Qarabağda “strateji çəkindirmə”: LORA və “Polonez”lər qarşısında “İsgəndər” acizliyi

Milli ordumuzun yaradılmasının 100 illiyi münasibəti ilə keçiriləcək parad ərəfəsində ölkə prezidenti İlham Əliyev yeni tikilmiş raket-artilleriya hərbi hissəsinə gedib, onların silahlanması ilə tanış olmuşdu. Prezidentimizin bu səfəri həm ölkə əhalisi üçün, həm qonşu ölkələrin əhalisi üçün, həm də hərbi ekspertlər üçün böyük bir sürpriz oldu. Çünki, mətbuatda ətrafında ümumi söhbətlər gedən Belarus-Çin istehsallı “Polonez" uzunmənzilli YARS-larını və İsrail istehsalı olan LORA tipli Operativ-Taktiki ballistik raketlərini birinci dəfə o zaman gördük. 

 


Əslində bu tip silah növlərinin Azərbaycan ordusunda yer alması gözlənilən bir addım idi. Çünki ölkəmizin qəbul olunmuş silahlanma siyasətinin məntiqi bunu tələb edirdi. Bu haqda 27 aprel tarixli bu yazımızda mülahizə və gözləntilərimizi söyləmişdik. Yazıdakı maraqlı bir məqamı olduğu kimi sitat gətiririk ki, təqdirəlayiq addımın ölkəmizin hərbyönlü mətbuatında nə qədər səbirsizliklə gözlənilən olmasını göstərək: “Azərbaycan ordusunun da silahlanmasında olan “Lynx” YARS-ı eyni platformadan 122 mm-lik “Qrad”/t-122, 160 mm-lik LAR idarəolunmayan raketlərini, 300 mm-lik EKSTRA idarəolunan yüksək dəqiqlikli raketlərini, yüksək dəqiqlikli “Delilah-GL” qanadlı raketlərini və operativ-taktiki LORA raketini tətbiq edə bilər. LORA hansı səbəblərdən ölkəmizə gətirilməyib, buna uyğun “Lynx” sisteminin tamamlanması faktı maraqlıdır. 


Bu sistemlərin nə üçün ölkəmiz üçün vacib olması mülahizələrimizi də bu yazıda vermişdik.

Göstərilən sistemlər ordumuzun 100 illik ildönümü şərəfinə keçirilən hərbi paradda nümayiş etdiriləndə, onların silahlanmamızda olması faktı, həqiqi hərbi xidmətdə olan zabitlər qədər bizi də hədsiz dərəcədə sevindirdi. Artıq daha böyük ehtimalla demək olar ki, müdafiə nazirimiz Zakir Həsənovun aprel ayındakı Çin Xalq Respublikasına səfəri “Polonez" unuversal taktiki raket sisteminin tam komplektləşdirilməsi ilə bağlı da ola bilər. Bu səfərin daha maraqlı nəticələrini tədricən görmək ümidimiz var. Daha öncə ölkə prezidentinin hərbi hissəyə səfərindən hesabat materiallarında, sonra isə hərbi paradda biz Belarus istehsallı MAZ və MKZT avtomobilləri üzərində quraşdırılmış M200 YARS sursatlarının atəş-buraxıcı konteynerlərini gördük ki, nazirin yalnız ondan ötrü Çinə səfər etməsi ağlabatan deyil. Çünki həmin kompleksin bu konfiqurasiyada alınmasını Belarus hökuməti ilə də həll etmək mümkün idi. Çox ehtimal ki, burada söhbət daha universal coxfunksiyalı taktiki atəş sistemi olan GATSS (General Army Tactical Strike System) sistemindən gedir. Bu universal sistemin köməyi ilə müxtəlif növ raketlərlə atəş açmaq imkanı var. Belə ki bu sistem müxtəlif növlü və kalibrli YARS raketləri ilə, Operativ-Taktiki ballistik raketlərlə və gəmi əleyhinə qanadlı raketlərlə atəş aça bilir. Bunlar A100, A200, A300 YARS raketləri, M20 Operativ-Taktiki ballistik raketi və CX-1 gəmi əleyhinə qanadlı raketlərdir. 


