“Dağlıq Qarabağ münaqişəsinin həllində kulminasiya nöqtəsi yetişib” - politoloq

25.09.2018 15:27     A-reaksiya     1706

“BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində danışıqlar da müsbət bir istiqamətdə dəyərləndirilməlidir”

Dünyanın diqqəti Nyu-Yorka, BMT Baş Assambleyasının növbəti sessiyasına dikilib. Baş Assambleyanın 73-cü sessiyasının açılışındakı ənənəvi ümumi müzakirələrdə 84 dövlət və 44 hökumət başçısı iştirak edəcək. Bu barədə BMT Baş katibi Antoniu Quterriş bəyan edib.

“Birləşmiş Millətlər Təşkilatı (BMT) beynəlxalq əməkdaşlığın əvəzolunmaz orqanıdır. 84 dövlət və 44 hökumət başçısının ümumi müzakirələrə gələcəyi faktı beynəlxalq ictimaiyyətin BMT-yə olan etimadını bir daha təsdiqləyir”, - o deyib. “Report”)

Qeyd edək ki, ümumi müzakirələr sentyabrın 25-də başlayacaq və oktyabrın 1-dək davam edəcək. Ənənəvi olaraq, açılışı Braziliya edir, onun ardından BMT-nin mənzil-qərargahının yerləşdiyi ölkə kimi ABŞ çıxış edir. Müzakirələrin ilk günündə - sentyabrın 25-də ABŞ prezident Donald Trampdan sonra Baş Assambleyanın nümayəndə heyətlərinə Türkiyə, Meksika, Fransa, İran və Qırğızıstan prezidentləri də müraciət edəcəklər. Gürcüstan prezidenti natiqlərin siyahısında sentyabrın 27-nə, Ermənistan və Moldovanın prezidentləri isə sentyabrın 28-nə təyin edilib. Sentyabrın 25-də BMT Baş Assambleyası çərçivəsində BMT-nin sülhməramlılığına həsr olunmuş iclas keçiriləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etməyəcək.  Bu sessiyada Azərbaycan təmsilçisi kimi xarici işlər naziri Elman Məmmədyarov çıxış edəcək.

Xatırladaq ki, prezident İlham Əliyev 2017-ci ilin sentyabrında Baş Assambleyanın 72-ci sessiyasında iştirak etmişdi. O, BMT tribunasından çıxış edərək Azərbaycanın nailiyyətləri və Ermənistanın işğalçılıq siyasəti barədə danışmışdı.

Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC -a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub. “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri BMT Baş Assambleyasının 73-cü sessiyasının ilkin gündəliyinə daxil edilib. Bu qətnamə layihələri Assambleyanın 72-ci sessiyası zamanı müzakirə olunmadığından, növbəti toplantının gündəliyinə müvafiq olaraq  41 və 35-ci bəndlər altında salınıb.  Sessiyanın gündəliyində ümumilikdə 175 bənd, o cümlədən, sülh və təhlükəsizlik, silahsızlaşdırma, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və s. məsələlər var.

E.Məmmədyarov ile ilgili görsel sonucu

E.Məmmədyarov Nyu-Yorkda yüksək səviyyəli görüşdə iştirak edib. “Report” xəbər verir ki, iclas dünyada narkotiklərlə mübarizə probleminə həsr edilib və BMT Baş Assambleyasının növbəti sessiyasının açılışı çərçivəsində keçirilib. ABŞ prezidenti Donald Trampın başçılığı ilə keçirilən iclasda BMT baş katibi Antoniu Quterriş də iştirak edib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Baş Assambleyanın işinə qatılacaq. Erməni baş nazir ABŞ prezidenti D.Trampla görüşmək arzusunda olsa da, onun istəyinin reallaşmayacağı bəlli oldu. Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilmir. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan deyib. “Paşinyan-Tramp görüşünün təşkili üçün müəyyən vaxt lazımdır. Biz ABŞ rəhbərliyi ilə bunun üzərində işlər aparırıq”, - Mnatsakanyan deyib. Bundan öncə Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək məqsədilə sentyabrın 23-də ABŞ-a səfər edəcək.

Sessiya çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən məlumat verilib. Əvvəlcədən bildirildiyi kimi, E.Məmmədyarovla Söhrab Mnatsakanyan arasındakı görüş sentyabrın 26-da, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə BMT Baş Assambleyası çərçivəsində keçiriləcək. Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Əndrü Sxofer - ABŞ) vasitəçiliyi ilə baş tutacaq. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq. Amma müşahidəçilər bu görüşdən ciddi nəticə gözləmirlər. Xüsusilə də Ermənistan rəhbərliyinin hərbi ritorikaya üstünlük verməsi, cəbhədəki təxribatların davam etdirilməsi Ermənistanın danışıqları pozmaqda israrlı olduğunu göstərir. İndi maraqlıdır, Ermənistan rəhbərliyi barədə xoş sözlər deyən BMT rəhbərliyi bu ölkənin on illərdir 4 qətnaməni yerinə yetirmədiyini xatırladıb, nəhayət, Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edəcəkmi? Çətin. 

Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar Ermənistan rəhbərliyi qeyri-adekvat bəyanatlarla çıxış edir, hətta görüşlərdən belə, imtina edir: “Həmçinin Ermənistan rəhbərliyi separatçı bir qurumu üçüncü bir ”tərəf kimi" danışıqlara cəlb etməyə çalışır. Məhz buna görə də sərhəddə, digər istiqamətlərdə atışmalar, təxribatlar davam edir. Fikirləşirlər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi buna digər dövlətlər də reaksiya verməlidir. Lakin bunun həqiqətən təxribat olduğu da məlumdur. Məhz bu istiqamətdə də düşünürəm ki, danışıqlar davam etməlidir". A.Nağıyevin fikrincə, artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində kuliminasiya nöqtəsi yetişib: “Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində danışıqlar da müsbət bir istiqamətdə dəyərləndirilməlidir. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri də orada iştirak edir və BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsi həyata keçirilmir, icra mexanizmi yoxdur. Buna görə də görüşlərin Nyu-Yorkda keçirilməsi və bunun müəyyən qədər irəliləyiş kimi dəyərləndirilməsi həm Azərbaycan, həm də Ermənistan üçün normal bir hal ola bilər”

Reaksiya.az

Şərhlər