Ermənistanı sülhə güc yolu ilə məcbur etmək lazımdır

09.10.2018 12:30     A-reaksiya     985

Qarabağ artıq 26 ildir ki, işğal altındadır. Dəfələrlə danışıq masasına oturulsa da heç bir nəticə əldə edilməyib. Səbəb isə məsuliyyət daşıyan beynəlxalq təşkilatların və həmsədr ölkələrin Ermənistana yetəri qədər təzyiq etməməsidir.

Əslində bu vəziyyətdə günahı bir az da özümüzdə axtarmalıyıq. Biz bu işin üzərində daha ciddi durub, beynəlxalq aləmin qarşısına daha sərt tələblərlə çıxsaq onlar da Ermənistan rəhbərliyinə öz sərt tələbləblərini bildirərlər. BMT sanki Azərbaycanı başından etmək üçün 4 qətnamə qəbul edib, ancaq bu qətnamələri Ermənistana tətbiq etdirə bilmir. Eynilə də ATƏT-in Minsk qrupu. Arada bir monitorinq keçirtməklə münaqişəni həll etdiklərini sanırlar. Bu isə sadəcə gözə kül üfürməkdir. Bu kimi güclü təşkilatların Ermənistan kimi kiçik bir dövlətə söz keçirə bilməməsi gülünc səslənir. Amma daha bir problem var ki, o da Qarabağ probleminin sülh yolu həllinə çalışılmasıdır.

İlk öncə onu deyim ki, nə qədər ki, Ermənistan bu gün Rusiyadan asılı bir dövlətdir bu danışıqlara getməz,  gedə bilməz. Bundan əlavə hazırki vəziyyətdə Qarabağın Azərbaycana qaytarılması Ermənistanın maraqlarına uyğun gəlmir. Ermənistanın  baş naziri Nikol Paşinyanın öz reytinqi üçün verdiyi bəyanatlar, cəbhədə törətməyə çalışdıqları təxribatlar və son olaraq baş nazirin həyat yoldaşı Anna Akopyanın nüfuzlu rus qadınlarını dəvət edib, onlarla birlikdə Qarabağa etdiyi səfər bunun bariz nümunəsidir.

Azərbaycan bütün bu olanlara hərbi təzyiq yolu ilə cavab verməli, Ermənistanın davamlı təxribatları fonunda Qarabağ probleminin sülh yolu ilə həllinin mürəkkəbliyini beynəlxalq aləmə anlatmalıdır. Düzdür, müharibəyə başlamazdan əvvəl beynəlxalq aləmin təzyiqindən siğortalanmaq lazımdır, ancaq nəzərə alsaq ki, Qərb ölkələrinin əksəriyyəti bu gün enerji təhlükəsizliyində Azərbaycandan asılıdır bunu etmək bir o qədər çətin olmaz. Qərb üçün “sülh yolu” işğalı sanki rəsmiləşdirməkdir. Bu bizim maraqlarla kəsişir. Hər bir erməni anadan olduğu gündən ölənə qədər dənizdən dənizə Ermənistan arzulayır, bu düşüncənin sahibi bir xaqla sülh bağlayıb, sərhədlərin açılması Azərbaycana təhlükədən başqa heç nə qazandırmaz. Ermənistanı güc yolu ilə məcburi sülhə sürükləməkdən başqa alternativ qalmayıb.

 

Kənan Paşayev

Reaksiya.az

Şərhlər