Çempionat bitdi, ermənilərin xofu artdı - İrəvanın müharibə gözləntisi

17.07.2018 13:39     A-reaksiya     2307

Erməni baş nazirindən ordu ilə bağlı verilən tələsik əmrin pərdəarxası; Paşinyan həm qorxur, həm qorxudur, həm də...; Rusiya öz sərhədləri boyu hərəkətə keçməyə hazırlaşır - motiv...

Brüsseldə uzun fasilədən sonra Azərbaycan və Ermənistan XİN başçıları arasında reallaşan 4 saatlıq görüş bitər-bitməz, erməni tərəfi Qazax istiqamətində təxribata əl atdı. Təbii ki, düşmən layiqli cavabını aldı və bir diversant - 1984-cü il təvəllüdlü Karen Kazaryan ələ keçirildi. Hərgah, düşmən tərəf həmişəki kimi, onu da “psixi xəstə” kimi qələmə verir və heç vaxt orduda xidmət etmədiyini iddia edir.

Ancaq fakt-faktlığında qalır ki, Ermənistan Nikol Paşinyan baş nazir olandan sonra da sülh danışıqlarını sabotaj eləməkdə, Dağlıq Qarabağla bağlı yalnız müharibə riskinə işləyən absurd mövqe sərgiləməkdədir. Belə mövqe hətta işğalçı ölkənin əsas müttəfiqi Rusiyada da qıcıq yaradıb. İkinci tərəfdən, Moskva, prezident Vladimir Putin onsuz da öz komandasını anti-Rusiya kadrlarından yığan və ard-arda Qərbə reveranslar edən Paşinyandan hədsiz narazıdır.

Bəzi ehtimallara görə, Rusiyada futbol üzrə dünya çempionatı bitən kimi, nəhayət, Puitin onunla ciddi məşğul olacaq, Paşinyana ağrılı bir qulaqburması verib onu birdəfəlik Qərbdən uzaqlaşdıracaq, ya da daxili qüvvələrin əli ilə hakimiyyətdən salacaq. Paşinyanı ram eləmək üçünsə təkcə “Qarabağ kartı” yetərlidir...           

*****

“Versiyalar var ki, Azərbaycanı döyüş əməliyyatlarından Rusiyadakı dünya çempionatı çəkindirib. Çünki Bakı Rusiya amilini hesaba almaya bilməz. Hazırda müharibə ehtimalı heç vaxt olmadığı qədər yüksək olaraq qalır. Xüsusən də nəticəsiz danışıqlar prosesi fonunda bu ehtimal böyükdür”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Qarabağdakı separatçı rejim başçısının “təhlükəsizlik məsələləri üzrə müşaviri” Tiqran Abramyan deyib.

Tiqran Abramyan ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Azərbaycanın hərəkətlərindən görünür ki, o, müharibəyə hazırlaşır. “Qlobal siyasi, hərbi, təbliğati və iqtisadi müstəvidə baş verənlər Azərbaycanın hərbi planlarından xəbər verir. Bu planlar 10 gün, bir ay və ya bir il sonramı işə salınacaq, məlum deyil, bir şey aydındır ki, Azərbaycan müharibəyə hazırlaşır”, - deyə separatçı qeyd edib.

Maraqlıdır ki, məhz bu arada Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı orduya əmr verib. Belə ki, Paşinyan sosial şəbəkədə canlı yayım zamanı Qarabağ konflikti ilə bağlı hərbi-siyasi durumun gərgin olduğunu qeyd edərək bildirib: “Orduya sayıq və provokasiyalara qarşı hazır olmağı əmr etmişəm. Hərbi-siyası vəziyyət gərgindir. Bu, atəşkəs rejiminin pozulması halları ilə yanaşı, Azərbaycan tərəfinin bəyanatları ilə də bağlıdır. Hamı vətənin müdafiəsi üçün bütün işlərini saxlamağa hazır olmalıdır. Mənim oğlum da Qarabağda xidmət edir. Biz müdafiə olunaraq əks-hücuma hazır olmalıyıq”.