Xarici görünüşü ilə bu sistemdən, demək olar ki, fərqi olmayan Belarus sistemi “Polonez”də M20 yüksəkdəqiqlikli reaktiv yaylım atəş üçün nəzərdə tutulan raketlər tətbiq olunur. Lakin artıq gizli deyil ki, “Polonez”in atəş idarəetmə sistemi bütün yuxarıda qeyd olunan spektrdəki raketlərdən istifadə etməyə qadirdir. Artıq Belarus hərbiçiləri bu sistemdən M20 raketini müvəffəqiyyətlə tətbiq ediblər. M20 raketi Çinin strateji raket qoşunlarının silahlanmasında olan “Dunfen-12” yaxın mənzilli ballistik raketinin məhdudlaşdırılmış modifikasiyası olduğundan, çox ehtimal ki, onları Çinlə xüsusi müqavilə ilə əldə etmək tələb olunur. Nazirimizin yazda Çinə etdiyi səfər çərçivəsində, ehtimal ki, bizim ölkəyə satılacaq “Polonez”lərdə həmin raketin istifadəsi haqqında razılaşma əldə oluna bilərdi. Çünki sistemi alıb, onun potensialından tam istifadə etməmək ölkəmiz üçün maraqsız olardı. M20 raketi “Dunfen-12” ballistik raketinin Raket texnologiyalarının yayılmaması müqaviləsinin şərtlərinə uyğun atəş mənzilinin kiçildilmiş formasıdır. Çəkisi 4050 kq olan bu raket 400 kq-lıq döyüş başlığını 400 km-də yerləşən hədəfə çatdıra bilir. Fikrimizcə, onun konstruksiyasında fundamental bir dəyişiklik edilmədən, döyüş başlığının çəkisini təxminən 20% artırıb 480 kq-a çatdırmaqla, atəş mənzilini də təxminən 20% azaldılaraq, 300 km-ə endirilib ki, bu da müqavilə şərtlərinə çavab verir. Bu raketin idarə edilməsi trayektoriyanın ilkin mərhələsində inersial (ətalətli yaddaşı olan) naviqasiya sistemindən, son mərhələdə isə əlavə olaraq peyk qlobal yerinitəyin (GPS, Baydoo), müxtəlif hədəfi tanıma sistemləri ilə təhciz oluna bilir ki, bu da hədəfə yüksək dəqiqliklə zərbəni təmin edir. Bundan əlavə, raketin trayektioriyasının kvaziballistik olması və onun bütün trayektoriya boyu müxtəlif metodlarla kəskin korreksiya edilə bilməsi, həmin sursatın müşayiətini raketdən müdafiə sistemlərinin tuşlayıcı qurğularının analitik-hesablayıcı maşınlarının imkanları xaricində, yaxud son həddində edir. Bu xüsusiyyət həmin tipli raketlər üçün xarakter xüsusiyyətlərdir. “İsgəndər” raketinin reklam olunan raket əleyhinə manevrləri xüsusi tətbiq olunmuş funksiya yox, məhz bu tipli idarəetmənin təzahürüdür. Belə idarəetmə metodu raketə əvvəldən planlaşdırılmamış bir taktiki xüsusiyyət verir ki, bu da onun trayektoriyasının qeyri-stabilliyidir. Həmin xüsusiyyət, qeyd etdiyimiz kimi, tutucu raket hücumundan müdafiə divizionlarından yüksək aparat məhsuldarlığı tələb etməklə yanaşı, yüksək energetik xüsusiyyətlərə malik zenit raketləri tələb edir. Bu xüsusiyyətlər isə yalnız ən müasir zenit-raket sistemlərində əldə olunub. 


Tam məsuliyyətlə demək olar ki, “İsgəndər” OTR-in M20 raket sistemlərindən heç bir taktiki üstünlüyü yoxdur. Artıq Çin dövləti elektron sənayesi elmi təqdiqat təcrübə konstrukor işlərində Rusiya sənayesindən heç bir sahədə geridə qalmır. Əksinə, element bazasına görə xeyli qabağa keçib. Bu da onlara hətta surətini çıxardıqları sistemləri daha effektiv şəkildə hazırlamağa imkan verir. 

Belə bir çoxfunksiyalı taktiki raket sisteminin ölkəmizdə olması onu dünyanın ən qabaqcıl hərbi sistemlərlə silahlanmış orduları sırasına çıxarır. 

Haqqında bəhs edilən çoxfunksiyalı raket atəş sistemlərinin idxalının diversifikasiyası (bir mənbədən asılı olmamaq) məsələsi də ordumuz üçün həll olunub. Əvvəldən ordumuzun silahlanmasında İsrail istehsalı olan “Lynx” çoxfunksiyalı raket atəş sistemi var idi. Müxtəlif kalibrli YARS raketləri ilə silahlanmış bu sistem üçün müasir ballistik LORA raketləri alınıb. Onun taktiki imkanlarının artırılması, Azərbaycanın raket-artilleriya qoşunlarının imkanlarını dəfələrlə artıraraq, dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdırdı. Artıq ölkəmizi “İsgəndər” raketləri ilə hədələmək mümkün deyil. Bu hədələri edənlər və onlardan qorxanlar onsuz da hərbi işdən xəbərsiz adamlar idi. Bu tipli silahların effektiv tətbiqi yüksək keyfiyyətli texniki kəşfiyyat tələb edir ki, Ermənistan ordusunda heç buna oxşar bir şey də yoxdur. Həmin səbəbdən bu raketləri, tam məsuliyyəti ilə yalnız psixoloji silah hesab etmək olar. Hərb əməliyyat dinamikası xüsusiyyətlərindən xəbəri olmayan əhalinin böyük bir hissəsinə belə xəbərlər əzici psixoloji təsir edir. Doğrudur, belə silahın yuxarıda göstərilən səbəblərə görə dinamik döyüş əməliyyatlarında effektivliyi olmasa da, böyük yaşayış məntəqələrində dinc əhaliyə qarşı kütləvi qırğın silahı kimi, stasionar infrastruktur obyektlərinə qarşı çox effektivdir. Bununla mübarizə isə ölkəmizin HHM qüvvələrinin və Mülki Müdafiə sisteminin birbaşa vəzifələridir. 

