Ankaradan İrəvana 2 tələb, NATO-dan Bakıya mühüm jest

13.12.2018 15:33     A-reaksiya     679

Qarabağ məsələsi, ərazi bütövlüyümüz qardaş ölkənin və Alyansın diqqətində; Azərbaycan daha bir tarixi görüşə ev sahibliyi etdi; amerikalı general Azərbaycanı “NATO-nun etibarlı və fəal tərəfdaşı” adlandırdı...

Türkiyə prezidentinin Administrasiyası Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanı pərt edib. Xəbər verildiyi kimi, 9 dekabr parlament seçkilərindən dərhal sonra verdiyi ilk açıqlamalarından birində Paşinyan qardaş ölkə ilə sərhədlərin qeyd-şərtsiz açılmasına hazır olduqlarlını demişdi. Rəsmi Ankaradan bu bəyanata cavab gecikməyib.

Prezident Administrasiyasından bir daha bəyan edilib ki, Azərbaycan torpaqları, Qarabağ işğal altında qaldıqca Ermənistanla sərhədlər açılmayacaq (Trend). Türkiyə iki qonşu ölkə arasında əlaqələrin bərpası üçün daha bir tələb irəli sürüb: “İrəvan həmçinin, 1915-ci ildəki məlum hadisələri Türkiyənin soyqırım kimi tanıması tələbindən əl çəkməlidir”.            

Qardaş ölkənin irəli sürdüyü bu iki haqlı tələb-şərt əslinə qalsa, gözlənilməz olmadı. Budəfəki mesaj həm də Nikol Paşinyanın güvəndiyi Qərbə - ABŞ-a və Avropa Birliyinə ünvanlanıb. O anlamda ki, Ermənistanı Rusiyadan daha da uzaqlaşdırmaq üçün nə vaxtsa sərhədlərin açılmasına ehtiyac yarananda Qərb paytaxtları Türkiyəyə təzyiq eləməsin, öncə işğal məsələsi diqqət mərkəzində saxlasın.  Əks halda, “Sürix protokolları”nın aqibətinə bənzər fiasko yaşanacaq.         

*****

Ankara ile ilgili görsel sonucu

Bu arada qardaş ölkənin üzv olduğu NATO-nun Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR), amerikalı general Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Xatırladaq ki, bu, onun paytaxtımıza ikinci səfəridir. Xəbər verildiyi kimi, srağagün onu Azərbaycan prezidenti İlham Əliyev qəbul edib. Görüş zamanı İlham Əliyev Azərbaycan-NATO əməkdaşlığının uzun tarixə və geniş gündəliyə malik olduğunu bildirib və özünün bu ilin iyulunda Brüsselə etdiyi səfəri, orada NATO sammitində iştirakını xatırladıb. Brüssel səfərinin ikitərəfli əlaqələrə pozitiv təsir göstərdiyini vurğulayıb.

NATO generalı Azərbaycan prezidentinə öncə başçılıq elədiyi nümayəndə heyətinə göstərilən sayğıya görə təşəkkür edib. NATO-Rusiya formatında görüşlərin keçirilməsi üçün Bakının ən əlverişli məkan olduğunu söyləyib. Azərbaycanın ikinci dəfə belə görüşə ev sahibliyi etməsinin önəmini xüsusi vurğulayıb və Azərbaycanı NATO-nun etibarlı və fəal tərəfdaşı adlandırıb. 

Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla növbəti görüşü çərçivəsində NATO generalı Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla da bir araya gəlib. Görüş zamanı bölgədəki hərbi-siyasi vəziyyətə toxunan N.Sadıkov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb. NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən N.Sadıkov Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini bildirib.

General Skaparotti isə Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib. Ən önəmlisi, NATO generalı Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

General Skaparotti ile ilgili görsel sonucu

*****

Yada salaq ki, NATO Parlament Assambleyasının Dağlıq Qarabağ ixtilafı ilə bağlı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə edən konkret sənədləri var. Təxminən üç ay öncə NATO baş katibinin müavini, xanım Rouz Qotemüller Bakıda olanda analoji bəyanat verərək, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli vacibliyini vurğulamışdı.  

Yüksək çinli NATO generalının Bakıya budəfəki, işğalçı Ermənistanda keçirilən parlament seçkilərindən cəmi iki gün sonraya təsadüf edən səfərinin özü, eləcə də dünyanın ən böyük siyasi-hərbi bloku kimi NATO-nun ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstək şübhəsiz, İrəvana ismarışdır. Eyni zamanda, Azərbaycanın bölgədə Alyans üçün Ermənistandan qat-qat vacib dövlət olduğunun təsdiqidir.

Doğrudur, səfər Rusiya generalı ilə görüş səbəbi ilə reallaşıb. Ancaq bunun özü də istər Alyans, istərsə də Rusiya tərəfindən ölkəmizə qarşı etibarın və etimadın, verilən dəyərin, habelə Bakının balanslı siyasətinə hörmətin təzahürüdür. Yoxsa görüş üçün ev sahibliyi qismində postsovet məkanının hansısa başqa şəhəri, məsələn, Astana da seçilə bilərdi.

Yəni söhbət həm də Azərbaycanın nüfuzuna və strateji əhəmiyyətinə verilən qiymətdən, paralel surətdə ölkəmizin dünyada önəmli bir məkan kimi təbliğindən gedir. Bunlar, əlbəttə ki, Azərbaycana ərazi iddiası olan işğalçı Ermənistan üçün xoş deyil, olmayacaq. Xüsusən də düşmən ölkənin yeni, özünü qərbpərəst sayan rəhbərliyi üçün heç xoşagələn deyil. Azərbaycana işğalçı ölkənin müttəfiqi Rusiyanın verdiyi önəmi, generalların görüş yeri kimi yenə Bakını seçməsini də bura əlavə eləsək, İrəvanın təlaşı üçün əsaslar daha ciddi görünər...

Reaksiya.az

Şərhlər