Onlar siyasətə mərdlik və nəciblik gətirdi

Almaniya kansleri Angela Merkelin Bakı səfərindən sonra Prezident İlham Əliyevin bir həftə ərzində Rusiya, Qırğızıstan və Xorvatiyaya rəsmi səfərləri və aparılan müzakirələr, imzalanan müqavilələr Bakının təkcə çevik və uğurlu deyil, eyni zamanda, çoxvektorlu və çoxşaxəli (Rusiya, Orta Asiya, Avropa) istiqamətlərdəki xarici siyasətinin məntiqi nəticəsidir və bu da ölkəmizi bölgə, region və bütövlükdə dünya üçün əhəmiyyətli mövqeyə çıxarır.

Öncə Angela Merkelin səfərinə diqqət çəkək. Xanım kansler Cənubi Qafqazın 3 ölkəsinə səfər etmişdi və Azərbaycandan əvvəl Gürcüstan və Ermənistanda oldu. Gürcüstanda bu görüşün xüsusi məqamlarla yadda qaldığını iddia etmək üçün əsaslı səbəb yoxdur. Ermənistan səfəri isə hələ Paşinyan hakimiyyətə gəlməzdən öncə planlaşdırılmışdı və təbii olaraq kanslerin İrəvanda olduğu zaman heç bir ciddi müzakirə aparılmadı. Çünki Ermənistanda siyasi qeyri-müəyyənlik, Paşinyanın vahid xarici və daxili siyasət strategiyasının olmaması, bir-birini təkzib edən açıqlamaları Almaniya kanslerini ciddi müzakirələrdən çəkindirirdi. Yəni Merkelin Cənubi Qafqazın digər iki dövlətinə səfəri protokol xarakteri daşıyırdı.

Ancaq xanım Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə apardığı müzakirələr və bəyanatları iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində dövlət başçılarının qətiyyətli mövqeyi idi. Almaniya bir sıra Avropa ölkələri ilə yanaşı, Azərbaycanın tərəfdaşına çevrilib və mühüm məsələlərdə Bakıya dəstək verir. Merkelin də indiki ərəfədə Bakıya gəlməsinin iqtisadi əlaqələr, enerji təhlükəsizliyi ilə bərabər, Dağlıq Qarabağ problemi istiqamətində aparılan danışıqlara da müsbət təsir edəcəyi şübhəsizdir.

İkinci istiqamət Prezident İlham Əliyevin Rusiyaya səfəri və Soçidə Prezident Putinlə görüşü idi. 16 sazişin imzalandığı və olduqca mühüm müzakirələrin aparıldığı bu görüş Azərbaycan-Rusiya münasibətlərini daha üst səviyyəyə qaldırmaq üçün böyük zəmin rolunu oynayır.

Üçüncü xətt Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 6-cı sammiti idi və bu kifayət qədər mühüm tədbirdə Prezident İlham Əliyev Dağlıq Qarabağ probleminin ədalətli həlli ilə bağlı mövqeyini ortaya qoydu, Ermənistanın təcavüzkar ölkə olduğu bir daha dilə gətirildi. TDƏŞ kifayət qədər nüfuzlu qurumdur, onun da Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ortaya sənəd qoyması çox əhəmiyyətlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sammitdəki çıxışında xüsusi vurğuladı ki, BMT-nin, AB-nin, AŞ PA-nın, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının artıq Azərbaycan ərazisinin işğalı və Ermənistanın işğalçı olması ilə bağlı qətnamələri mövcuddur və bu yöndə TDƏŞ-in də belə bir sənəd imzalaması önəmlidir.

Hesab edirəm ki, Azərbaycan TDƏŞ-in Bakıda keçirilməsi nəzərdə tutulan növbəti zirvə toplantısında belə bir qətnamənin imzalanmasına nail olacaqdır.

Sevindirici haldır ki, 6-cı sammitdə Türkiyə Prezidenti cənab Ərdoğan da Azərbaycan Prezidentinin çıxışını dəstəklədi və Azərbaycanın problemlərinin həllində bu dövlətlərin üzərinə düşən vəzifələr barədə danışdı.

