Qarabağda ABŞ və Rusiyanın gərgin MÜBARİZƏSİ BAŞLADI: Azərbaycana qarşı PLANLAR

Dağlıq Qarabağ ətrafında ABŞ və Rusiyanın köhnə prinsiplərə söykənən yeni oyunları müşahidə olunur.

Dünən ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “xarici işlər naziri” Masis Mailyanla görüşüb.

Görüş Xankəndində baş tutub və əsas müzakirə mövzusu ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin monitorinq imkanlarını genişləndirməklə bağlı müzakirələr aparılıb. Minsk qrupunun həmsədrləri sonuncu dəfə 29 oktyabr-2 noyabr tarixində regiona səfər etmişdi və bu səfərdə Kaspşik də iştirak edirdi. Təxminən 10 gün sonra Kaspşikin yenidən regiona gəlməsi və Xankəndində separatçıların “naziri” ilə görüşü diqqət çəkir.

Hədəf ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin monitorinq imkanlarını genişləndirmək adı altında “atəşkəsə nəzarət mexanizmi”nin yaradılmasıdır. Bu planı hazırlayan ABŞ məsələni yenidən gündəmə gətirib. ABŞ-ın ATƏT-dəki nümayəndəsi Qreqori Markis də bir neçə gün öncə bəyan etdi ki, “Həmsədrlər gərginliyin azaldılmasına və kommunikasiyaların yaxşılaşdırılmasına kömək edəcək müxtəlif təkliflər irəli sürürlər. ABŞ “atəşkəsə nəzarət mexanizmi” təklifini dəstəkləyir. Vaşinqton ümid edir ki, xarici işlər nazirlərinin qarşıdakı görüşündə müzakirələrə impuls olacaq”.

Maraqlıdır ki, Markisin bəyanatından dərhal sonra Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaş tərəfləri Qarabağda gərginliyi azaltmaq üçün əlavə ölçüləri qəbul etməyə çağırdı.

Burada ABŞ və Rusiyanın Qarabağ üzrə diplomatik döyüş apardığı açıq görünür. Həmsədirlərin regiona sonuncu səfəri zamanı rusiyalı həmsədr İqor Popovun Xankəndinə getməməsi də bu kontekstdə diqqət çəkdi.

Rusiya münaqişə ətrafında hakim mövqeyini saxalamağa çalışır, hətta ABŞ-ın təsirini aradan qaldırmaq üçün yeni format yaratmağı da planlaşdırdığı haqqında fərziyyələr var. Vaşinqtonun “atəşkəsə nəzarət mexanizmi”ni yenidən gündəmə gətirməsi də əslində Rusiyanın planları qarşısında “at gedişi” edir. Lakin burada bizim üçün əsas məqam “atəşkəsə nəzarət mexanizminin” kimin xeyrinə olmasıdır.

“Atəşkəsə nəzarət mexanizmi” münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması, silahsızlaşdırma, qoşunların hərəkətlərinin izlənilməsi, atəşkəs rejiminin pozulması hadisələrinin araşdırılması, bunun üçün regiona xüsusi “lokatorlar”ın yerləşdirilməsi kimi məsələləri əhatə edir. Atəşkəsi pozan tərəflər üçün sərt cəzalar, iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir.

“Roys-Engel ideyası” adlanan bu təklif konqresmenlər Ed Roys və Eliot Engelə məxsusdur. Hər iki şəxs açıq şəkildə erməni lobbisi şəbəkəsində təmsil olunurlar. Ed Roysun ABŞ-da Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən bir neçə il öncə yaradılan Ermənistana dəstək qrupunun həmsədri olması, Eliot Engelin onunla birlikdə qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində fəal çalışması kimi açıq faktlar var.

Birləşmiş Ştatların "Atəşkəsə nəzarət mexanizmi" hədəfi: Vaşinqton bu məsələdə dolayısı ilə Rusiyanın regional siyasətini vurur. Çünki Moskva münaqişənin həllində aktivlik nümayiş etdirərək, son nəticədə Qarabağa sülhməramlılarını yerləşdirmək, beləliklə Cənubi Qafqazda hakim mövqeyini qorumaq niyyətindədir. Atəşkəsə nəzarət mexanizminə əsasən beynəlxalq müşahidəçilərin Qarabağa yerləşdirilməsi də mahiyyət etibarilə rusların “mavi dəbilqələrinin” missiyasını daşıyacaq. Vaşinqton müşahidəçilər vasitəsilə münaqişəyə nəzarəti ələ alacaq və bu, Bakı ilə İrəvan üzərində böyük təsir imkanı deməkdir.

Mexanizmlər məsələsində Azərbaycanla Rusiyanın marağı üst-üstə düşür, lakin bu, o demək deyil ki, Moskva münaqişənin ərazi bütövlüyü prinsipinə uyğun həllinə sona qədər dəstək verəcək. Çünki rusların da hədəfi "mavi dəbilqəliləri" Qarabağa yeritməkdir.

Göründüyü kimi, Qarabağ ətrafında ABŞ-Rusiya qarşıdurmasının yeni mərhələsi başlanır.

Reaksiya.az

Advertisement Banner

Şərhlər