Paşinyanın qələbəsi Azərbaycanın faydasına da ola bilər - ekspertlər

13.12.2018 14:58     A-reaksiya     948

Ziddiyyətli açıqlamalarına rəğmən, Qarabağ məsələsində onun müsbət addımlar atacağı istisna edilmir

Nikol Paşinyanın “Mənim addımım” alyansı parlament seçkilərində səslərin 70 faizini toplayaraq parlamentdə yerlərin çoxunu ala bildi. Onun seçkilərdə qalib gəlib hakimiyyətini möhkmləndirməsinin Qarabağ məsələsinə necə təsir edəcəyi barədə müxtəlif versiyalar irəli sürülür.

Bəziləri hesab edir ki, əslində Paşinyanın qələbəsinin Azərbaycana Qarabağ məsələsində xeyri var. O baxımdan ki, bu adam müharibə partiyasının təmsilçisi və lideri deyil, əlində silah Qarabağda döyüşməyib, Qərblə əlaqələrə meyllidir. Yəni beləsi ilə dil tapmaq daha asan olar, nəinki Qarabağ müharibəsinin iştirakçısı olan komanda ilə.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın bundan sonrakı strategiyası ölkəsini daxili və xarici siyasətini formalaşdırmaq olacaq: “20 il ərzində formalaşmış ölkə siyasətində kardinal dəyişikliklər edib, ölkənin siyasi kursunu Qərbə inteqrasiya etdirmək Ermənistanda daxili proseslərə ciddi təsir edəcək. Çünki Rusiya faktoru ölkədə müəyyən daxili proseslərə təsir etmək rıçaqını əlində saxlayıb. Qeyd edim ki, Paşinyanın əsas siyasətində müsbət məqamlar Qarabağ münaqişəsinin həllində atacağı addımlar ola bilər. Bu, həm Qərbdə, həm də Moskvada izlənir. Hesab edirəm ki, Azərbaycan kifayət qədər Paşinyana şans verdi ki, ölkəsində daxili proseslərdə müəyyən nəticələrə nail olsun. Cəbhədə sabitlik seçkilərin keçirilməsində Paşinyana əlavə daxili  reytinq qazandırdı. O, daima qeyd edir ki, onun baş nazirliyi dövründə cəbhədə nisbi sabitlik əldə edilib. Ermənistanın xarici işlər naziri Mnatsakanyan da əvvəlki iqtidarın siyasətini davam etdirməyəcəklərini vurğuladı. Bu, onu göstərir ki, Qarabağ klanından fərqli olaraq  indiki iqtidar Qarabağ münaqişəsində müəyyən razılaşmalara gedə bilər. Çünki ölkədə demokratiya və siyasi islahatların müsbətə doğru dəyişməsində münaqişənin həlli mütləqdir.

Bunu Paşinyan da çox yaxşı bilir. Ona görə də növbəti aylarda biz rəsmi İrəvanın danışıqlarda mövqeyini tam aydın görəcəyik. Milanda keçirilən ATƏT-ın  nazirlər şurasının iclasında Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin razılaşdırılmış birgə bəyanatı göstərir ki, Ermənistanın siyasətində müəyyən dəyişikliklər gözlənilir. Bu birgə bəyanat növbəti danışıqlarda Ermənistanın substantiv danışıqılara getməsi üçün əsas da ola bilər. Ermənistanda yeni sistem qurulur. Bu sistem Rusiyadan asılı deyil. Qərbə inteqrasiya kursu götürərək, regionda müəyyən dəyişikliklərə gətirə bilər. Qərb rəsmi İrəvandan işğal olunmuş ərazilərin boşaldılmasını ona görə istəyir ki, Rusiyanın regionda mövqeləri zəifləsin, Ermənistanın Qərbə inteqarsiya siyasəti müsbət sonuclansın. Biz növbəti altı ay ərzində Ermənistanda baş verənlərin Qarabağla bağlı hansı təsirlərinin olacağını görə biləcəyik. Çünki bu istiqamədə Paşinyan münaqişənin həllində addım atmasa hərbi təzyiqlərlə üzləşəcək. Bu da onun hakimiyyətini laxladacaq. Ona görə də yaxın aylarda çox ciddi proseslərin şahidi olacağıq”.

Bir sıra politoloqlar isə qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Nikol Paşinyanın təzadlı fikirləri var. Ona görə də Ermənistanın yeni hakimiyyətinin bu münaqişənin həlli ilə bağlı siyasətinin konkret nədən ibarət olduğunu demək çətindir. Paşinyan gah sülh, gah da müharibə çağırışları edir.

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, Ermənistanda hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacaq. Onun fikrincə, Paşinyanın təzadlı çıxışlarına baxmayaraq, o münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bütün hallarda Paşinyanın qələbəsi Azərbaycanın xeyrinədir: “Onun bəzən aqressiv çıxışlarını, oğlunu Qarabağa hərbi xidmətə göndərməsini müşahidə edirik. Amma inqilabdan əvvəl dəfələrlə deyirdi ki, Dağlıq Qarabağ münaqişəsini sonlandırmaq lazımdır. Bu münaqişə sülh yolu ilə həll olunmalıdır. O vurğulayırdı ki, bütün ölkəni, bütün Ermənistanı Qarabağa qurban verə bilmərik. İndi o, hakimiyyətin başındadır və cəmiyyət üçün başqa şüarlar səsləndirir. Amma beynində münaqişənin sülh yolu ilə həllini düşünür. Bu da xeyir edir bizə. Qarabağda sülh olmalıdır. Yeni hakimiyyət Avropaya, Amerikaya doğru getmək istəyir. Bu yaxınlarda Donald Trampın köməkçisi Ermənistana səfər edəndə də bildirmişdi ki, işğal altında olan torpaqlar geri qaytarılmalıdır. Ermənistanın əvvəlki hakimiyyəti - Qarabağ klanı sülh danışıqlarında kompromisə getmirdi. Paşinyan isə konstruktiv mövqe tuta bilər”.

Reaksiya.az

Şərhlər