Digər mühüm məqam ondan ibarətdir ki, türkdilli dövlətlər bir araya gələ, birləşə və mühüm məsələlərlə bağlı ortaq mövqedən çıxış edə bilirlər. Xatırlayırıq ki, uzun müddət müəyyən çətinliklər vardı və türkdilli ölkələrdən bəziləri bu quruma qoşulmağa tələsmirdi. Ancaq zamanla bu narahatlıqlar da arxada qaldı və bu sammitdə fərqli bir mənzərə ortaya çıxdı: Tatarıstan, həmçinin Özbəkistan sammitdə müşahidəçi kimi iştirak edirdi. Hətta Macarıstanın baş nazir səviyyəsində bu sammitə qatılması xüsusi vurğulanmalıdır.

Bu təşkilatın yaranmasında Azərbaycan Prezidentinin xüsusi səyləri, təşəbbüsləri və xidmətləri vardır. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də qurumun formalaşmasında Azərbaycan Prezidentinin təşəbbüs və xidmətlərini xüsusi vurğuladı. TDƏŞ-in 2009-cu ildə Naxçıvanda keçirilən ilk sammitində diqqətçəkən məqamlardan biri də ad məsələsi idi. Hətta bir çox halda fikirlər səsləndirilirdi ki, niyə “türk dövlətləri” deyil, “türkdilli dövlətlər” ifadəsindən istifadə olunur. Əslində isə bu ifadə çox böyük uzaqgörənlik və incəliklə seçilmişdi. Belə ki, burda hədəf təkcə türk dövlətlərini deyil, bütövlükdə türk toplumlarını, türkdilli insanların yaşadığı bütün dövlətləri bir araya gətirməkdir. Düşünürəm ki, Prezident İlham Əliyevin bu niyyəti də artıq reallaşmaqdadır.

Dördüncü istiqamət Prezidentin Xorvatiya səfəridir ki, bu haqda siyasi şərhçilər hərtərəfli təhlillərlə çıxış ediblər. Bu təhlillərə yalnız bir məqamı əlavə edək: Prezident İlham Əliyev Xorvatiyada 3-cü onilliyini tamamlamağa yaxınlaşan bir ölkənin rəhbəri kimi deyil, yüz, ikiyüz yaşı olan dövlətin başçısı kimi qarşılandı. Bu da Prezident İlham Əliyevin siyasi çəkisinin, siyasi nüfuzunun ağırlığının göstəricisidir.

Bir daha təkrar edək ki, bütün bu yüksəksəviyyəli görüşlər qısa zaman kəsiyində reallaşdırıldı və Azərbaycanın şərq, qərb, şimal, cənub olmasından asılı olmayaraq, öz milli maraqları naminə yürütdüyü siyasətin mənzərəsini göz önünə gətirmək üçün olduqca maraqlı marşrutlardır.

Son bir həftənin diqqətçəkən məqamlarından biri də Prezident İlham Əliyevin və Nikol Paşinyanın səfərlərinə yerli və xarici politoloq, həmçinin medianın yanaşmasıdır. Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü öncəsi erməni mediasında ciddi müzakirələr gedirdi və bütün Ermənistan – istər media və siyasilər, istərsə də xalq olaraq – çox ciddi narahatlıq içərisindəydi. Ermənistanda bunlar müzakirə edilirdi: Görəsən, Putin Paşinyanı niyə çağırdı, ondan nə tələb ediləcək, Rusiya-Ermənistan münasibətlərinin taleyi necə olacaq və s. Çünki Paşinyanın bir ölkə rəhbəri olaraq dəngəsiz çıxışları, “Putinlə nə danışsam, gəlib meydanda sizinlə müzakirə edəcəm, qəbul ediləcək sənədlərlə bağlı qərarları siz verəcəksiz” tipli kütləyə hesablanmış gülünc bəyanatları kontekstində erməni xalqının güvənsizliyi anlaşılandır. Sözügedən görüşdən sonrakı bəyanatlar da vəziyyətin xeyli kritik olduğunu isbatlayır.

