İran-ABŞ qarşıdurması 3-cü dünya müharibəsinə səbəb ola bilər? - POLİTOLOQ RƏYLƏRİ

06.09.2018 14:01     A-reaksiya     1237

Natiq Miri: "Hörmüz boğazının bağlanması təkcə ABŞ-ı deyil, eyni zamanda neft satan bütün ölkələri İranın əleyhinə qaldıra bilər"

Məhəmməd Talıblı: "Belə bir strateji əhəmiyyətli boğazın bağlanması dünya bazarındakı qiymətlərə təsirsiz ötüşməyəcək"

Ramiyə Məmmədova: "Hörmüz boğazının bağlanması İranın özünə də ciddi ziyan vuracaq"

Heç kimə sirr deyil ki, ABŞ bu gün eyni vaxtda bir neçə dövlətə, daha dəqiq desək, Rusiya, Türkiyə və İrana, o cümlədən Avropa Birliyinə qarşı iqtisadi savaş elan edib. Bunun da nəticəsində rubl, lirə və real bir xeyli dəyərdən düşüb, hər üç ölkənin iqtisadiyyatına ciddi ziyan dəyib. Təbii ki, həm Kreml, həm Ankara, həm də Tehran Donald Trampın iqtisadi həmlələrinə adekvat cavab vermək məqsədiylə bir sıra tədbirlərə baş vururlar. Lakin görünən odur ki, hələlik bu iqtisadi savaş ABŞ-ın açıq üstünlüyü ilə davam etməkdədir. Məhz elə bu səbəbdən də Rusiya, Türkiyə və İran Tramp administrasiyasının geriyə addım atması üçün əllərində olan təsir rıçaqlarına baş vurmağı planlaşdırırlar. Məsələn, Rusiya BRİCS-i genişləndirməyi, Ağ Evə qarşı olan dövlətləri öz ətrafına çəkməyi, Türkiyə Kremllə daha da yaxınlaşmağı, İncirlik hərbi bazasını bağlamağı, İran isə Hörmüz boğazından keçidə blok qoymağı düşünür.

Vaşinqton Tehrana qarşı addımlarını bir qədər də sərtləşdirərsə, o zaman bu, Hörmüz boğazının bağlanması ilə nəticələnəcək

Heç şübhəsiz, ABŞ-a qarşı atıla biləcək bu addımların hər biri təsirli ola bilər. Lakin Hörmüz boğazının bağlanmasının nəinki Amerikaya, o cümlədən ərəb dövlətlərinə, hətta Avropaya ciddi promlemlər yaradacağı istisna deyil. Qeyd edək ki, İran rəsmilərinin mövzu ilə bağlı açıqlamalarından belə görünür ki, Vaşinqton Tehrana qarşı addımlarını bir qədər də sərtləşdirərsə, o zaman bu, Hörmüz boğazının bağlanması ilə nəticələnəcək. Məsələn, İran ordusunun korpus komandiri İsmayıl Kusəri bəyan edib ki, İran ABŞ-ın sanksiyalarını davam etdirəcəyi təqdirdə Hörmüz boğazından keçidə blok qoyacaq. Onun sözlərinə görə, əgər Ağ Ev Tehranın neft ixracını dayandırmasını istəyirsə, onda İran da Hörmüz boğazından heç bir neft keçidinə imkan verməyəcək. Bütün dünyanın İran neftinə və Hörmüz boğazına ehtiyacı olduğunu vurğulayan İsmayıl Kusəri hesab edir ki, Tehranın atacağı bu addım ABŞ-ın neft xərclərində 20 faiz artıma səbəb olacaq. Qeyd edək ki, təxminən bunabənzər açıqlama ilə İranın prezidenti Həsən Ruhani İsveçrədəki görüşləri vaxtı çıxış etmişdi. Belə ki, ABŞ-ın İran neftinin ixracını tamamilə dayandırmaq istədiyini bildirən Ruhaninin fikrincə, bunun nəticələri həddən artıq ağır ola bilər: "ABŞ rəhbərliyi İrana bir damla neft ixrac etməyəcəyik deyib. Bu bütün region neftinin ixrac edilməyəcəyi deməkdir. İran nefti ixrac edilməzsə, region neftinin ixrac edilməsi mümkün ola bilərmi? Əgər bunu etsəniz nəticələri ilə də barışmalısınız!". Bugünlərdə isə İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri də İran neftinin ixracına maneələr yaradılacağı təqdirdə neftin Hörmüz boğazı vasitəsi ilə dünya ölkələrinə çatdırılmasına imkan verməyəcəklərini bəyan ediblər. İran ordusu quru qüvvələrinin komandanı Əmir Heydəri də mövzu ilə bağlı açıqlamasında ABŞ-a qarşı sərt bəyanatlar səsləndirərək, Ağ Evi Hörmüz boğazını bağlayacaqları ilə təhdid edib. Xarici düşmənlərin, o cümlədən ABŞ-ın körfəzdəki hərbi qüvvələrinin İran silahlı qüvvələrinin gücü qarşısında heç bir addım ata bilməyəcəklərini iddia edən Əmir Heydəri Vaşinqtona və onun müttəfiqlərinə açıq-aşkar meydan oxuyub: "Bizim sərhədlərimiz dünyanın ən təhlükəsiz sərhədləridir. Silahlı qüvvələrimizin gücü qarşısında isə düşmənlər nəfəs belə çəkə bilməzlər. Bizim silahlı qüvvələrimiz düşmənlərin bölgədə atmaq istədiyi hər bir addımının qarşısını almağa çoxdan hazırdır. Hesab edirik ki, Hörmüz boğazı ya hamı üçün təhlükəsiz olmalıdır, ya da heç kəs üçün".