Ordumuz öz silahlanmasında olan çoxfunksiyalı taktiki raket sistemi “Lynx” daxilində yeni alınmış LORA Operativ-Taktiki raketini kommutasiya edərək, müdhiş operativ-taktiki imkanlar əldə etdi. Artıq düşmən təbliğatçılarının bizim əhaliyə psixoloji təsir imkanları nəinki sıfırlanıb, əksinə, öz müharibə tərəfdarlarını dərin depressiyadan çıxarmağa sərf olub. LORA raketləri hansı imkanları verir? Bu imkanları “İsgəndər” taktiki raket sistemi ilə müqayisə edək. 


Əvvəla qeyd edək ki, LORA raketinin bizim ölkələrimiz üçün olan modelləri və “İsgəndər” OTR-ləri öz uçuş məsafələrinə və daşıdığı partlayıcı maddələrin çəkisinə görə təxminən eynidirlər. LORA raketinin hədəfə uçuşu kvaziballistik trayektoriyada periodik korreksiya olunduğundan, o da “İsgəndər” kimi kəskin manevrlər edə bilir. Bu tip manevrlər, yuxarıda qeyd etdiyim kimi, raketin zenit vasitələri ilə tutulub məhv olmasını çətinləşdirir. Bununla da sistemlərin oxşarlığı sona çatır. 

Fərqləri isə daha mühümdür. 

Əvvəla atəş mənzili ilə döyüş başlığının çəkisini mütənasib olaraq dəyişmək imkanları LORA-da da böyükdür. Yəni zərbə endiriləcək məsafə daha yaxın olarsa, döyüş başlığının çəkisini 600 kiloqrama qədər çatdırmaq olar. Modul sistemi ilə qurulmuş raket buna imkan verir. 

İsgəndər və M20 raketlərindən fərqli olaraq, LORA qat-qat yüngüldür. Çəkisi 1600-1800 kq olan raketin atəş mənzili eyni çəkili başlıqla “İsgəndər”in və M20 raketinin atəş mənzili qədərdir. Bu o deməkdir ki, həmin raketin bərk yanacağı daha yüksəkenerjili kimyəvi qarışıqdan ibarətdir. Trayektoriya boyu orta sürəti 2,3 max ədədinə çatan bu raket heç bir parametrinə görə öz “rəqiblərindən” geri qalmır. 2100 m/san (6,3 max ədədi) sürəti ilə reklam olunan “İsgəndər” raketinin bu sürəti yalnız ilkin sürət yığma (təcil) mərhələsində əldə etməsinə bilərəkdən susulur. Halbuki, trayektoriyanın son mərhələsində bu raketlərin sürətləri bir-biri ilə eynidirlər. 

LORA raketlərinin eyni və ya daha yüksək taktiki xüsusiyyətləri olduğu halda, daha yığcam və azçəkili olması, onu adi yük avtomobili şassisində yerləşdirərək müxtəlif kuzovlar şəklində maskalamağa imkan verir ki, bu da gizli sarsıdıcı zərbə endirməyi asanlaşdırır. 


Bütün bunlar onu göstərir ki, ölkəmizin siyasi və hərbi rəhbərliyi bu silahlarla düşmənin ideoloji-təbliğat maşınının bel sütununu qırmaqla yanaşı, ordumuz üçün qəfil, yüksək konsentrasiyalı, sarsıdıcı zərbə imkanı yaradıb. Bu da əgər müharibə olarsa, əskər həyatını maksimum şəkildə qorumaqla, şiddətli hücum və müdafiə döyüşləri həyata keçirməyə imkan verəcək. Belə sistemlərin tətbiqi təcrübəsi göstərir ki, heç bir itki vermədən, çox təcrübəli və mobil hərəkət edən düşmənin bir tam heyətli alayını bir saat ərzində tam məhv etmək mümkündür. Müasir müharibələrdə bu heyətdən (birləşmədən) böyük qüvvələr artıq hücuma keçmir. Ona görə də ondan böyük birləşmənin bu taktika ilə məhv edilməsi təcrübəsi yoxdur. Lakin döyüş nizamnaməsinin müddəalarına uyğun gələn inikas (ekstrapolyasiya) metodunu təqdim edərsək, o vəzifənin mümkünlüyü heç bir şübhə doğurmur. 

Bu tipli döyüşlər ordumuz üçün mühüm və zəruridir. Vətən torpağı həmin torpaqda yaşayacaq insanlar üçün azad edilir. Həmin insanların həyatı döyüşlərdə də bu şəkildə ciddi qorunmalıdır. Müasir həyat göstərir ki, dövlətlərin ən zəruri və bahalı resursu insan resursudur. Onun qorunması naminə bəzən düşmənin həyasız provokasiyalarına susmaq da tələb olunur ki, zəruri ana qədər bu sahədə tam üstünlüyü yarada bilək və yaxud qoruyub saxlaya bilək.(ordu.az) 

Hərbi ekspert Vüqar Miraslanov 
Advertisement Banner

Şərhlər