Amma Prezident İlham Əliyevin nəinki bu səfərləri, bu vaxtadək baş tutan yüzlərlə xarici səfərində, həmçinin ölkəmizə gələn dövlət başçıları ilə görüşlərində xalq, media və politoloqlar hər hansı narahatlıq yaşamayıblar. Çünki biz öz Prezidentimizdən tamamilə arxayınıq. Prezident İlham Əliyevin elə bir görüşü olmayıb ki, orada Azərbaycanın maraqları arxa plana keçsin. Hətta bağlı qapılar arxasında keçirilən görüşlərdən sonra o söhbətlərin məzmunu hansısa formada ortaya çıxanda məlum olub ki, Azərbaycan Prezidenti ölkəmizin maraqlarından bir addım belə geri çəkilməyib - hətta dünyanın fövqəldövlətlərinin rəhbərləri ilə olan görüşlərdə də…

Bu, Azərbaycan Prezidentinin ölkəsinə olan sevgisindən, bağlılığından, vətənpərvərliyindən, qətiyyətindən irəli gəlir. Biz də Prezidentimizə buna görə güvənirik və ölkədə məhz bu güvənin üzərində dayanan sabitlik mövcuddur. Nəticədə Azərbaycan vətəndaşları öz ölkələrində necə rahat yaşayırlarsa, əcnəbi turistlər eyni maraqla, əminliklə ölkəmizə gələ bilirlər.

Çörçilldən qalma və tez-tez istinad olunan məşhur bir ifadə var: “Siyasətdə daimi dostlar yox, daimi maraqlar var”. Prezident İlham Əliyev öz siyasəti ilə bu ifadənin nə qədər yanlış olduğunu təsdiqlədi. Azərbaycan Prezidenti siyasətə mərdlik və nəciblik anlayışlarını gətirdi. Prezidentimizin bütün çıxışlarında, ikitərəfli münasibətlərində biz Azərbaycanın maraqlarının qorunması qədər də qarşıdakı dost və tərəfdaş ölkənin maraqlarının nəzərə alındığını müşahidə edirik. İqtisadi terminlə desək, “həm qazanmaq, həm də qazandırmaq” siyasəti burada həm də mənəvi anlam daşıyır...

Bütün bu çoxşaxəli, prinsipial, ədalətli siyasətin nəticəsidir ki, Azərbaycan regionun liderinə çevrilib və dünya dövlətləri də artıq Bakı ilə münasibətlərini bu istiqamətdə qurur: Azərbaycan sürətlə cəzbedici ölkəyə çevrilir.

Yeri gəlmişkən xüsusi olaraq vurğulayaq ki, Azərbaycanın gənc dövlət olmasına rəğmən, insvestorlar və dünya dövlətləri üçün cəlbediciliyi həm də onun liderlərinin şəxsiyyəti, siyasi xadim olaraq cazibəsidir. Prezident İlham Əliyev Azərbaycanın simasını nə qədər gözəlləşdirirsə, digər tərəfdən bu ağırlıq, güc Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın üzərinə düşür. Mehriban Əliyeva Birinci vitse-prezidentlik vəzifəsindən öncə, Heydər Əliyev Fondunun prezidenti kimi bu yükü necə fədakarlıq və təmənnasızlıqla daşıyırdısa, indi məsuliyyət iki-üç qat artıb. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri olaraq öz fəaliyyətində İnsan amilini ön sıraya qoyan M.Əliyeva təkcə Azərbaycanda yox, dünyada mərhəmət, nəciblik, xeyirxahlıq simvolu kimi qəbul olunur. Azərbaycanlılar buna görə onu çox sevir və hörmət edirlər.

Bəs dünya üçün Mehriban xanımın fəaliyyətində diqqətçəkən başlıca məqam nədir?

Mehriban xanım öz fəaliyyəti ilə göstərir ki, istər maddi, istərsə də qeyri-maddi mədəni abidələr heç bir xalqa, ölkəyə məxsus deyil, bütövlükdə bəşəriyyətə məxsusdur. Tarixi abidələr, harada yerləşməsindən asılı olmayaraq, qorunmalı, mühafizə olunmalıdır. Yüzlərlə misal çəkmək olar ki, məhz Mehriban xanımın maddi və mənəvi dəstəyi ilə təmir və bərpa olunub, yenidən bəşəriyyətin mədəni xəzinəsinə qaytarılıb.

Əlbəttə, bu, böyük bir Ürək istəyir və insanlar bu səbəbdən onu “Qızıl ürəkli xanım” adlandırırlar.

Şəxsiyyətlərin cazibəsi də əslində sərhəd tanımır. Azərbaycanı Azərbaycan edən, Azərbaycanı güclü edən də bu Ürək və bu Cazibədir…

Aynur Camalqızı

Advertisement Banner

Şərhlər

Çox oxunanlar