"2019-CU İL DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ PROSESİNDƏ MƏSULİYYƏTLİ İL OLACAQ"

04.12.2018 13:23     A-reaksiya     1041

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin vəzifəsini icra edən Zöhrab Mnatsakanyanın növbəti görüşü baş tuta bilər. Həmsədrlərin təşəbbüsü ilə reallaşacaq görüşün dekabrın 5-də Milanda keçiriləcəyi ehtimal edilir. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək. Deyilənə görə, görüş iştirakçıları münaqişənin həlli üzrə danışıqlar prosesinin müzakirəsini aparacaqlar. Xatırladaq ki, il ərzində XİN rəhbərləri bir neçə dəfə bir araya gəliblər. Lakin hər zaman olduğu kimi nazirlərin görüşündən nəticə hasil olmayıb. Ekspertlərə görə, Minsk Qrupunun həmsədrləri ilin yekun hesabatını hazırlamaq üçün tərəfləri mənasız da olsa bir araya gətirməyə çalışırlar. Bu səbəbdən növbəti görüşündə əhəmiyyətsiz olacağı iddia edilir. Lakin bunun əksini düşünənlər də az deyil.
 
Nazirlərin ehtimal edilən Milan görüşünü "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Ermənistanda parlament seçkisinin taleyi artıq indidən bəllidir. Ekspertin sözlərinə görə, Nikol Paşinyanın qalib gəlmək şansı daha yüksək olduğu üçün Ermənistan XİN rəhbəri Mnatsakanyan öz postunda qalacaq: 
 
"Münaqişənin nizamlanması istiqamətində xarici işlər nazirlərinin bir araya gəlişi ciddiyə alınmalıdır. Paşinyan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə baxışı, həm Azərbaycan, həm də həmsədr dövlətlər üçün maraqlıdır. Onu da nəzərə alaq ki, erməni siyasi elitasında hər zaman prezidentlər və xarici işlər nazirləri daha düşünülmüş bəyanatlar səsləndirirlər. 
 
 
Paşinyanın açıqlamaları populist olur və kütləyə ünvanlanır. Ölkənin XİN rəhbəri isə daha diqqətli bəyanatlar səsləndirir. Təbii ki, bunu Ermənistanın siyasi hakimiyyətinin taktiki siyasi gedişi saymaq olar. Hər halda yaxın aylarda İrəvan öz konkret mövqeyini ortaya qoymalıdır. Ümumiyyətlə, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində məsuliyyətli il olacaq. Azərbaycanın ordusu və siyasi mövqeyi durmadan güclənməkdədir. Belə olan halda Ermənistanın ağılsız addımları düşmən üçün baha başa gələ bilər”.
 

Şərhlər