Senat hücuma keçdi: Türkiyə Bransonu buraxdı, qaldı...

26.07.2018 14:33     A-reaksiya     1739

Helsinki görüşünün iki ölkə arasında 1-ci adamlar və hökumətlər səviyyəsində dialoq və kommunikasiyanın inkişafına zəmin yaratması hələ dövlətlərarası münasibətlərin inkişafı anlamına gəlmir.

Bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, bu, həm ABŞ-dakı sistemin özəlliklərindən, həm də dövlətin hazırkı prezidentə etimadsızlığından qaynaqlanır:

“Trampın Putinlə görüşdəki hal və davranışları ABŞ müəssəs-nizamında narahatlığa səbəb oldu, onlar Trampı cilovlamaq və Putinə yenidən mesaj vermək ehtiyacı hiss etdilər. Əslində Tramp iqtidara gəldikdən qısa müddət sonra qanunvericilər Rusiyaya qarşı Obama dövründə qəbul olunan sanksiyaları qanunlaşdırmaq (kodifikasiya) və yeni sanksiya qanunu (CAATSA) qəbul etməklə Trampın Moskva ilə münasibətlərdə manevr sahəsini daraltmış və güzəşt imkanlarını məhdudlaşdırmışdılar. Lakin CAATSA qanununda sərt sanksiyalar nəzərdə tutulsa da, boşluqlar var. Orada nəzərdə tutulan sanksiyaların bir çoxu avtomatik qüvvəyə minmir və onların tətbiqi icra hakimiyyətinin ixtiyarına buraxılır. Administrasiya ötən müddətdə bu qanunu bütün sərtliyi ilə tətbiq etmədiyi və orada əksini tapmış sanksiyaların az hissəsini reallaşdırdığı üçün Konqres narazı idi. Trampın NATO zirvəsindəki davranışları və Putinlə görüşdə sərgilədiyi tövr senatorlar üçün əsas yaratdı ki, yenidən bu məsələyə qayıtsınlar və boşluqları ortadan qaldırsınlar”.

Politoloq vurğulayıb ki, Rusiyanın maliyyə, enerji sektorlarına, oliqarxlara, dövlət müəssisələrinə qarşı sanksiyalar gücləndiriləcək:

"Senatorlar Lindsi Qrem (Lindsey Graham - R) və Bob Menendezin (D) həmmüəllifliyi ilə ikipartiyalı əsasda hazırlanan yeni qanun layihəsinə görə, CAATSA qanununda əksini tapmış sanksiyalar icra hakimiyyəti üçün məcburi qüvvəyə malik olacaq. Rusiyanın indiyədək sanksiyalardan kənarda qalmış suveren borcuna da sanksiyanın tətbiqi planlaşdırılır. Bu məsələ reallaşsa, ən təsirli sanksiya bu olacaq və Rusiya öz OFZ-ləri (Облигации Федерального Займа) vasitəsilə borc cəlb edə bilməyəcək. Rusiya iqtisadiyyatının ciddi fundamental problemləri var və neftin qiymətinin artması yaralara məlhəm olsa da, onları müalicə etmir (Palliativ effekt)".

Politoloqun sözlərinə görə, Rusiya hökuməti pensiya yaşını qaldırmaq (məzarda əməklilik), ƏDV-ni artırmaq kimi qeyri-populyar addımlara məcburdur:

“Putin bu işlərdən xəbəri olmadığını söyləyərək, “çar yaxşıdır, ətrafı pisdir” (“царь хороший, бояре плохие”) klassik yanaşmasını topluma aşılamaq istəyir. Sanksiyaların neqativ təsirləri isə tədricən, yavaş-yavaş özünü göstərir və göstərəcək. Rusiya hökuməti bu yaxınlarda ÜDM-in artımı ilə bağlı öz proqnozuna dəyişiklik edərək bu il üçün 1,9%-dən 1,2%-ə, gələn il üçün isə 2,2%-dən 1,4%-ə endirdi. Bu rəqəmlər “inkişaf etməkdə olan ölkə” kateqoriyasına aid Rusiya üçün əslində artım yox, staqnasiya deməkdir, yəni durğunluq. Başqa bir problem isə beyin axınıdır. Rəsmi məlumata görə, 2013-2016-cı illərdə Rusiyanı 44 min yüksək kvalifikasiyalı mütəxəssis tərk edib. Rusiya universitetlərinin tələbələri arasında aparılmış rəy sorğusunda tələbələrin yalnız 30%-i bildirib ki, istənilən şəraitdə vətənimdə qalaram, qalan 70%-in mühacirətə meyilli olduğu üzə çıxıb. Demoqrafik böhran - əhalinin sayının, o cümlədən əmək qabiliyyətli əhalinin azalması isə perspektivdə Rusiya üçün ekzistensial təhlükə yaradır".

Politoloq ABŞ-dakı Konqres-prezident çəkişməsinə də münasibət bildirib:

"Tramp Brüsseldə müttəfiq ölkə başçılarını hədələmişdi ki, ABŞ NATO-dan çıxa bilər. Senatorlar onun belə ciddi mövzuda spekulyasiyalar etməsini birdəfəlik dayandırmaq üçün qanun layihəsinə xüsusi maddə daxil ediblər ki, ABŞ yalnız Senatın qərarı ilə NATO-nu tərk edə bilər. Trampın son həftələr Konqresi əsəbiləşdirən, dövlət siyasətinə zidd başqa bir bəyanatı isə Krımın Rusiya ərazisi kimi tanınmasının nəzərdən keçirilə biləcəyi barədə idi. ABŞ-ın növbəti maliyyə ili üçün (1 oktyabr 2018-dən başlayır) nəzərdə tutulan hərbi büdcə qanununda Krımın Rusiya tərəfindən ilhaqının tanınması ABŞ hökumətinə qadağan edilib. Başqa bir qadağa isə Pentaqonun Rusiya ilə hərbi əməkdaşlığına şamil edilib, daha doğrusu, bu barədə Ukrayna hadisələrindən sonra tətbiq olunmuş qadağa uzadılıb. Ukraynaya 250 milyon dollar hərbi yardım (letal silahlar da daxil olmaqla), Avropada Rusiyanın aqressiv siyasətinə qarşı tədbirlər, o cümlədən Rusiya sərhədlərində ABŞ hərbi kontingentinin yerləşdirilməsi və onların təminatı üçün 6,3 milyard dollar ayrılıb. Bütövlükdə hərbi büdcə 717 milyard dollar həcmindədir və 2017-ci illə müqayisədə 111 milyard artım var".

Politoloq bildirib ki, hərbi büdcə layihəsində Türkiyəyə 5-ci nəsil “F-35” hərbi təyyarələrinin göndərilməsinə qadağa qoyulub:

"Səbəb Rusiya ilə S-400 sövdələşməsi və amerikalı yevangelist rahibin (Endryu Branson) həbsdə saxlanılmasıdır. Türkiyə bu gün “ev dustaqlığı” adı ilə pastoru həbsxanadan buraxdı. Qaldı S-400..."

Reaksiya.az

Şərhlər