Çolan təpələri istiqamətində hərbi əməliyyatlar həyata keçirməsi və əlavə olaraq Yəməndə müəyyən proseslərin başlaması. 

Dördüncü isə İranın öz daxilində rejimə qarşı müəyyən proseslərin başlanması. Dərvişlərin qiyamı, çadraya etiraz, İranda yaşayan millətlərin etirazların baş qaldırması gözləniləndir və bu istiqamətdə də proseslər getməkdədir”. 

Reaksiya.az

Şərhlər