Vaşinqtonun məqsədi Tehranı ixrac etdiyi neftdən və onun gəlirlərindən məhrum etməkdir

Məlumat üçün bildirək ki, Tramp administrasiyası sanksiyalarla əlaqədar olaraq, müttəfiq və digər ölkələrdən bu ilin noyabr ayından etibarən İrandan neft idxalını dayandırmalarını tələb edib. Buradan da aydın şəkildə görünür ki, Vaşinqtonun məqsədi Tehranı ixrac etdiyi neftdən və onun gəlirlərindən məhrum etməkdir. İran rəsmilərinin açıqlamalarından sonra qəti əminliklə demək olar ki, əgər bu baş verərsə, o zaman Tehran Hörmüz boğazından keçidə blok qoyacaq. Nəzərinizə çatdıraq ki, Oman və Fars körfəzləri arasında yerləşən Hörmüz strateji əhəmiyyətli boğazdır. Çünki Yaxın Şərqdəki neft istehsalçılarını Sakit okean regionu, Asiya, Avropa və Şimali Amerika bazarları ilə birləşdirən bu boğaz vasitəsilə dünya neftinin 40 faizi nəql olunur. İranın özü də daxil olmaqla, ən böyük neft istehsalçılarından Səudiyyə Ərəbistanı xam neftinin 88 faizini, BƏƏ, Küveyt və Qətər hamısını, İraq 99 faizini Hörmüz boğazı vasitəsilə ixrac edir. Bu boğazdan sutkada 20-30 beynəlxalq tanker keçir. Eyni zamanda, bu boğaz Körfəz ölkələrində hasil olunan neft və qazın ABŞ, Yaponiya və Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut yoludur. 3 tərəfdən İran sahilləri və İran adaları ilə əhatə olunan Hörmüz boğazının əhəmiyyətini artıran səbəblərdən biri də odur ki, dünyanın qaza olan tələbatının təqribən 18 faizi buradan keçir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Yaxın Şərq və Körfəz Hərbi Analitik İnstitutundan Theodore Karasik hələ bir neçə il əvvəl Hörmüz boğazının bağlanmasının neftin qiymətini 2-3 dəfə artıracağını vurğulayıb. O hesab edir ki, boğazın bağlanmasından sonra gəmilərlə beynəlxalq yük daşınmaları, xüsusən neft daşınmaları dayanacaq və bu, dünya ölkələrinin iqtisadiyyatına böyük təzyiq olmaqla bərabər, neftin barrelinin 250 dollara qalxmasına gətirib çıxaracaq. Bugünlərdə Fransanın məşhur "Figaro" qəzetində dərc olunmuş məqalədə də deyilir ki, Hörmüz boğazının bağlanması neftin qiymətinin 200 dollaradək bahalaşmasına səbəb ola bilər.

Hörmüz boğazının bağlanması İranla ABŞ və onun müttəfiqləri arasında hərbi qarşıdurmaya səbəb ola bilər

Məsələnin maraqlı tərəfi ondadır ki, Hörmüz boğazının beynəlxalq hüquqi statusu İran və Oman sultanlığının qərarından asıldır. Yəni BMT-in beynəlxaq sularla bağlı konvensiyasına əsasən sülh şəraitində bu boğazdan digər ölkələrin hərbi gəmiləri də keçə bilər. Lakin müharibə şəraiti baş verdikdə, fövqəladə vəziyyət elan edilsə İran və ya Oman sultanlığı buradan keçən gəmiləri yoxlama hüququna malikdir. Məhz bütün bunları nəzərə aldıqda qəti şəkildə demək olar ki, Hörmüz boğazının bağlanılması İranla digər dövlətlər, daha doğrusu boğazın bağlanması maraqlarına zidd olan ölkələr arasında hərbi qarşıdurmaya səbəb ola bilər. Budur, artıq İran əleyhinə ciddi ultimatumlar səslənməkdədir. Belə ki, İranın Hörmüz boğazını bağlayacağı təqdirdə, Səudiyyə Ərəbistanının bu ölkəyə zərbə endirəcəyini bəyan edən Səudiyyə Ərəbistanının energetika naziri İbrahim əl-Muhənnanın sözlərinə görə, rəsmi Tehranın şimal hissəsi iranlılara, cənub hissəsi isə BƏƏ və Omana məxus olan strateji əhəmiyyətli Hörmüz boğazını bağlamaq səlahiyyəti yoxdur. O, bu qənaətdədir ki, əgər İran boğazı blokadaya alarsa, o zaman BMT Təhlükəsizlik Şurası hərbi müdaxiləyə sanksiya verəcək.

