Azərbaycan hansı ölkələrdən silah almalıdır? - Rusiya, İsrail, Çexiya...

11.06.2018 12:44     A-reaksiya     2161

Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycana müasir silahlar lazım olacaq. Azərbaycan silahlanmaya milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Azərbaycanın silah aldığı ölkələr əsasən Rusiya, İsrail, Türkiyə, Ukrayna və Belarusdur. Azərbaycan bu coğrafiyanı genişləndirməyə çalışır.

Reaksiya.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Azərbaycan son illərdə Rusiyadan milyardlarla dollar həcmində silah və hərbi texnika alıb, ancaq silah almaq yetərli deyil:
“Bundan sonra silahlar yoxlanmalıdır. Digər tərəfdən hərbi texnikanın işlək vəziyyətində olması üçün onun hissələri də Azərbaycana gətirilməlidir. Demək, əgər silahlarda müəyyən problemlər varsa və silah alındıqdan sonra ona lazım olan hissələrin Azərbaycana gətirilməsində problemlər çıxarsa, artıq həmin ölkə ilə hərbi əməkdaşlığın miqyası obyektiv səbəblərdən azalmalıdır.

Misal üçün, bu il Azərbaycan Rusiyadan hələ silah almayıb. Digər tərəfdən Azərbaycana silah satışına Rusiyada baş nazirin müavini Dmitri Roqozin məsul idi. Hazırda onun vəzifəsi dəyişib. Roqozin artıq hərb-sənaye kompleksinə və silah satışına məsul deyil. Bu illərdə Azərbaycanın hökumət üzvləri ilə Roqozin arasında sıx münasibətlər formalaşmışdı. Rusiya hökumətində hərbi-sənaye kompleksinə cavabdeh olan şəxslə Azərbaycan arasında hələ sıx əməkdaşlıq yoxdur”.

Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan Rusiyadan aldığı silah qədər İsraildən də silah alır: “Eyni tələblər İsrailin hərbi texnikası üçün də keçərlidir. Yəni silahlar işlək vəziyyətdə olmalıdır və silahların hissələri daima Azərbaycana gətirilməlidir. İsrailin Azərbaycana silah satışında məhdudiyyəti yoxdur.
Son illər Azərbaycanla Ukrayna arasında da hərbi əməkdaşlıq inkişaf edir. Azərbaycan Ukraynanın istehsal etdiyi hərbi texnikaya maraq göstərir. Eyni ilə Ukraynanın da Azərbaycanda istehsal olunan hərbi texnikaya marağı var. Ukraynada istehsal olunan hərbi texnikanın böyük hissəsi daxili tələbat üçün istifadə olunur. Ona görə hələ ki, Ukrayna xarici ölkələrə çox silah sata bilmir. Buna baxmayaraq, Ukrayna Azərbaycanın maraq göstərdiyi silah növlərinin alışına da “yox” demir. Ukrayna ilə Azərbaycanı daha bir mövzu birləşdirir – separatizmlə mübarizə”.

 

Politoloq bildirib ki, son illərdə Türkiyədə hərbi texnikanın istehsalı artıb:

“Türkiyədə istənilən silah növü və hərbi texnika istehsal olunur. Ona görə də Türkiyə Azərbaycana daha çox silah sata bilər. Bu, Azərbaycan üçün də vacibdir. Çünki Türkiyə NATO ölkəsidir və istehsal etdiyi silahlar yüksək standartlara cavab verir. Digər tərəfdən Türkiyə ordusu illərdir terrorçularla dağlarda savaş aparır və istehsal olunan silah növləri dağ şəraitində aparılan döyüşlər üçün uyğunlaşdırılıb. Dağlıq Qarabağın böyük hissəsi də dağlıq ərazidir. Ona görə də Türkiyənin istehsal etdiyi silahlar Azərbaycan üçün faydalıdır”.

Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycan Avropa ölkələrindən Çexiyada istehsal olunan silahlara da maraq göstərir: “Doğrudur, Çexiya Avropa İttifaqı və NATO ölkəsidir. Avropa ölkələri Azərbaycana və Ermənistana silah satmırlar. Çünki Avropa həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edir. Avropada düşünürlər ki, onların satdığı silahlardan Azərbaycan və Ermənistan bir-birlərinə qarşı istifadə edəcəklər. Buna görə də Cənubi Qafqaz ölkələrinə silah satmaq istəmirlər.

Ancaq bu qərar Avropa üçün faydalı deyil. Çünki Azərbaycan Avropadan ala bilmədiyi silahları başqa ölkələrdən alacaq və bütün gəlir həmin ölkəyə çatacaq”.

Politoloq hesab edir ki, Rusiya Azərbaycanın Ukrayna, Türkiyə, Belarus kimi ölkələrdən silah almasını istəmir: “Rusiya müxtəlif vasitələrlə buna mane olmağa çalışır. Ancaq Azərbaycanın tamamən Rusiyadan asılı olması da Azərbaycanın təhlükəsizlik maraqlarına cavab vermir. Silah və hərbi texnika alışı diversifikasiya olunmalıdır. Azərbaycan ən keyfiyyətli silahlarlara və hərbi texnikaya üstünlük verməlidir. Bu elə silahlar olmalıdır ki, döyüşdə özünü keyfiyyətli göstərsin və həmin hərbi texnikanın hissələri daima Azərbaycana gətirilsin”.

Reaksiya.az

Şərhlər