*****

Göründüyü kimi, Paşinyan bir yandan qorxur, bir yandan qorxudur, o biri yandan isə oğlunun da Qarabağda “xidmətdə” olduğunu gözə soxmaqla separatçı bölgədəki, Ermənistandakı olan-qalan ermənilərdə ruh yüksəkliyi yaratmağa çalışır. Ancaq bunlar populist gedişlərdən və heç vaxt baş tutmayacaq islahatları müharibə amilə ilə maskalamaq cəhdindən savayı bir şey deyil. Ermənilər ona görə inqilab edib hakimiyyəti dəyişmədilər ki, az sonra yad torpaqlar uğrunda boşuna qırılsınlar, onlar ilk növbədə öz həyat şəraitlərinin yaxşılaşması, ölkədə sosial ədalətin bərqərar edilməsi, korrupsiya sisteminin ləğvi, azad seçkilər və qanunçuluğun bərqərar olunması üçün Sərkisyan rejimini, Qarabağ klanını devirdilər.       

Paşinyan ile ilgili görsel sonucu

Paşinyan isə öz bacarıqsızlığına don geydirmək üçün Brüsseldə həyasızcasına bəyan elədi ki, “Azərbaycan bizə hücum eləsə, bu, Ermənistandakı demokratiyaya hücum demək olacaq”.

Ermənistanda demokratiya varmış... Bu, elə indidən özünü erməni xalqının gözündə təmizə çıxarmaq üçün atılan uğursuz addımdan savayı bir şey deyil. Çünki Azərbaycanın öz ərazilərini silah gücünə işğalçılardan təmizlənməsinin Ermənistandakı “demokratiya” ilə heç bir bağlılığı ola bilməz. Bu, absurddur. Eyni zamanda Paşinyanın və onun komandasının problemidir.

 

Ən əsası, belə nağıllara Qərbdə inanmırlar. Əks halda, ötən həftə Brüsseldə həm NATO sammitinin yekun bəyannaməsində, həm də Avropa Birliyi ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək ifadə olunmazdı...

*****

Çempionat və savaş məsələsi rusiyalı ekspertlərin də diqqətini çəkib. Söhbət həmçinin gərgin olan Ukrayna-Rusiya münasibətlərinin perspektivindən gedir. Bəzi iddialara görə, Moskva DÇ-2018 bitəndən sonra Ukraynaya qarşı Donbasda hansısa hərbi addımlara rəvac verə bilər. Lakin fərqli düşünənlər də var.     

“Rusiya futbol üzrə dünya çempionatından sonra Ukraynaya hücum etməyəcək”. Bu sözlər tanınmış rusiyalı politoloq Andrey Piontkovskinin Ukrayna mətbuatında dərc olunan məqaləsində yer alıb (axar.az).

Putin football ile ilgili görsel sonucu

“Putin Ukraynadakı seçkiyə fokuslanıb və öz namizədini prezident etmək istəyir. Bu müdaxilə total miqyasda olacaq və hətta ölkədə teraktlar törədiləcək. Moskvanın hədəfi hazırda eskalasiya deyil, hədəf bütün Ukraynaya nəzarətdir, yəni xaos yaratmaqdır. Əgər Prezident Vladimir Putin Ukrayna ilə bağlı Trampla sövdələşmə etsə də, ABŞ Kiyevə Moskvanın adamının gəlməsinə imkan verməyəcək”, - deyə o qeyd edib.

Putin trump ile ilgili görsel sonucu

Bunun belə olub-olmayacağını zaman göstərəcək. Bir məsələni artıq əminliklə qeyd eləmək olar ki, DÇ-2018-dən sonra Rusiya yaxın aylarda öz periferiyası boyu siyasi-diplomatik və hərbi aktivliyini artıracaq. O sırada Güney Qafqazla bağlı, Ermənistanın yeni, “qərbçi” rəhbərliyi ilə bağlı kritik qərarların veriləcəyi istisna deyil. Gözlər Kremldə...(Musavat.com)

 

Reaksiya.az

Şərhlər