"Hörmüz boğazının İran tərəfindən bağlanması ABŞ və onun strateji müttəfiqi olan İsrailin quyusuna su tökmək anlamına gəlir"

Картинки по запросу Natiq Miri

Bu arada, mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq Natiq Mirinin sözlərinə görə, rəsmi Tehran Hörmüz boğazını bağlaması ilə bağlı zaman-zaman təhdid tipli açıqlamalar verib: "Təbii ki, bu da İrana tətbiq olunan enerji daşıyıcıları ilə bağlı sanksiyalarla əlaqəlidir. Bildiyiniz kimi, ABŞ İrana sanksiyalar tətbiq etsə də, neft və qazla bağlı sanksiyaları noyabr ayında tətbiq etməyi düşünür. O vaxta kimi isə indiyədək tətbiq olunan sanksiyaların nəticəsində İranın geriyə çəkiləcəyini düşünür. Bu baxımdan, İrana qarşı bütün sanksiyaların müəyyən mərhələlərlə tətbiq olunması planlaşdırılır". Politoloq bu qənaətdədir ki, İran öz növbəsində, bu ilin noyabr ayına qədər bu cür təhdid xarakterli açıqlamalar verməklə ABŞ-ın geri çəkilməsinə, planlarından imtina etməsinə çalışır: "Tehran düşünür ki, əgər İran öz enerji daşıyıcılarını dünyaya istədiyi şəkildə sata bilməyəcəksə, o zaman İran da digər dövlətlərin Hörmüz boğazından keçən və Qərbə gedən neft və qazın daşınmasına əngəl yaradacaq. Açığı, Hörmüz boğazının bağlanması o qədər də asan məsələ deyil. Hesab edirən ki, belə bir addım atılarsa, onda bu, təkcə ABŞ-ı deyil, eyni zamanda neft satan bütün ölkələri İranın əleyhinə qaldıra bilər. Əslində, bu, İran üçün arzuolunan hal deyil. Çünki bildiyiniz kimi, ABŞ onsuz da ərəb ölkələrindən, xüsusilə də Yaxın Şərqdə bir "Ərəb NATO-su" yaratmaq istəyir. Və bu "Ərəb NATO-su" İrana qarşı durmaq, ona savaş açmaq və çökdürmək üçün hədəflənib". Məhz elə bu səbəbdən də Natiq Miri hesab edir ki, Hörmüz boğazının İran tərəfindən bağlanması ABŞ və onun strateji müttəfiqi olan İsrailin quyusuna su tökmək anlamına gəlir: "Təbii ki, bu, regionda yeni bir təlaşa gətirib çıxara biləcək hadisə ola bilər. Bu baxımdan, düşünürəm ki, hələlik noyabr ayına qədər, yəni konkret neftlə bağlı sanksiyalar ortaya qoyulmadan tərəflərdən bu kimi bəyanatlar və təhdid xarakterli açıqlamalar gələcək".

"Bu cür strateji əhəmiyyətli boğazın bağlanması şübhəsiz, neftin qiymətinin qalxması üçün əsas ola bilər"

