"AZƏRBAYCANDA HEÇ KİMƏ DİNİ İNANCINA GÖRƏ TƏZYİQ EDİLMİR" - ALİM | Reaksiya

"AZƏRBAYCANDA HEÇ KİMƏ DİNİ İNANCINA GÖRƏ TƏZYİQ EDİLMİR" - ALİM

"Hamımız Azərbaycanda yaşayırıq və bilirik ki, heç kimə dini inancına görə təzyiq edilmir”. 
 
Bunu "Sherg.az”a açıqlamasında son günlər sosial şəbəkələrdə "Azərbaycanda dindarlara təzyiq edilir, din xadimləri sıxışdırılır, tolerantlıq pozulur” kimi absurd fikirlərə münasibət bildirərkən tanınmış sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib. 
 
Ziyalı bəyan edib ki, kimlərsə, inanc faktorundan istifadə edərək özlərinin siyasi və ya digər maraqlarını yürütmək istəyirlər: 
 
"Şübhəsiz ki, bu maraqlar dövlətin yeritdiyi ümummilli siyasətə zidd olduğu üçün həmin qruplaşmalara qarşı müəyyən tədbirlər görülür. Bu, həm dini, həm də siyasi aspektdən ola bilər. Lakin burada söhbət qətiyyən dindarlara və din xadimlərinə qarşı mübarizədən getmir. Ölkədə asayişin pozulmasına, gərginliyin yaranmasına səbəb ola biləcək hər hansı qüvvələrə qarşı reaksiya hər zaman ciddi olur. Cəmiyyətdə onlara qarşı kəskin münasibət formalaşır. Çünki burada təhlükəsizlik məsələsi ön plana çıxır. Görünür, bu istiqamətdə müəyyən addımların atılması sosial şəbəkələrdə və bəzi saytlarda kimlərdəsə reaksiya doğurub. 
 
Hamı bilir ki, dünyada son 30 ildə gedən gərgin proseslərin kökündə daha çox dini və etnik məsələlər dayanır. Nəzərə almaq lazımdır ki, dini və etnik zəmində qarşıdurma yaratmaq asandır. Təəssüf ki, təkcə Azərbaycanda deyil, dünya üzrə bu istiqamətdə çoxlu nümunələr var. Ona görə də ölkədə hansısa gərginliyi yaratmaq istəyən qüvvələrin əlində əsas vasitə ya dini, ya da etnik zəmində problem yaratmaq, bu həssas nöqtədən, gərginlik yaradan faktordan istifadə etməkdir”.
 
 
Alim vurğulayıb ki, xarici qüvvələr bundan öz mənafeyi üçün istifadə edə bilər:
 
"Əlbəttə, daxildə də etnik və dini zəmində problem yaratmaq niyyətində olan maraqlı qüvvələr fəaliyyət göstərir. Belə vəziyyətdə dini faktoru qabağa çəkərək dindarları qıcıqlandırmaq mümkündür. Bu siyasi texnologiyadan fürsət düşdükcə istifadə edilir. Bunu kifayət qədər dərindən bilən və lazım olan anda bəhrələnən mərkəzlər mövcuddur. Çox güman ki, dini gərginlik yaratmaqda onların da məqsədi var”.
 
Advertisement Banner

Şərhlər