Картинки по запросу Məhəmməd Talıblı

Hörmüz boğazının bağlanmasının iqtisadi tərəfləri ilə bağlı fikirlərini öyrəndiyimiz "İqtisadi Təhlil İnstitutu" İctimai Birliyinin rəhbəri Məhəmməd Talıblı bildirdi ki, strateji əhəmiyyətli Hörmüz boğazın bağlanması neftin qiymətinin qalxması üçün əsas ola bilər: "Neft elə bir amildir ki, onu yalnız iqtisadi faktor olaraq qiymətləndirmək doğru deyil. Çünki qeyri-neft faktorları üstünlük təşkil edir. Məsələn, əgər dünyada tələb və təklifin praporsiyası dəyişirsə, bu, neftin qiymətinə öz təsirini göstərir. Bundan başqa, əgər dünyada mövsümi faktor varsa, onda bu da qiymətə təsir göstərir. Siyasi münasibətlər, hətta qasırğalar belə, neftin qiymətinə təsir edir. Odur ki, bu cür strateji əhəmiyyətli boğazın bağlanması şübhəsiz, neftin qiymətinin qalxması üçün əsas ola bilər. Neftin qiymətinin qalxması isə təbii ehtiyatlarla zəngin ölkələr, xüsusilə də ABŞ-ın sanksiyalarına məruz qalmış Rusiya və İran üçün oksigen funksiyasını yerinə yetirmiş olur. Yəni bu, onlar üçün əlavə bir nəfəslik rolunu oynayır. Çünki bunun nəticəsində onların rezevrləri artır. Beləliklə, sanksiyaların həmin ölkələrə təsirləri zərərsizləşdirilir. Odur ki, belə bir strateji əhəmiyyətli boğazın bağlanması dünya bazarındakı qiymətlərə təsirsiz ötüşməyəcək. Bundan xeyir qazanan isə neftlə zəngin ölkələr olacaq". İqtisadçı ekspertin fikrincə, Hörmüz boğazının bağlanması həm də dünyada gündəlik neft hasilatının tələbinə də öz təsirini göstərəcək.

"Hörmüz boğazının bağlanması ilə dünyada neft qıtlığı yarana bilər"

Картинки по запросу Ramiyə Məmmədova

İranın vitse-prezidentinin neftin ixracına Qərb sanksiyalarının tətbiqi təqdirində Hörmüz boğazının bağlanılacağına dair bəyanat verdiyini xatırladan politoloq Ramiyə Məmmədova qeyd etdi ki, bu bəyanatın verilməsinin ilk səbəbi ABŞ-ın nüvə silahı sazişindən qanunsuz çıxması ilə əlaqədardır: "Gördüyünüz kimi, bu gün İran tətbiq edilən sanksiyaları qanunsuz hesab edərək, ABŞ-ı Haaqa şəhərində yerləşən beynəlxalq ədalət məhkəməsinə verib və dünən (srağagün-red.) də məhkəmə baş tutdu. Hörmüz məsələsinə gəlincə, bildiyiniz kimi, İran artıq bununla bağlı bəyanat verib. Lakin bu, bir növ İranın özünü sığortalaması üçün atdığı addımdır. Rəsmi Tehran çox gözəl bilir ki, Hörmüz boğazının bağlanması yalnız ABŞ və neft daşıyan ölkələrə deyil, İranın özünə də ciddi ziyan vuracaq". Məhz bu səbəbdən də İran tərəfinin Hörmüz boğazı ilə bağlı bəyanatının elə də ciddi rol oynamadığını vurğulayan politoloqun sözlərinə görə, əgər ABŞ geri çəkilməsə, yəni sanksiyaları azaltmasa, bu, heç bir münaqişəyə səbəb olmayacaq: "Bildiyiniz kimi, ayın 7-də Tehranda İran, Rusiya, Türkiyə və Çin rəsmiləri görüşəcəklər. Yəni artıq anti-Amerika, anti-dollar siyasəti yeridən dövlətlər ortaq hərəkət etmək barədə qərara gəliblər. Belə ki, onlar ABŞ valyutasından istifadə etməməklə bağlı qərara gəliblər. Onlar ABŞ-ın sanksiyalarına qarşı strategiya qurmaqla, üzləşdikləri problemləri dəf etməyə, qarşı tərəfə adekvat cavab verməyə çalışırlar. Məsələyə məhz bu konteksdən yanaşdıqda, demək olar ki, Hörmüz boğazının bağlanması bir çox dövlətlərin ziyanına işləyə bilər. Çünki boğazın bağlanması ilə dünyada neft qıtlığı yarana bilər. Bu isə bir çox ölkələrin maraqlarına ziddir. Beləliklə də, İranın Hörmüzlə bağlı verdiyi bəyanat təkcə ABŞ-a deyil, eyni zamanda onun müttəfiqlərinə və neft ixrac edən ərəb dövlətlərinə də qarşı yönəlir. Düşünürəm ki, bütün bunları nəzərə alan İran hələlik belə bir addım atmayacaq. Bununla yanaşı, onu da qeyd etməliyəm ki, ABŞ-ın atacağı növbəti addım Haaqa şəhərində yerləşən beynəlxalq ədalət məhkəməsinin və ayın 7-də baş tutacaq görüşün nəticəsindən asılı olacaq".

Ramiyə Məmmədova bu qənaətdədir ki, bu gün ABŞ və onun müttəfiqləri ilə İran arasında hərbi qarşıdurma riski yoxdur: "Hazırkı şəraitdə tərəflər arasında müharibənin başlanması qeyri-mümkündür. Çünki belə bir müharibə bir ölkə ərazisində deyil, bir neçə ölkə ərazisində baş verə və bu da öz növbəsində, böyük fəsadlarla nəticələnə bilər".(hürriyyət)

Reaksiya.az

Şərhlər